İstək. İnam. İradə. İştirak.

Sunday, January 29, 2012

AZADMEKAN.ORG saytına müsahibəm (22.01.2012)

- Erkin bəy, "54+35"lərin bəyanatı ilə bağlı mövqeyiniz fərqli oldu və bu mövqeyinizi kifayət qədər əsaslandırdınız da. Sizcə, bəyanat müəllifləri Rafiq Tağının qatili ilə bağlı birmənalı ünvan göstərməkdə dərəcədə haqlıdırlar? Kimlərinsə fətva verməsi sonradan bu fətvanın icrasını alqışlaması bu cür rəyə gəlməyə əsas verirmi?
- Öncə onu deyim ki, mən bəyanatın və ya onun müəlliflərinin əleyhinə çıxış etməmişəm. Müəlliflərin niyyətinə şübhə etməyə heç bir əsasım yoxdur. Onların əksəriyyətini şəxsən tanıdığıma görə, demirəm. Sadəcə, hər kəsin ifadə azadlığına inandığıma və yüksək dəyər verdiyimə görə, deyirəm. İfadə azadlığı haqlı olmaq azadlığı demək deyil. Çoxlarına elə gəlir ki, ifadə azadlığı ancaq həqiqəti söyləmək azadlığıdır. Belə olsa idi, onun hüquq üçün heç bir anlamı və dəyəri olmazdı. İfadə azadlığı ifadə olunan mənanın doğruluğunu müəyyən etmir. Bu azadlıq həm də haqsız olmaq azadlığını ehtiva edir. Cəmiyyətimizdə fərqli fikrə qarşı dözümsüzlük xeyli dərəcədə bu azadlığın yanlış qavranıldığından qaynaqlanır. Mübahisə tərəfləri haqlı olduqlarına aşırı dərəcədə inandıqlarından başqalarını inandırmağa ehtiyac duymurlar, öz inanclarını mütləq həqiqət hesab edərək başqalarının həqiqətlərini görmək istəmirlər. Haqsızlığı başqa bir haqsızlıqla həll etməyə cəhd edirlər. Radikallıq da buradan yaranır. Şəxsən məni bu çox narahat edir. Məlum bəyanata qoşulmamağımın səbəbi özümü bəyanatın mətnində görməməyimdir. Bəyanata münasibətim onun müəlliflərinə və ya onların qarşı çıxdıqları tərəfə münasibətim kimi yozulmamalıdır. Bəyanata münasibətim kimliyimin ifadəsidir. Sadəcə, mən başqa fikirdəyəm, fikirlərimi də kimsəyə təlqin etmədən söyləyirəm. Hesab edirəm ki, bəyanatın müəllifləri üslubu və ünvanı yanlış seçərək Rafiq Tağının öldürülməsi ilə bağlı yaranmış haqlı narahatlığı əhəmiyyətsizləşdirdilər. Məqsədləri narahatlığı ifadə etmək idisə alınmadı. Bu bəyanatdan sonra gündəm kəskin şəkildə dəyişdi. Gündəm artıq Rafiq Tağının öldürülməsi deyil. Sanki, heç zaman da deyildi. Hamı bu qətldən öz ideoloji məqsədləri üçün əlavə fürsət kimi yararlanmağa cəhd edirmiş kimi davranır. Belə olanda kimin birinci başlamasının heç bir əhəmiyyəti qalmır. İstinad etdiyiniz fətvaya heç nə bəraət qazandıra bilməz. Heç bir ağlabatan və ürəyəyatan izahı yoxdur həmin o fətvanın. Ola da bilməz! Rafiq Tağının öldürülməsini alqışlamaq isə insaniyyətə ziddir və bunun İslamla qətiyyən əlaqəsi yoxdur. Kiminsə özünü müsəlman sayması hələ onun doğrudan da, müsəlman olması anlamına gəlmir. Əslində, insan müsəlman olduğuna əmin ola bilməz, ancaq ümid edə bilər. Bunu ancaq Allah bilir. Allaha inam hər bir inanclı insandan özünə şübhə və tənqidlə yanaşmasını tələb edir. İnsan hər zaman öz düşüncə və duyğularını təftiş etməlidir ki, azmasın, qapanmasın, korlanmasın.


Rafiq Tağının qətlində "islamçı" izi?!


- Açıqlamanızda demisiniz ki, demokratiya insan haqları cəmiyyətimizə yad olmadığı kimi, İslam da qətiyyən yad deyil. Rafiq Tağının qətli dindarlara gedib çıxırsa belə, məlum bəyanatda yanlış radikal düşüncəni deyil, İslamı hədəfə almaq dərəcədə doğrudur?
- Rafiq Tağının öldürülməsi cinayətdir. Bu işin orası-burası yoxdur. Rafiq Tağının bıçaqlandıqdan sonra deyil, xəstəxanadakı uğurlu əməliyyatdan sonra adi palatada öz qusuntusunda boğulmadan ölməsi ayrıca narahatlıq yaradan və xüsusi araşdırma tələb edən məsələdir və ölümün birbaşa səbəbi haqqında əlavə şübhələrə təhrik edir. Cəmiyyətimizdəki siyasi problemlərin fonunda şübhələr asanlıqla qorxulara çevrilə bilir. Bunun üzərinə İslamın bütövlükdə qorxunc bir şey kimi təbliği də gələndə, ilk şübhələrin yanlış olaraq "islamçılar" adlanan qeyri-müəyyən çevrəyə yönəldiyi təəssüf ki, təəccüblü görünmür. Bu, çox təhlükəli yanaşmadır. Cinayət məsuliyyəti mütləq fərdidir. Hətta qrup tərəfindən törədilən cinayətlərdə məsuliyyət qrup üzvlərinin cinayətdə fərdi iştirak dərəcəsinə görə müəyyənləşdirilir, qrupda üzvlüyə görə deyil. Doğrudur, bəzən qrupda sadəcə, üzvlük cinayət məsuliyyəti üçün əsas verə bilər, amma bunun üçün qrupun özü qanunvericilikdə aydın şəkildə qadağan olunmalı və belə qrupda üzvlük cinayət kimi təsbit edilməlidir. Rafiq Tağının "islamçılar" tərəfindən öldürüldüyünü iddia edənlər nə təklif edirlər? "İslamçılar" nə deməkdir? Kimdir "islamçılar"? Doğrudanmı Rafiq Tağını onlar öldürüb? İslam, bəyanat müəlliflərinin eyham etdikləri kimi, doğrudanmı təcavüzkar dindir? Bu və başqa əlaqəli suallara aydın cavab verilmədən və belə cavab qarşı tərəflə razılaşdırılmadan, müzakirə ümumiyyətlə, alınan deyil. Mübahisə tərəfləri bir-birilərinə qarşı yönəlmiş klişe və stereotilpərlə düşünürlər. Bu da əlavə problemdir. Tutaq ki, Rafiq Tağını doğrudan da, dindar bıçaqlayıb. Ola bilsin, adama çox gec çatıb. İndi öyrənib ki, az qala 6 il öncə İranda kimsə ölüm fətvası verib. 6 il ərzində heç bir dindarı həmin fətva hərəkətə gətirməyib, bu isə indi ayılıb, gedib və öldürüb. Özü də, deyəsən, bu ehtimal olunan dindarın beynəlxalq vəziyyətdən xəbəri də yoxdur, bilməyib ki, İrana hərbi müdaxilə hazırlıqları haqqında danışılır. Adam qısadüşüncəli olub, bilməyib ki, törətdiyi qətlin dərhal İranın Azərbaycana qarşı məkrli planları ilə əlaqələndirmək həvəskarları tapılacaq. Bəlkə, əksinə, qatilin özü çox məkrli olub və qətlin məhz İranın dini təsiri ilə əlaqələndirilməsini istəyib? Bəlkə, onda, o adam heç dindar da olmayıb? Daha bir çox başqa şeyləri təsəvvürə gətirmək və bəlkə hətta sübut da etmək olar. Amma indi bu suallar təəssüf ki, gündəmin əsas sualları deyil. Bəyanatın müəllifləri bəlkə də istəmədən, gündəmi dəyişdirdilər. Gündəm indi dünyəviliklə dindarlığın qarşıdurması kimi təqdim olunur. Mən dünyəviliyin inanclı müdafiəçisiyəm. Amma mənim inandığım dünyəviliyin heç bir dinlə problemi yoxdur. Dünyəvilik ateizm deyil axı.


"Şayiələr, şübhələr, qorxular insanların zehni enerjisini alır"


- Azərbaycan hakimiyyəti bu dəfə jurnalist qətlinin üstünü açmaqda maraqlı görünmür. Rafiq Tağının qətlindən 2 aya yaxın vaxt keçsə , istintaq cinayətin sifariş icraçılarını müəyyən etməyib. Bu acı təcrübə vaxta qədər davam edəcək, bu tendensiya ilə hansısa formada mübarizə mümkündürmü
- Biz çox şeyi bilmirik. Ola bilsin, bu cinayət çoxlarının düşündüyü kimi sadə deyil. Hüquq-mühafizə orqanlarına haqlı inamsızlıq təsəvvürləri xeyli çətinləşdirir. Ümumiyyətlə, indi cəmiyyətimizdə vəziyyət elədir ki, hamı bilmədikləri üzərində mühakimələr yürüdür. Şayiələr, şübhələr, qorxular - bunlardır insanlarımızın əsas zehni enerjisini alanlar. Məlumatsızlıq çox təhlükəli siyasi problemdir. Ümumi məlumatsızlıq şəraitində əksəriyyətin inandığı hətta yanlış bir şey doğru kimi görünə bilər. Həmin zaman doğrunu bilən azlığa kimsə əhəmiyyət verməyəcək. Yanlış təsəvvürlər təcrübəyə çevriləcək. Toplum olaraq yanıldığımızı anlayanda görəcəyik ki, artıq çox gecdir. Siyasi əhəmiyyəti olan və bu günə qədər açılmamış qalan cinayətlər problemi istintaq orqanlarından qaynaqlanmır. Bu, ümumi siyasi problemdir. Siyasi sistem köklü şəkildə dəyişməsə, bu problem də davam edəcək.


"Bu durumda ziyalı etiraz etməsin, neyləsin?"


- Hakimiyyət nümayəndələri az qala, hər gün Ziyalılar Forumunun fəaliyyətini qaralayan açıqlamalar verirlər. Azərbaycandakı gerçəklərin məhz ziyalıların dili ilə deyilməsi hökuməti niyə bu qədər narahat edir?
- İndiki hökumət özü-özünün düşmənidir. Belə hökumətə heç müxalifət də lazım deyil. Özləri öz nailiyyətlərini əldən verirlər, gördükləri doğru işləri də batırırlar. Özü də bunu aşkarca edirlər. Bu iqtidarın siyasəti nəticəsində cəmiyyətimiz şöhrətin ləyaqətdən, həqiqətin ədalətdən, uğurun zəhmətdən, anlayışın qanacaqdan asılı olmadığı bir vəziyyətə düşüb. Bu durumda ziyalı etiraz etməsin, neyləsin? Tam ziyalı sözünə ehtiyac duyulan bir durumdur. İqtidarın nədən narahat olduğunu düşünməyin isə heç bir əlavə dəyərini görmürəm. Haqq sözü deyilməlidir.
- Ziyalılar Forumunun son toplantılarından birinin qarşısı "işıqsöndürmə" əməliyyatı ilə alındı. Hökumətin sözçüləri bu adamların əsl ziyalı olmadığını, hakimiyyətdən istədiyini ala bilməyən, şəxsi maraqlarını təmin etmək üçün bir araya gələn insanlar kimi qiymətləndirir.
- İqtidarın istədiyi odur ki, cəmiyyət, kimin əsl ziyalı olduğunu müzakirə etməklə əsas siyasi problemlərin kökünü görə bilməsin. Ona görə də, mən "əsl ziyalı" haqqında təhrik olunan müzakirərləri yersiz və faydasız hesab edirəm.


"Siyasi iradəsiz hüquq küləksiz yelkən kimidir"


- Erkin bəy, ölkədəki hüquqi vəziyyəti necə qiymətləndirirsiniz? Vətəndaşların hüquq-mühafizə orqanlarından, məhkəmələrdən etdiyi şikayətlərin sayı-hesabı yoxdur.
- Hüquq sistemi siyasi sistemin tərkib hissəsidir. Hüquq sisteminin durumu siyasi sistemin durumundan yaxşı olası deyil. Hazırki siyasi sistemi saxlamaqla hüquq sisteminin əhəmiyyətli dərəcədə dəyişəcəyinə ümidlər əbəsdir. Huququn siyasi iradəyə ehtiyacı var. Siyasi iradəsiz hüquq küləksiz yelkən kimidir, hərəkətsiz qalacaq.
- Ötən ilin sonlarında prezident insan haqları ilə bağlı Milli Fəaliyyət Planını təsdiqlədi. Sənəddə insan hüquq azadlıqlarının ən üst səviyyədə təminatı ilə bağlı xeyli müddəalar var. Hüquq azadlıqların kütləvi şəkildə pozulduğu, bununla bağlı yerli beynəlxalq səviyyədə səslənən iradların hökumət tərəfindən inkar edildiyi bir ölkədə bu cür sənədin qəbulu nəyə lazım idi?
- İnsan haqları sahəsində Milli Fəaliyyət Planları dünyanın çox ölkəsində yayılmış təcrübədir. BMT İnsan Haqları Ali Komissarlığının hətta buna dair tövsiyyələri var. Üzv dövlətlər həmin tövsiyyələrə uyğun da öz milli sənədlərini hazırlayırlar. Bu, çox normal təcrübədir, buna qeyri-adi bir şey kimi baxmaq lazım deyil. Milli Plan siyasi sənəddir, o cür də dəyərləndirilməlidir.


"Qərbin Azərbaycanda demokratiya istəməsi sadəcə xoş ümiddir"


- Azərbaycan cəmiyyətinin Qərbdən böyük gözləntiləri var. Cəmiyyətdə bu fikir hakimdir ki, Azərbaycanda demokratik dəyişikliklərin olub-olmaması əsasən Qərbin istəyindən çabalarından asılıdır. Qarşı tərəf isə fürsət düşdükcə demokratiyanın ixrac olunmadığını, qazanıldığını anlatmağa çalışır. Siz necə düşünürsünüz, Azərbaycanda demokratik dəyişikliklərin olması daha çox kimdən asılıdır?
- Məncə, cəmiyyətimizin Qərbdən böyük gözləntiləri artıq yoxdur. Doğrudur, müstəqilliyimizin ilk illərində belə gözləntilər var idi. Amma onlar tədricən azaldı və bu gün də azalmaqda davam edir. Unutmayaq ki, cəmiyyətimizin Qərbdən gözləntiləri ilk öncə Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı idi. Bu gözlənti bütün digər umacaqlardan xeyli üstün olub. Qərb bu gözləntini doğrulda bilmədi. Qərbdən Qarabağla yanaşı, demokratik gözləntilər də var idi. Demokratiya yolunda Qərbin Şərqi Avropa ölkələrinə birmənalı və güclü dəstəyi bizim cəmiyyətimizi də ümidləndirmişdi. Cəmiyyət bir çox başqa təsiredici amilləri nəzərə almadan inanırdı ki, burada da Qərb eyni rolu oynaya biləcək. Olmadı. Əlbəttə, demək olar ki, gözləntilər həddindən artıq yüksək olub. Guman ki, elədir. Amma artıq bunun heç bir əhəmiyyəti qalmayıb. Nəticə aydındır - Qərbin cəmiyyətimizdə nüfuzu xeyli azaldı. Qərbin Azərbaycanda demokratiya istəməsi sadəcə, fərziyədir, xoş ümiddir. Qərbin başqa bölgələrdə demokratiyanı "sabitliyə" qurban verdiyinə azmı örnək var? Qərb, onun aparıcı dövlətləri ilk öncə öz mənafelərini güdürlər. Bu, əslində, anlaşılandır və qətiyyən qınanılası deyil. Odur ki, biz də ilk öncə öz milli mənafelərimizi güdməliyik. Demokratikləşməni də Qərbin xoşuna gəlmək, hansısa reytinqdə yüksək yer tutmaq üçün etməməliyik. Biz demokratiyanın özümüz üçün çox vacib olduğunu anlamalı, xalqımıza güvənməliyik.


"Azərbaycandakı rejim diktaturadır, totalitarizm"


- Ərəb ölkələrində başlayan dalğanın Azərbaycandan da yan keçməyəcəyini deyirlər. Siz düşünürsünüz?
- Mən örnəklərin mexaniki köçürülmələrinə inanmıram. Azərbaycan çox fərqli ölkədir. Bölgəmiz də çox mürəkkəb və təhlükəlidir. Bizdə siyasi sistem də fərqlidir. Azərbaycandakı rejim nə diktaturadır, nə totalitarizm. Əslində, "rejim" sözünü çox şərti, qısa olsun deyə, istifadə etməli oluruq. Çünki iqtidarın siyasi kimliyi, öz adamlarının loyallığını təmin etmək üçün ideologiyası və ona uyğun hekayəsi yoxdur. Hakimiyyət qanunun aliliyinə əsaslanmadığı üçün təsisatlanmamış vəziyyətdədir, mücərrəd deyil, şəxsidir. Bütün səviyyə və mərhələlərdə hakimiyyət münasibətləri şəxsi əlaqələr üzərində qurulub. Şəxsi əlaqələrdə rəsmiyyət mümkün olmur. Ona görə də, məmurlar və digər vəzifəlilər özlərini dövlət xidmətçisi hesab edə bilmirlər. Vətəndaşlar da onları o cür görmür. Ona görə də, cəmiyyətimizdə kəskin siyasi qarşıdurma alınmır. Bunun həm müsbət, həm də mənfi cəhətləri var.
- 2012-ci ildə Azərbaycanda siyasi şərait, hüquq azadlıqların vəziyyəti baxımından hansısa dəyişikliklər gözləyirsinizmi?
- Mən hər zaman dəyişiklik gözləyirəm, çox nikbin adamam. Bu sistem uzun sürən deyil.


Gültəkin Knyazqızı

Wednesday, April 6, 2011

"Elnur Məcidlinin işi" haqqında

Dünən, martın 5-də, Elnur Məcidliyə qarşı açılmış cinayət işi ilə əlaqədar şahid ifadələrimi verdim. Çoxları bunu biləndə, mənim bu işdə şahidliyimə təəccübləndi. Xeyli adam hesab edir ki, "şahid" hadisəni mütləq öz gözüylə görənə deyilir. Amma elə deyil. Cinayət Prosesual Məcəlləsinin 95.1 maddəsinə görə şahid

- "iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs" sayılır.

Belə hallara, həmçinin, şübhələnilən, təqsirləndirilən şəxs barəsində məlumatlar da daxildir. Elə məndən də Elnur haqqında, onu nə vaxtdan və necə tanıdığımdan, harada tanış olmağımızdan, ona münasibətimdən və s. kimi şeylər soruşuldu dindirmə zamanı. Aydındır ki, bildiklərimi olduğu kimi söylədim. Bundan əlavə isə, cinayət işinin mahiyyətilə razı olmadığımı bildirdim. Dedim ki, Elnurun yazdıqlarında 281.1 maddəsinin ağlabatan mənasına görə hakimiyyəti zorla ələ keçirmək çağırışı olmamışdır.

Gəlin indi Cinayət Məcəlləsinin 281.1 maddəsini təhlil etməyə çalışaq.

Maddə 281.1

Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma —


beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddədən Elnuru hakimiyyəti zorla ələ keçirməyə çağırış etməkdə ittiham etməyə çalışırlar. Maddədə yazılmış digər əməlləri, bu üzdən, nəzərə almayaq.

Bu maddədə təsbit olunmuş cinayət əməlində təqsirin formasını aydınlaşdıraq.

Çağırış ancaq hərəkətlə edilə biləcək əməldir (hərəkətsizliklə çağırış mümkün deyil). Elnur bloqundakı yazını yerləşdirməklə hərəkət etmiş sayılır. Burası aydındır. 281.1 maddəsinin mənasına görə çağırışın cinayət əməli sayılması üçün onun açıq olması tələb olunur. Çağırışın açıqlığı onun yayılma vasitələrinə və miqyasına aid olan məsələ deyil. Belə olsaydı, 281.1 maddəsi "habelə bu cür məzmunlu materialları yayma" sonluğu ilə bitməzdi. Buradan aydın olur ki, çağırışın açıq olması onun yayılma vasitələrindən asılı deyil.

Çağırışın açıqlığı, ilk növbədə, onun aydınlığındadır.

281.1 maddəsində təsbit olunmuş cinayət əməli yalnız birbaşa qəsdlə törədilə bilər.

Cinayət Məcəlləsinin 25.2 maddəsinə görə:

"şəxs öz əməlinin... ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur".

Bu maddənin quruluşundan doğan mənaya diqqət yetirin. Qəsd yalnız o zaman birbaşa sayıla bilər ki, şəxs əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, ictimai təhlükəli nəticələrini qabaqcadan görməsilə yanaşı, həmin nəticələri həm də arzulamalıdır. Yəni, sadalanan üç əlamətin üçü də olmalıdır. Biri yoxdursa, qəsd birbaşa sayıla bilməz. Xüsusilə də üçüncü əlamət çox vacibdir. Yəni, arzu olmadığı təqdirdə qəsd birbaşa sayıla bilməz. 

281.1 maddəsindəki əməl açıq çağırışdan ibarətdir.

Deməli, artıq qeyd etdiyim ki, bu maddədə təsbit olunmuş, yalnız hərəkətlə törədilə bilən əməldə təqsirin forması mütləq birbaşa qəsd olmalıdır, birbaşa qəsdin ixtisaslaşdırıcı əlaməti isə nəticələrin arzulanmasındadır. 

Başqa sözlə, əsas sual belədir: Elnur Məcidli nəticələri arzulayıbmı?

Bu sualın cavabı görünə biləcək qədər də asan deyil.  

Cinayət Məcəlləsinin məqsədləri üçün "arzu" xəyali anlayış ola bilməz. Şəxsin nəticələri arzuladığını mütləq sübut etmək lazımdır. Yəni, arzu gerçək olmalıdır. Bunun başqa mənası da belədir - arzunun gerçəkləşmə ehtimalı ağlabatan olmalıdır. Gəlin indi də bu ehtimalı təhlil etməyə çalışaq.

Xaricdə (Strasburqda) bloquna yazı yerləşdirmiş, özü Bakıda olmayan, burada kimsəylə təşkilatlanmayan, heç bir maddi və texniki resursu olmayan Elnur, yazısından çıxarıla bilən nəticələri necə arzulaya bilər?

Diqqət yetirin, söhbət Cinayət Məcəlləsinin məqsədləri üçün nəzərdə tutulan arzudan gedir. Xəyali düşüncələrdən, qəzəbli niyyətlərdən, əsəbi fikirlərdən, dağıdıcı ehtiraslardan, qızışdırıcı ifadələrdən deyil, məhz gerçəkləşmə ehtimalı ağlabatan olan arzulardan gedir söhbət.   

Gerçəkləşmə ehtimalının ağlabatanlığı üçün aşağıdakılar mütləq nəzərə alınmalıdır:

1. çağırış hesab olunan mətnin mənası və təyinatı
2. çağırış etdiyi hesab olunan şəxsin çevrəsi
3. çağırış etdiyi hesab olunan şəxsin çevrəsindəki yeri
4. çağırış hesab olunan mətnin mənasından doğan hərəkətləri etmək üçün resursların çatımlığı

5. həmin resursların çağırış hesab olunan mətnin ünvanı sayıla biləcək çevrədə (qrupda) olması

1. Çağırış hesab olunan mətnin mənası və təyinatı.

Elnura qarşı cinayət işi bloqundakı bu yazıdan sonra açıldı:

http://emajidli.wordpress.com/2011/03/31/taktika/#more-1192

Mətndə istifadə olunan "məsləhətlər" Elnurun müəllifliyinə aid edilirsə, bu çox yanlış yanaşmadır, demək ki. Elnurun bloqunda yazılmış "məsləhətlər" çoxdan internetdə, o cümlədən müxtəlif bloqlarda, yerləşdirilmiş və maraqlanan hər kəs üçün açıq olan yazılardır. Hər kəs belə məlumatları asanlıqla internetdə tapa bilər. 
Bu hələ nədir ki, Elnurun bloqundakı yazı əsasən özünümüdafiəyə, həbs olunmamamağa, yönəlmiş, əsasən flashmob xarakterli taktiki məsləhətlərdir.

Gerçəkdən dövlət çevrilişi etməyin yollarını öyrənmək istəyən daha ciddi, elmi kitab və məqalələri də tapıb oxuya bilər. Məsələn, ABŞ-da, Washington'da Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində ( http://csis.org/ ) çalışan professor Edward Luttwak'ın Harvard Universiteti tərəfindən nəşr edilmiş "Coup d'Etat: Practical Handbook" ("Dövlət Çevrilişi: Praktiki Təlimat Kitabçası") adlı sanballı elmi araşrdırması:

http://www.hup.harvard.edu/catalog.php?recid=24415&content=toc

Kitabı buradan yükləmək olar: http://www.filesonic.com/file/24466065/Luttwak_1969_-_Coup_d_Etat.pdf

Bu kitab xaricdə açıq satışda var, bu kitabdan tələbələrə mühazirələr oxunur, məşğələlər keçirilir.

Demək ki, Elnurun bloqundakı yazıda verilmiş məsləhətləri nə Elnurun özünə, onun müəllifliyinə aid etmək ağlabatandır, nə də həmin bloqda yazılanları hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış. Təkrar edirəm, internet belə və daha kəskin yazılarla doludur.

Elnurun bloqundakı yazının təyinatı da 281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış sayıla bilməz. Hansı hakimiyyətin, özü də zorla (bu da haradan çıxarıldı?) ələ keçirməkdən söhbət gedir Elnurun bloqunda?

2. Çağırış etdiyi hesab olunan şəxsin çevrəsi.

Başqa sözlə, söhbət ünvandan gedir burada. Kimə ünvanlanıb Elnurun yazısı? Əbdürəhman Vəzirov demişkən - "товарищ Азербайджанский народ"a? Belə ünvan olmaz ki. Cinayət məqsədi, eləsi varsa, mütləq lokallaşdırılmalıdır. Yəni, onun konkret icra dairəsi olmalıdır. Hesab edək ki, Elnurun bloqundakı yazı çağırış sayıla bilər. Kimə ünvanlanıb o? Kim o çağırışı icra edəcək? Elnurun yazısından ünvan aydın olurmu? Hanı o şəxslərin çevrəsi? Kim Elnurun yazısını oxuyandan sonra harasa və ya nəyəsə çağırıldığını hiss edə bilib? Elnurun yazısı olmasaydı, Bakıda camaat etiraz etməyə çıxası deyildi? Yoxsa, məhz Elnurun yazısından sonra (martın 31), camaat dərhal 2 Aprel etirazlarına başladı? Etirazlara çıxanların neçəsi Elnuru tanıyır, onun bloqunu oxuyur? Bakıda hansı etirazçı zorla hakimiyyəti ələ keçirməyə hazırlaşıb? Bakıda hansı etirazçıya bu ittiham irəli sürülüb? Kim Elnurun yazdığı kimi davrandı ki? Olmaya, flashmobu, özünümüdafiə taktikalarını, həbsə düşməmək üçün nə etməli olduğunu Elnurmu icad edib? 

Elnurun özü, qeyd etdiyim kimi, xaricdə yaşayır. Azərbaycanda, təbii ki, dostları var. Biri də mən. Özü də, yeri gəlmişkən, mən Elnur Məcidlini çox bilikli, Vətənini sevən bir gənc kimi tanıyıram. Çılğın və ehtiyatsız ola bilər, amma xatakar, bədniyyətli deyil. Bəli, qəzəblidir, etirazla doludur. Kim indi belə deyil ki. Hökumət qəzəblənməyə o qədər bəhanələr verir ki. Qəzəbli etirazlardan doğan bloq və facebook yazıları dövlət hakimiyyəti əleyhinə cinayətlər kimi yozulmağa başlanacaqsa, bu ilk növbədə hakimiyyətin özü üçün təhlükəli ola bilər. Onsuz da ifadə azadlığı gerçək həyatdan sıxışdırılıb internetə. Orada da boğulacaqsa, sosial partlayış ehtimalı daha da artacaq. 

Nə isə, Elnurun internet oxucuları Cinayət Məcəlləsinin 281.1 maddəsinin məqsədləri üçün çevrə (ünvan) sayıla bilməzlər.   

3. Çağırış etdiyi hesab olunan şəxsin çevrəsindəki yeri.

Bu da çox vacib şərtdir. Aydınlatmaq üçün bir uydurma misal verim. Tutaq ki, mən sabah ölkəmizdə İslam inqilabına çağırış etdim. Kimdir mənim sözümə baxan? Əvvəla, mənim öz çevrəm məni axmaq hesab edəcək və heç bir hərəkətə, təbii ki, keçməyəcək. Azərbaycanda ehtimalən İslam inqilabi etmək istəyənlərin çevrəsində isə mənim şəxsi nüfuzum sıfırdır, hələ bəlkə sıfırın da altındadır. Odur ki, onlar da mənim çağırışıma əhəmiyyət verəsi olmayacaqlar. Belə olduqda, mənim İslam inqilabına çağırışım Cinayət Məcəlləsinin ağlabatan mənasına görə cinayət təqibi üçün əsas verə bilməz, çünki çağırışımın gerçəkləşmə ehtimalı ağlabatan olamayacaq. Çağırışla hərəkət arasında gerçək bağlantı ehtimalı xeyli dərəcədə ağlabatan olamalıdır.

Bir daha xatırladıram ki, 281.1 maddəsinin məqsədləri üçün (25.2 maddəsinin mənasına görə) nəticələrin arzulanması xəyali olmamalıdır. Arzuların gerçəkləşmə ehtimalı ağlabatan deyilsə, təqsirin birbaşa qəsd forması da yaranmır. Yaranmırsa, deməli 281.1 maddəsinə görə məsuliyyətə də əsas verə bilməz. 

Qayıdaq Elnur Məcidliyə. Onun çevrəsində, hansına ki, mən də daxil oluna bilərəm, Elnurun yeri nə dərəcədə həlledicidir ki, bir çağırışla hərəkətlilik yarada bilsin? Əvvəlki sualımı təkrar edirəm - kim Elnurun yazısını oxuyandan sonra nəyəsə və ya harayasa çağırıldığını hiss edə bilib? Mən belə adam tanımıram. İstintaqa da bunu dedim.  

Əlbəttə, 281.1 maddəsinin məqsədləri üçün "açıq çağırış" özü-özlüyündə bitmiş cinayət sayılır. Yəni, çağırışdan sonra mütləq kiminsə hərəkətə keçməsi tələb olunmur. Amma maddədə çağırışın açıq olmasına dair tələbin şərtləri, izah etməyə çalışdığım kimi, asan deyil və hazır həqiqət şəklində verilmir. Açıq çağırışın nəticələri mütləq arzulanmalıdır. Burada verməyə çalışdığım izahla iddia edirəm ki, Elnurun bloqunda yerləşdirilmiş yazı məhz bu səbəbdən də 281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış sayıla bilməz.  


4. Çağırış hesab olunan mətnin mənasından doğan hərəkətləri etmək üçün resursların çatımlığı.

Zorla hakimiyyəti ələ keçirmək zarafat deyil. Kontekst burada çox vacibdir. Daim ictimai-siyasi sabitlikdən danışan, ölkədə vəziyyəti gərginləşdirə biləcək qüvvələrin olmadığında israr edən (bax, məsələn bu müsahibəyə: http://1news.az/interview/20110331093005295.html ), bir hökümət (iqtidar) birdən-birə, xaricdə yaşayan bir gəncin başqa açıq mənbələrdən çoxdan hamıya məlum olan şeyləri bloqunda yerləşdirməsindən təşvişə düşür və həmin gənci cinayət təqibi qaydasında məsuliyyətə cəlb etmək istəyir? Nə məsələdir? Nə olub? Nəsə ciddi dəyişib, xəbərimiz yoxdur? Elnur da, natərəstlikdən, bloqunda elə yazıb ki, dəqiq bir şey anlamaq olmur. Başa kapüşon keçirib, Coca-Cola ilə üzünü yuyub, limon çeynəyib, qazan qapağı ilə silahlanıb, sirkə və boya püskürücülərilə də hakimiyyəti zorla ələ keçirmək olar? 281.1 maddəsi belə "təhlükələrdən" qorunmaq üçün yazılmayıb, axı.

281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış, yuxarıdakı bəndlərdə qeyd etdiklərimdən əlavə, hakimiyyəti zorla ələ keçirmək üçün zəruri və yetərli resursların olması və (daha vacibi) həmin resursların çağırışın ünvanı üçün çatımlı olması tələb olunur. Elnurun bloqundakı resurslardan söhbət gedirsə, bəli, xeylisi çatımlı sayıla bilər. Amma! Dostlar, ciddi olaq! Həmin resurslarla hakimiyyəti ələ keçirməyin, özü də zorla (!!!), mümkün ola biləcəyini düşünmürsünüz, hər halda. Hakimiyyəti zorla ələ keçirmək üçün resurslar nə Elnurun bloqunda göstərilib, nə də (göstərilmiş olsaydı belə) onların çatımlığı mümkün. Vasitəsi mümkün olmayan əməlin məqsədi də mümkün olası deyil. 

Odur ki, buradan da Elnurun Cinayət Məcəlləsinin 25.2 maddəsinin mənasına görə əməlinin nəticələrini arzulaması gerçək deyil. Xəyali arzulara görə isə məsuliyyətə cəlb etmək olmaz!   


5. Həmin resursların çağırış hesab olunan mətnin ünvanı sayıla biləcək çevrədə (qrupda) olması.

Əslində, 4-cü bəndin şərhi 5-ci bəndə şərhi əhəmiyyətsizləşdirir.  


Qalır bir məsələ. 281.1 maddəsində, həmçinin, belə sonluq da var: "habelə bu cür məzmunlu materialları yayma". Bu ifadədə təsbit olunmuş əlamət yalnız artıq edilmiş açıq çağırışın olduğu halda ağlabatan məna daşıya bilər. Yəni, açıq çağırış varsa, onun məzmununu təşkil edən materialları da yaymaq olur. Açıq çağırışın olmadığı təqdirdə isə "bu cür məzmunlu materialları"n yayılması da CM-nin 281.1 maddəsinin məqsədləri üçün mümkün olmayacaq. Elnurun əməllində 281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış olmadığı üçün, "habelə bu cür məzmunlu materialları yayma"ya görə də məsuliyyətə cəlb oluna bilməz.


P.S.

Mən Elnura qarşı cinayət təqibinin gerçək niyyətini təsəvvür edə bilərəm, bəlkə də. Amma istəmirəm! Mənim məqsədim - hüquq dürüstlüyüdür. Siyasi və ya başqa məqsədlər uğrunda hüquqdan bu cür sui-istifadə yolverilməzdir. Hökumət anlamalıdır ki, hüquqla belə rəftar etməklə nəinki legitimliyini, həm də sabitliyini, təhlükəsizliyini zəiflədir. Hökumətin təhlükə duyumu bu dərəcədə kövrəkdirsə, təhlükə ünvanını yanlış yerdə axtarır, demək ki. Yetişən gənclik əsasən müxalif ola bilər, amma naxələf də deyil. Hökumət gənclərə qarşı təqiblərlə sağlam çevrəni ürküdür. Ürkmüş sağlam çevrənin yerini isə doğrudan da təhlükəli, özü də hamımız üçün təhlükəli çevrələr tuta bilər. Hökuməti ayıqlığa çağırıram! 

Wednesday, February 9, 2011

"Korrupsiyaya qarşı mübarizə" məsələsinə dair bəzi qeydlər.

Açıq və aydın düşünək. Duyğularımızı siyasətə daşımadan, kimsəni ittiham etmədən, düşünüb-daşınaq. Nə görə bilərik onda? Aydın olacaq ki, korrupsiya pozğunluq deməkdir. Belə də adlandıraq, o zaman. Nəsə pozulur ki, işlər düz getmir. Rəsmi qaydalar və açıqlanmış niyyətlər yetərli olmur. Pozğunluqla mübarizə etməzlər, onu düzəltmək gərəkdir. Pozğunluq pərakəndədirsə, cəzalar və tənbehlərlə, dürüst adamları seçməklə keçinmək olar, bəlkə də. Problem sistem səciyyəvi olanda isə, sistemli yanaşma, ideoloji baxış lazımdır. Pozğun sistemdə "yaxşı adam" axtarmağa dəyməz. Şəxsi mövqeyindən və həyat tərzindən asılı olmayaraq, hamı eyni sistemin əhatə dairəsindədir. Hamı, sanki, eyni günahın içindədir. Belə vəziyyətin təsviri üçün ayrıca istilah da var - "common sin identity" (ortaq günah kimliyi).

"Yaxşı adamları" tapmaq olar, bəlkə də, amma onları pozğun sistemdə işlətmək mümkün olmayacaq. "Qreşem qanununun" siyasi sistemimizlə müqayisəsinə dair əvvəlki yazımda bunu izah etməyə çalışmışam. Həmin yazının ardı olacaq. Odur ki, burada təkrarçılığa və tələskinliyə yol vermək istəmirəm. Amma, müzakirə xətrinə, fərz edək ki, "yaxşı adamlar" tapıldı və ya özləri üzə çıxdı və həvəsə gəldi. Onu da fərz edək ki, həmin adamlar necəsə hakim mövqelərə çata bildilər. Üstəlik, fərz edək ki, hakim mövqeyə çatana qədər, sözügedən adamların özləri pozulmamışlar, "yaxşılıqlarını" qoruya bilmişlər. "Qreşem qanununa" görə bu xeyli mümkünsüz görünsə də, təsadüfləri ehtimal etməmizin ibrəti var. Nə olacaq? "Yaxşı adamlar" pozğun sistemi kökündən dəyişdirmədən işlətməyə çalışsalar, ya özləri pozulmalı olacaqlar, ya da sistem onları (həzm edə bilmədiyindən) xaric edəcək.

1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyətə gəldiyini və cəmi 11 ay hakimiyyətdə qaldığını xatırlayın. "Yaxşı adamlar", "yaxşı niyyətlər" və sovetdənqalmış pozğun sistem. O zamanki Xalq Cəbhəsinin strateji yanlışığı da elə onda oldu ki, sistemi kökündən dəyişdirməyə başlamadı. Yaxşı adamları xeyli idi. Məsələn, İbrahim Vəliyev - Dövlət Gömrük Komitəsinin Sədri, Vurğun Əyyub - Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin Sədri, Sabit Bağırov - Dövlət Neft Şirkətinin Prezidenti və s. Əbülfəz Elçibəyi heç demirəm. Bu adamlar təmiz işlədilər və ləkəsiz istefaya getdilər. Onların şəxsi örnəkləri həmişə ibrətverici olacaq. Amma sistemli yanaşanda... Nə olsun ki? Pozğun sistemi kökündən dəyişdirmədən, davamlı olaraq təmiz işləmək mümkün deyil ("Qreşem qanunu"). Pozğun sistemi dəyişdirmək üçün mütləq "yaxşı adamların" kənardan başa gəlməsi tələb olunmur. Tarixdə pozğun sistemin içindən çıxıb, onu kökündən dəyişdirənlərin örnəkləri çoxdur. 

Pozğun sistemdə ayrı-ayrı şəxsləri təqib etməklə, vəzifəliləri dəyişdirməklə işlər düzələsi deyil. Əlbəttə, məqsəd sadəcə görüntü yaratmaqdırsa, onda təbliğat kampaniyalarını, müşavirə və başqa iclasları, konkret vəzifəlilərin cəzalandırıldığını göstərməklə kifayətlənmək olar. Məqsəd, doğrudan da, bəyan edildiyi kimi, pozğunluğun aradan qaldırılmasıdırsa, onda geniş baxıb, dərin düşünmək lazım olacaq.

Sistemli yanaşma.

Sistem dediyimiz nədir? Öncə, bunu aydın edək özümüzə. Pozğunluq mövzusunun məqsədləri üçün, "sistem" - dövlət hakimiyyətinin təşkilinə dairə təməl şərtlərin, dövlətin səlahiyyət çərçivələrində olan bütün məsələlərin, onların həllolunma qaydalarının, həmin qaydaların qəbuletmə, dəyişdirmə və ləğvetmə üsullarının, ehtiva olunan mənafelərin və onları ifadə etmək fürsətlərinin cəminə deyilir. Gördüyünüz kimi, adamlardan söhbət heç getmir. Adam tapmaq asan məsələdir, təki seçim meyarları hər kəsə aydın və bərabər olsun. Problem ondadır ki, seçim meyarları adamların qabiliyyətinə deyil, sistemin tələbatlarına uyğunlaşdırılır həmişə. Ona görə, "yaxşı adamlar" məsələsi, nə qədər vacib olsa da, həlledici ola bilmir. 

Hələlik, dövlət hakimiyyətinin təşkilinə dair təməl şərtlərə baxaq. Sistemin dürüst çalışması üçün aşağıdakı şərtlər zəruridir:
  1. dinin dövlətdən ayrılması;
  2. ordunun hökumətdən ayrılması;
  3. hökumətin mülkiyyətdən ayrılması;
  4. məmurların siyasətdən ayrılması;
  5. qanunverici, icra və məhkəmə hakimiyyətlərinin ayrılması.

1. Dinin dövlətdən ayrılması.

Din ehkamlardan, şübhələndirilməsi mümkün sayılmayan mülahizələrdən ibarətdir. Buna görə də din inam məsələsidir. İnam məsələsi olduğu üçün də özəldir. Dövlət isə özəl həyata müdaxilə etməməlidir. Dinin dövlətdən ayrı olması ilk növbədə dinin saflığı üçün vacibdir. Dövlət dini məsələlərə qarışanda, onları təhrif etməyə başlayır, öz məqsədlərinə tabe etməyə çalışır. Amma, din də, dövləti ələ keçirirsə, xurafatlaşmağa meyl edir. Siyasət dini korlayır, onu məcburiyyətə çevirir. Din isə, mahiyyətcə özəl olduğundan, məcburiləşməməlidir. Dini hakimiyyətlərin idarə etdiyi sistemlər tədricən pozğunlaşır. Tarixdə bunun çox örnəkləri var. Siyasətdə müzakirəsiz, şübhələndirilməsi mümkün olmayan, açıq etirazı qəbul etməyən məsələlər olmamalıdır. Odur ki, din və dövlət həmişə ayrı olmalıdır. Bu baxımdan ölkəmizdə hələlik (!) ciddi problem yoxdur. Amma. iqtidar dünyavi müxalifəti və vətəndaş cəmiyyətini boğmağa davam edərsə, siyasətin "din"-ləşməsi gerçəkləşə bilər. Bunun da örnəkləri var tarixdə. 

2. Ordunun hökumətdən ayrılması.

Ordunun təyinatı onun təşkilatını şərtləndirir. Ordu sərt intizam üzərində qurulan təşkilatdır. Orduda tabeçilik şübhələndirilə bilməz, əmrlər, açıq aşkar qanuna zidd deyillərsə, müzakirəsiz icra olunmalıdırlar. Nədən? Çünki, ordu təcavüzə mütəşəkkil müqavimət və ya qaçılmaz təcavüz təhlükəsinin qarşısını almaq məqsədilə təşkil olunmuş bütöv, sərrast və sərbəst tədbirlər sistemidir. Orduda göstərişlər müzakirə olunacaqsa, ordu iflic olacaq. Buna görə, ordunun hərbi təyinatlı işləri siyasətdən tamamilə kənarlaşdırılmalıdır. Ordu üzərində mülki nəzarət də bunun üçün lazımdır. Əks təqdirdə, ordu, onun hərbi rəhbərliyi, hansısa məqsədlə siyasi hakimiyyəti ələ keçirə bilər. Siyasətdən kənarlaşdırıla bilməyən ordu dövlət çevrilişi və ya pərdəarxası təsirlər vasitəsilə dövləti öz idarə üslubuna tabe etdirə bilir. Belə olan halda, müzakirələr kəsilir, ifadə azadlığı və başqa siyasi azadlıqlar boğulur, narazılar müxtəlif bəhanələrlə təqib olunur. Hərbi xuntaların sistemi bu səbəbdən də pozğunlaşır. 

Dinlə olduğu kimi, ordu məsələsində, yəni onun siyasiləşməsi, hökuməti ələ keçirməsi məsələsində də hələki ciddi problemlər yoxdur ölkəmizdə. Amma, dindən fərqli olaraq, ordunun hökümətdən ayrılması tamamlanmayıb. Müdafiə Naziri bizdə hələ də mülki şəxs deyil, hərbiçidir. Hərbiçi kimi, Müdafiə Nazirimiz siyasi partiya üzvü ola bilməz, amma nazir kimi hökumətin üzvüdür. Hökumət isə siyasi təşkilatdır. Problemin bu cəhətinin açmasına beşinci təməl şərtin şərhi zamanı qayıdaram. 

3. Hökumətin mülkiyyətdən ayrılması.

Hökumət, artıq deyildiyi kimi, siyasi təşkilatdır. Onun üzvlüyü siyasi loyallıq üzərində qurulur. Hökumətin formalaşmasında və çalışdırılmasında iştirak edənlər, onun nemətpaylamasında maraqlı olmamalıdırlar. Başqa sözlə, hökumətin tərkibi korporativ deyil, ideoloji meyarlara görə müəyyən edilməlidir. Hökumət siyasi təşkilat olduğundan, yarıtmaz menecerdir. Çünki, o, bazar iştirakçıları ilə rəqabət mühitində çalışmır. Hökumətin qanuni səlahiyyətləri var və həmin səlahiyyətlər ona müstəsna üstünlüklər verir. Hökumətin bazar münasibətlərinə təsir imkanları xeyli qədərdir və onların heç birisi bazarın başqa iştirakçılarında ola bilməz. Buna görə də hökumət bazara menecer gözü ilə baxa, rəqib yanaşmasını tədbiq edə bilmir. Bu isə o deməkdir ki, hökumət bazar münasibətlərində birbaşa iştirak etməli olarsa, keyfiyyətin artırılmasından daha çox, asan yollarla dövlət büdcəsinə köçürmələr haqqında düşünəcək (ən yaxşı halda). Daha asan yollar isə, tədricən, hökumətin öz səlahiyyətlərindən sui-istifadə edərək, eyni mal və ya xidmət istehsalçılarını bazardan sıxışdırılmasına aparmalı olacaq. Belə mühitdə dövlət satınalmalarında, dövlətin mülkiyyətində olan təsərrüfat müəssisələrinin idarəsində pozğunluğun inkişaf edəcəyi ehtimalı xeyli yüksəlir. Buraya renta yığıcılığından gələn müftə gəlirləri də əlavə etsək, vəziyyətin çox acınacaqlı olduğunu daha aydın görə bilərik.

Həm hakimiyyəti, həm də mülkiyyəti eyni zamanda və eyni dürüstlüklə idarə etmək olmur, çünki hakimiyyət və mülkiyyət münasibətlərinin mahiyyəti əhəmiyyətli dərəcədə fərqlidir, aralarında xeyli ziddiyyətlər var. Hökumət də, aydındır ki, hakimiyyət məsələlərinə üstünlük verəsidir. Nəticədə, mülkiyyət məsələlərində pozğunluq halları çoxalacaq. Onlar da, öz növbəsində, hakimiyyət münasibətlərini pozacaq. Bu sarıdan ölkəmizdə böyük problemlər var. Bu problemlər sistem səciyyəvi problemlərdir. Onları sadəcə adamların dəyişdirilməsi ilə həll etmək qətiyyən mümkün deyil.

4. Məmurların siyasətdən ayrılması.

Dövlət qulluğu, təsisat olaraq, siyasətdən kənarlaşdırılmalıdır. Məmur siyasi göstərişlərə deyil, qanunlara tabe olmalıdır. Buna nail olmaq üçün siyasi vəzifələri inzibati vəzifələrdən ayırmaq vacibdir. İnzibati vəzifələr peşə və bacarıq tələb edir. Belə vəzifələri tutmaq üçün xüsusi yoxlamalar (imtahanlar) keçirilməlidir. İnzibati vəzifələri tutan şəxslər heç bir siyasi təşkilatın üzvü ola bilməzlər. Onlar ancaq öz istəyilə, başqa işə keçməklə, ağır xəstəliyi və ya ölümü ilə, pensiya yaşına çatması ilə, nəhayət, qanunu pozması ilə əlaqədar vəzifədən çıxarıla bilərlər. Göründüyü kimi, məmurların heç bir siyasi məsuliyyəti ola bilməz. Siyasi vəzifələri tutanların isə səlahiyyət müddəti çox qısadır, bəzi vəzifələri isə təkrarən və ya bir nəçə dəfədən artıq tutmaq olmaz. Siyasi vəzifəni tutanların peşəkar olması tələb olunmur, hətta peşəkar olmaması arzulanır. Siyasi vəzifələri ancaq siyasətçilər tuta bilər. Buna görə də onların siyasi təşkilatların dəstəyinə, ideoloji əsaslandırılmasına ehtiyacı var. Siyasi vəzifələr siyasi loyallıqdan asılıdırlar, ona görə də daim etimad qazanmaq məcburiyyətindədirlər. Etimadın itirilməsi vəzifədən kənarlaşdırılmağa əsas verir. 

Hökumət üzvləri - siyasətçilərdir. Belə olmalıdır, hər halda. Odur ki, Prezident İlham Əliyevin müşavirələrin birində nazirlərə, siyasətlə məşğul olmaq istədikləri təqdirdə, istefa vermələrini tövsiyyə etməsi anlaşılmazdır. Nazir məmur deyil, siyasətçidir. Buna görə də, məsələn, Müdafiə Naziri mütləq mülki şəxs olmalıdır. Orduya hərbi rəhbərlik üçün isə Baş Qərargah var. Eləcə də, Daxili İşlər, Milli Təhlükəsizlik və s. nazirliklər mülki şəxslər, siyasətçilər tərəfindən idarə edilməlidirlər. Onların müavinləri, idarə rəisləri, şöbə müdirləri və başqa işçiləri isə, artıq, yalnız qanuna tabe olan peşəkarlar olmalıdırlar. Nazir, nazirliyin funksiyaları çərçivəsində olan məsələlər üzərində yalnız siyasi rəhbərliyi həyata keçirməli, işçilərin peşə səlahiyyətlərinə müdaxilə etməməlidir. Nə qədər ki, bizdə nazirlərə məmur kimi yanaşılacaq, məmurlar isə siyasi partiyaların (indiki halda  - YAP-ın) üzvləri olacaqlar, sistem pozğun olmağa məhkumdur və, yenə də, heç bir adam dəyişikliyi onu bu halda düzəldə bilməyəcək. Bu sistemi kökündən dəyişmək lazımdır. 

5. Qanunverici, icra və məhkəmə hakimiyyətlərinin ayrılması.

Bu məsələ, cəmiyyətimiz üçün çox vacib olmasına baxmayaraq, bəlkə də ən pis vəziyyətdədir. Konstitusiyamızda rəsmən hakimiyyətlər bölgüsü təsbit edilsə də, faktiki olaraq, hakimiyyətin təmərküzləşməsi baş vermişdir. İqtisadiyyatda olduğu kimi, siyasətdə də təmərküzləşmə ziyanlıdır, pozğunluğa səbəb olur. Çünki, mənafelərin ifadə fürsətləri kəskin azalır, mənafe qruplarının təmsilçiliyi isə əngəllənir. Nəticədə, təmərküzləşmiş hakimiyyətin çıxardığı qərarlar mənafelərin ödənilməsi deyil, hakimiyyətin möhkəmləndirilməsi məqsədini güdməyə başlayır. Yanılma riski əhəmiyyətlii dərəcədə artır, təşəbbüs təhlükəli olur. Əməkdaşlıq təşviq olunmur, məsuliyyət paylaşılmır. Sistemdə hər kəs "yuxarıdan göstərişi" gözləməyə başlayır. Gözləmə müəyyən mənada sistemi sığortalayır, amma qərarların qəbulunu yubadır, problemlərin həllini çətinləşdirir. Qərar qəbul ediləndən sonra isə məlum olur ki, onun müddəaları ünvanına çatmır. Həmin müddəalar ya köhnəlmiş olur, ya başqa qərarlarla ziddiyyət təşkil edir, ya onun icrası üçün altyapı yoxdur və s. 

Təmərküzləşmiş hakimiyyətdə əlaqələndirmə çox zəif olur. Hakimiyyət məlumatla bölüşmək istəmir, cəmiyyətin məsləhətlərinə isə ehtiyacı qalmır. Bunu təmin etmək üçün bütün təmsilçilik təsisatları zəiflədilir. Həm rəsmən onlara daha az səlahiyyət verilir, həm də onlara keçirilən seçkilər saxtalaşdırılır. Təmsilçilərin təyinatlılar üzərində nəzarəti olmayan yerdə, icra qanuni məcradan çıxır. Nəticədə, hökumətin nə siyasi mənsubiyyəti olur, nə də kollektiv məsuliyyəti. 

“Siyasi mənsubiyyət” deyildikdə hökumətin partiyalığı nəzərdə tutulur. Parlament seçkilərində qalib gəlmiş partiya, yetərli say üstünlüyünə malik olduğu halda, təkbaşına iqtidara gəlir və hökumətdəki yerləri öz üzvləri sırasından təyin edir. Seçkilərin nəticəsində heç bir partiyanın yetərli say üstünlüyü olmadığı hallarda isə bir neçə partiya müttəfiqlik sazişinə əsasən ortaq hökumət yaradırlar. Hökumətdəki yerlər müttəfiq partiyalar arasında bölüşdürülür.

Azərbaycan parlamentində say çoxluğu YAP-a məxsusdur. YAP özünü iqtidar partiyası adlandırır və, göründüyü qədərilə, siyasətçilərin, jurnalistlərin və şərhçilərin əksəriyyəti bununla razılaşır. Amma iqtidar olmaq sadəcə say üstünlüyü məsələsi deyil, axı. YAP-ın Milli Məclisdə yerlərin əksəriyyətinə sahib olmasından nə fayda? Milli Məclisdə ümumiyyətlə heç bir siyasi proses getmir. “Milli Məclisin Daxili Nizamnaməsi” adlanan qanuna görə 25 nəfərdən ibarət deputat qrupu fraksiya (bölüm) yarada bilər. Amma Milli Məclisdə bir dənə də bölüm yoxdur. Daxilində siyasi bölümlərin olmadığı bir qurumun qanunverici hakimiyyət olması mümkün deyil. Qanunlar mənafelərin tarazlığını ifadə etməlidirlər. Qanunları qəbul etməli olan qurumda müxtəlif mənafe qruplarının və siyasi qüvvələrin təsisatlanmış təmsilçiliyi yoxdursa, belə qurumun qəbul edəcəyi qanun və qərarların legitimliyi çox qüsürlu olasıdır.

Nazirlər Kabinetinin formalaşmasında nə Milli Məclisin rolu var, nə də YAP-ın. Konstitusiyaya görə Nazirlər Kabineti bütövlüklə Prezident tərəfindən formalaşdırılır. Yalnız Baş Nazirin təyinatında Milli Məclisin razılığı nəzərdə tutulur. Amma bu imkan da çox kövrəkdir, çünki Milli Məclis təklif olunmuş namizədləri üç dəfə rədd edərsə, Prezident Baş Naziri təkbaşına təyin edə bilər. Nazirlərin təyinatında isə Milli Məclis ümumiyyətlə iştirak etmir. Deməli YAP da bu prosesdə iştirak edə bilmir və onun parlamentdə say üstünlüyü tamamilə əhəmiyyətsizləşir. Belə olan halda, nazirlərin əksəriyyətinin YAP üzvü olması Nazirlər Kabinetinin siyasi mənsubiyyət meyarına uyğun gəlməsinə dəlalət etmir. YAP Nazirlər Kabinetinin nə formalaşmasına təsir edə bilir, nə də onun siyasətinə (fəaliyyətinə). Beləliklə, Nazirlər Kabinetinin siyasi mənsubiyyəti yoxdur.

Siyasi mənsubiyyət olmayan yerdə isə kollektiv məsuliyyət (hökumətin ikinci meyarı) də olası deyil. Hökumətin kollektiv məsuliyyəti onu formalaşdıran partiya tərəfindən nəzarət hesabına mümkündür. Siyasi partiyalar “hökumət” adlandırılan qurumun formalaşmasına və siyasətinə təsir edə bilməyəndə, həmin qurumda kollektiv məsuliyyət də olmayacaq. Kollektiv məsuliyyət o deməkdir ki, qurumun bütün üzvləri yalnız öz səhvlərinə görə deyil, həm də başqaların səhvlərinə görə cavab verməlidirlər. Səhv çox ciddi olarsa və ya çox kəskin ictimai etiraz doğurarsa, bütün hökumət istefaya getməli olur. Siyasi məsuliyyət, hüquqi məsuliyyətdən fərqli olaraq, şəxsi təqsirin olmasını tələb etmir. Azərbaycanda isə (indiki konstitusiya quruluşuna görə) hətta Baş Nazirin istefası belə Nazirlər Kabinetinin istefasına səbəb olmur.

Bunun isə çox acınacaqlı nəticəsi olur - Baş Nazirin kimliyi nazirlər üçün əhəmiyyətsizləşir. Baş Nazir tamamilə lazımsız bir fiqura çevrilir. O, nə nazirləri ciddi maraqlandırır, nə də cəmiyyəti. Təəcüblü deyil ki, Azərbaycanın Baş Naziri (vəzifəsinin, nominal olaraq, çox yüksək olmasına baxmayaraq) nə özü görünür, nə də adı çəkilir. Çox nadir istisna halları onun lazımsızlığını ancaq təsdiqləyir.

Bundan əlavə, nazirlərin tabeçiliyi də həddindən artıq mürəkkəbdir. Formal olaraq, nazirlərin tabeçiliyi beş pilləlidir. Nazirin rəsmən tabe sayıldığı pillələr bunlardır (yuxarıdan aşağıya):

1. Prezident
2. Prezident Administrasiyasının rəhbəri
3. Baş Nazir
4. Baş Nazirin birinci müavini
5. Baş Nazirin müavini

Bəzən, hətta Prezident Administrasiyasının şöbə müdirləri də nazirlərə göstərişlər verə bilirlər. Belə şəraitdə heç bir kollektiv məsuliyyət mümkün ola bilməz. Tam əksinə, nazirlərin arasında əməkdaşlıq çətinləşir, çünki onların ünsiyyət kanalları çox qüsürludur. Təşəbbüs ziyanlıdır, həvəs problemi həlledilməz haldadır. Belə bir sistemdə nazirlər arasında etimadsızlıq qaçılmaz olur. Nazirlərin şəxsi keyfiyyətləri müsbət rol oynaya bilmir, çünki sistemin özü böhranları həndəsi silsilə ilə artırır. Nazir beş adama tabe olmamalıdır.

Çox qatma-qarışıq sistemdir. Bir tərəfdən, Konstitusiyanın 115-ci maddəsinə görə Nazirlər Kabinetinə daxildirlər:

- Baş Nazir
- Baş Nazirin 1-ci müavinləri
- Baş Nazirin müavinləri
- Nazirlər
- Digər mərkəzi icra orqanlarının rəhbərləri (məs. dövlət komitələri)

Başqa bir tərəfədn isə, Konstitusiyanın 119-cu maddəsinə görə Nazirlər Kabinetinin səlahiyyətləri belədir:

- büdcə siyasəti
- maliyyə-kredit və pul siyasəti
- iqtisadi proqramlar
- sosial təminat
- nazirlərlikərin üzərində rəhbərlik
- Prezidentin tapşırıqları

Buradan aydın olur ki, təhlükəsizlik, müdafiə, hüquq-mühafizə və xarici siyasət kimi sahələr Nazirlər Kabinetinə aid edilməmişlər. Belə çıxır ki, Milli Təhlükəsizlik, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Xarici İşlər nazirləri Konstitusiyanın 115-ci maddəsinə görə Nazirlər Kabinetinin tərkibinə daxildirlər, amma 119-cu maddəyə görə Nazirlər Kabinetinə tabe deyillər. Yəni, birbaşa Prezidentə tabedirlər.

Bu çox yarıtmaz bir sistemdir və nazirlər arasında dürüst ünsiyyəti mümkünsüz edir. Bəzi nazirlərin birbaşa Prezidentə çıxışı olduğu halda, digərləri dolayı ünsiyyətlə kifayətlənməli olurlar.

Baş Nazir, Konstitusiyanın 117-ci maddəsinə görə "bir qayda olaraq Nazirlər Kabinetinin iclaslarına sədrlik edir". Amma Nazirlər Kabinetinin iş qaydasını Prezident müəyyən edir (maddə 114, 4-cü hissə). Beləliklə, Nazirlər Kabinetinin iş qaydası qanunla deyil, Prezident tərəfindən müəyyənləşdirilir. Bu isə düzgün deyil, çünki Konstitusiyanın təsis etdiyi orqanın fəaliyyəti qanunla nizamlanmalıdır.

Baş Nazirlərin 1-ci və adi müavinləri nazirlərin və komitə rəhbərlərinin fəaliyyətini əlaqələndirirlər. Ona görə də nazirlər Baş Nazirin müavinlərin tapşırıqlarını icra etməlidirlər. Baş Nazirin müavinlərin arasında səlahiyyət bölgüsü sahəvi meyara görə aparılır (məs. elm, mədəniyyət və təhsil - bu bir sahədir və onu əlaqələndirən Baş Nazirin müavini var; enerji sahəsini başqa bir müavin əlaqələndiri, və s.)

Göründüyü kimi, Nazirlər Kabineti çox səmərəsiz və prezident respublikası formatında lazımsız bir qurumdur. Odur ki, sistem pozğunluqlarına qarşı pərakəndə mübarizədənsə, sistemin özünü kökündən dəyişmək lazımdır. Əks təqdirdə sistem böhranları dərinləşərək, həllolunmaz hala gələ bilər. Başlıcası isə, siyasi azadlıqların genişləndirilməsi vacibdir.  


     
    

Thursday, February 3, 2011

"Qreşem qanunu" və siyasi sistemimiz (1-ci hissə)

İngiltərə Kraliçası, Elizabeth I (1-ci Elizabetin), maliyyə müşaviri Thomas Grasham’ın (Tomas Qreşem) 1560-cı ildə gəldiyi nəticə “Qreşem qanunu” kimi tanınır (Grasham’s law). Bu qanunun qısa anlamı belədir:


- keyfiyyətsiz (ucuz) pul keyfiyyətli (bahalı) pulu dövriyyədən çıxarır.


O zamanlar, bilirsiniz, kağız pul yox idi. Dövlətlər pullarını müxtəlif qiymətli metalların (qızılın, gümüşün və ya bürüncün) qatqılarından düzəldirdilər. Pulun nominal dəyəri onun istehsalında istifadə olunmuş metalın bazar dəyərinə bərabər idi. Yəni, məsələn, sikkənin nominal dəyəri 1 pound (ingilis pul vahidi, “paund” kimi tələffüs olunur) idisə, deməli onun istehsalında 1 pound dəyərində qızıl, gümüş və ya bürünc istifadə olunmuşdur. Hər kəs də, bunu bildiyindən, pulun alıcılıq qüvvəsinə güvənirdi.


Sonradan, müxtəlif (məsələn, qızılın, gümüşün və ya bürüncün qıtlığından, bahalaşmasından, istehsalat xərclərindən və çətinliklərindən və s.) səbələrdən dövlətlər pulun tərkibinə başqa metalları (məsələn, tuncu, misi və s.) qatmağa başladılar. Bu qatqılar hesabına pulun istehsalı asanlaşdı. Amma, bunun müqabilində pulun nominal dəyəri ilə onun tərkibində olan “qiymətli metalların” bazar dəyəri arasında ziddiyyət yarandı. Yəni, tərkibi daha ucuz olan pulun nominal dəyəri tərkibi baha olan pula bərabər oldu. Orta əsrlərdə insanların pulu dişlərinə çəkməsi haqqında kitablardan və filmlərdən xəbərdarsınız. Pulun dişə çəkilməsi onun keyfiyyətinin yoxlanılması üçün idi (məsələn, mis qızıldan yumşaq olduğuna görə, misdən düzəldilmiş sikkələr əyilə bilirdi).


Nəticədə, tərkibində qızıl, gümüş və ya bürünc olan sikkələr yavaş-yavaş dövriyyədən çıxmağa başladılar. Çünki, insanlar onları xərcləməyə deyil, yığmağa meyilli oldular. Qiymətli metallardan düzəldilmiş sikkələr, həmişəlik dəyər daşıyıcısı olaraq, istənilən zaman daha bahalı nemətlərlə dəyişdirmək üçün saxlanılırdı. Xərclənən isə “keyfiyyətsiz” (ucuz) pullar idi. Buna görə də dövriyyədə qalan məhz onlar oldu, “keyfiyyətli” (bahalı) pullar isə xüsusi əmanət kimi qorunurdu. Thomas Grasham bu qanunauyğunluğu ilk dəfə 1560-cı ildə aydın ifadə etdiyinə görə, qanunuyğunluq onun adı ilə adlandırılır (“Qreşem qanunu”).


“Qreşem qanunu” insanlara, onların münasibətlərinə də, şərti olaraq, aid oluna bilər. Qapalı sistemlərdə, pozgun zəmanələrdə “yaxşı adam” mövzusunun aktuallaşmasına əvvəlki yazılarımda toxunmuşdum. Bü gün, məişətdən tutmuş siyasətədək, “keyfiyyətli adamların” çatışmazlığından danışılır. Danışılırsa, problem var, demək ki. Nədədir, bəs, problemin səbəbi? Çoxları, yanlış olaraq, “keyfiyyətli adamların” azlığından, bəzən heç olmadığından gileylənir. Giley çarə deyil. Gerçək səbəbi hazırki siyasi sistemin özündə axtarmaq lazımdır.


Hər bir sistemin içində “davranış modelləri” olur. Təbiətdə də belədir. Elektronlar, atomlar, molekulalar və s. – hər şey hərəkətdədir. Təbiətdəki cisimlərin hərəkətinə, cəmiyyətdəki insanların hərəkatına olduğu kimi, şərti olaraq, “davranış modeli” demək mümkündür. Qapalı sistemlər möhkəm ola bilir, amma davamlı ola bilmir. Onların möhkəmliyi daxili “hərəkətsizliyin” (az sürətli hərəkətliyin) hesabınadır. Hərəkətsizlik – durğunluqdur. Durğun olan hər bir şey kövrəkdir. Üstəlik, qapalıdırsa, onda kənardan təsirlər qarşısında davamlı tab gətirə bilməyəcək, çünki içəridən hərəkətlənməyənin enerjisi zəif olur.


Buz niyə əriyir? Əlbətə, deyəcəksiniz ki, istidən. Doğrudur. Amma nədir bunun mexanizmi? Necə olur ki, istilik buzu əridir? Orta məktəbdə keçdiyiniz fizika kursunu xatırlayın. Hərarət də hərəkət məsələsidir. İstilik molekulaların daha tez hərəkət etməsindən asılıdır. Məsələn, isti havada buz ona görə əriyir ki, daha tez hərəkət edən havanın molekulaları çox az sürətlə hərəkət edən, durğunlaşmış, buzun molekulaları ilə toqquşur (havanın və buzun tamas xəttində) və onların kinetik enerjisi buzun molekulalarını sürətləndirir. Isti hava ilə tamas xəttində havanın sürətli molekulaları ilə toqquşma nəticəsində sürəti artmış buzun molekulaları, öz növbəsində, buzun digər molekulaları ilə toqquşur və onları sürətləndirir. Nəticədə, buzun içində hərəkətlilik artıqca, hərarət də artır, bunun hesabına da buz əriyir.


Cəmiyyətlər də elədir. Ünsiyyət hesabına bir-birilərinə enerji ötürə bilirlər. İnsanları cəmiyyətin molekulaları kimi təsəvvür etsək, cəmiyyətlərin inkişafını daha asan anlamış ola bilərik, bəlkə. İnsanlararası ünsiyyət sıxlığı (toqquşma enerjisi) çoxdursa, onların bir-birilərindən faydalanması (sürətlənməsi) tezləşir. Cəmiyyət içəridən genişlənməyə, qızışmağa (canlanmağa) başlayır. Bunun hesabına hər kəs üçün yeni fürsətlər açılır, öyrənmə asanlaşır, yanılma riski azalır, faydalanma əmsalı artır. Rabitə vasitələri bunu daha da asan edə bilir. Amma, sistem qapalı olduqda, rabitə üzərində total nəzarət, məlumat vasitələri üzərində senzura və ya başqa təhdid forması təşkil olunur. Nəticədə, ünsiyyət təşviq olunmur, təhsil, elm, mədəniyyət, siyasət, məişət, bir sözlə - hər şey durğunlaşmağa başlayır. Öyrənmə həvəsi ölür, faydalanma qabiliyyəti inkişaf etmir, paylaşma mədəniyyəti unudulur. Sərf etmir, çünki.


İqtisadiyyatımızda şirkətlərin təşkilat formasına baxın. Böyük əksəriyyəti ya QSC-dir (qapalı səhmdar cəmiyyəti), ya da MMC (məhdud məsuliyyətli cəmiyyət). Diqqət yetirin, “qapalı” və “məhdud məsuliyyətli” cəmiyyətlər. Niyə sahibkarlarımız əsasən bu formanı seçirlər? Çünki renta yığıcılığına əsaslanan siyasi sistemimiz paylaşmanı təşviq etmir. Paylaşma olmayan yerdə məsuliyyət də məhdud olasıdır. Elə hökümətimiz də MMC şəklindədir, sanki, – iştirakçıların sayı çox az, kollegial qərarlaşma çox zəif, məsuliyyət də, təbii ki, məhdud. Renta yığıcılığından gələn müftə gəlirlər hesabına imkanları genişlənən hökümətimizin həmin imkanlara uyğun mənəvi və hüquqi məhdudiyyətləri yoxdur. Nəticədə, müftəxorluq və saxtakarlıq baş alıb gedir. Bunun qarşısını bir az almaq üçün hökümətin üst qatlarında olanlar iqtisadiyyatımızı holdinqləşdirirlər. Çünki, holdinq məsuliyyəti artırmadan bazarın yeni sahələrini ələ keçirməyə, iştirakçılığı genişləndirmədən idarə xərclərini azaltmağa imkan yaradır. Amma, bunun nəticəsində inhisarlaşma güclənir, deməli iqtisadi azadlıqlar da boğulur. Belə bir təcrübənin üzərində qurulmuş siyasi sistem getdikcə daha çox qapanmağa məhkum olur.


“Qreşem qanuna” uyğun olaraq, bütün sahələrdə “keyfiyyətli adamlar”, dövriyyədən çıxarılır. Boşluğu “keyfiyyətsiz adamlar” tutmağa başlayırlar. Nədən? Çünki qapalı sistemin irəli sürdüyü tələblər, özünə yüksək qiymət verən və/və ya çevrələri tərəfindən yüksək qiymətləndirilən adamların mənəvi dəyərlərindən çox aşağı olur. “Keyfiyyətli adamlar” çevrələri tərəfindən həmişə “dişə çəkilir” (eynən tərkibində qızıl və ya gümüş olan sikkələr kimi). Çevrələrində keyfiyyətini itirmək istəmədiklərindən, sistemin ucuz təkliflərini qəbul edə bilmirlər. Sistem də təklifini “bahalaşdırmaq” (mənən yüksəltmək) istəmir, çünki təlabatları buna imkan vermir. Belə sistem üçün problem ondadır ki, ucuz (mənəvi məhdudiyyətləri olmayan) təklifərə hazır olanların da sayı sonradan tədricən azalmağa başlayır və sistem işlətməyə adam tapa bilmir.


Qapalı sistemlərə, mənəvi məhdudiyyətləri olmayan, hər şeyə hazır adamlar lazımdır. Hərzakarlıq peşəkarlığı sıxışdırır, peşə bir çevrə kimi yox olur. Kənardan təsirləri “zərərsizləşdirmək” bəhanəsilə qapanan sistem daxili durğunluğun tələsinə düşür. Münasibətlər soyuyur, ictimai proseslər dondurulur. İnsanlar da özlərinə qapanmağa başlayırlar, küskün və kövrək olurlar. Onları hərəkətə gətirən daxilindəki mənlikləri deyil, kənardan deyilən sözlər olur. Tənqidə dözüm azalır, təhqir əmsalı və təhqirolunma ehtimalı artır. Dəyərlər dəyməxətirliklə əvəz olunur. Adamların xətrinə dəymək çox asanlaşır, hərçənd, nəyin xətrini istədiklərini, çox zaman, heç özləri də aydın bilmirlər.


“Qreşem qanununa” görə, belə şəraitdə münasibətlərin keyfiyyəti ucuzlaşdığından, “keyfiyyətli adamlar” özlərini xərcləməkdən çəkindirməli olurlar. Nəticədə, onların bilikləri və təcrübələri paylaşılmır. Deməli, başqaların da onlardan faydalanma ehtimalı çox az olur. Bu azmış kimi, belə adamlar haqqında məlumat da geniş yayılmır, nəticədə də hamıya elə gəlir ki, belə adamlar heç yoxdur. Tanınanlar özlərini itirmişlər olur. İstisnalar mümkündür, amma həlledici deyil.


“Keyfiyyətli adamların” çoxalması üçün münasibətlərin keyfiyyətini artırmaq lazımdır. Keyfiyyət – keyf məsələsidir. Yəni, rahatlıq. Qapalı siyasi sistemlərdə rahatlıqla düzgünlük arasında həllolunmaz ziddiyyət yaranır. Belə şəraitdə düzgünlüyü pozmağa özlərinə yaraşdırmayanlar, bir qayda olaraq, uduzurlar. Nəticədə, rəqabət, əsasən, korrupsiyalaşmış çevrələrdə mümkün olur. Amma, belə rəqabətdə davamlılıq ancaq keyfiyyətsizliyi artıra bilir. Heç kəs, tam olaraq, uğurunun keyfini çəkə, dadını çıxara bilmir. Zəhmət əziyyətə çevrilir, bezdirir və, yenə də “Qreşem qanununa” uyğun, zəhmətkeşi tədricən sıradan çıxarır.


Keyfiyyəti “elitarlaşdırmaq” da olur. Belə halda keyfiyyətli adamlar üst, amma yenə də qapalı bir çevrə təşkil etməli olurlar. Problem ondadır ki, keyfiyyət hamı üçün açıq olmayanda ictimai fayda verə bilmir. “Yuxarıların keyfi” təhlükəli qıcığa çevrilir cəmiyyət üçün. Belə sistemin uzunluğu məlum olmaya bilər, amma sonu bəllidir. Siyasi sistemimiz içəridən açılmağa başlamasa, özünü çökdürəcək.

Friday, January 21, 2011

20 Yanvar.

Keçmişin qavranılması heç zaman qərəzsiz ola bilmir. Birincisi ona görə ki, yaddaş qaçılmaz olaraq ehtiraslıdır. Buna görə də hadisələri şəxsən yaşamışların şahidliyi yetərli sayıla bilməz. Elə buna görə də tarix müasirlər tərəfindən yazıla bilmir. Yazılırsa da, sonrakı nəsillər tərəfindən dəfələrlə təftişə məruz qalmalı olur, çünki sonrakı nəsillər keçmişin şahidləri deyillər, keçmişə yaddaş kimi yox, məlumat kimi baxırlar. Bu arada, 1848-ci il Fransa Konstitusiyasının layihəsində bir müddəanı xatırlatmağın faydası ola bilər. Orada yazılmışdır: “Heç bir nəsil sonrakı nəsilləri özünün qanunları ilə yaşamağa məcbur edə bilməz”. Hüquqi baxımdan səmərəsiz, amma mənəvi baxımdan ibrətli ifadədir.



İkinci səbəb də odur ki, qavrama anlayışların dərəcələndirilməsindən asılıdır. Dərəcə - dəyər məsələsidir. Hər bir dəyərləndirmə öncədən seçilmiş meyarlar əsasında edilir. Öncədən seçimin mümkün olması üçün öngörü lazımdır. Öngörü – falçılıq anlamına gəlməməlidir. Nə olursa olsun, məhz belə də olacağını bildiklərini sonradan iddia edənlər hər zaman olub, var və olacaq. Bu, öngörü deyil. Öngörü zamanı qabaqlamaq iddiası da deyil. Öngörü gələcəyə xəyali baxışdır. Burada xəyali olan gələcək yox, məhz baxışdır. Öngörü, bu anlamda, bildiyimizi iddia etdiyimiz keçmişlə yaşadığımızı sandığımız bu günlə rabitə qurmaq üçün zehni məsafədir. Gələcəyə baxış olmadan keçmişi qavramaq, bu günlə əlaqələndirmək olmur. Olursa da, nəsildən nəsilə şifahi ötürülən xatirələrdən uzağa gedə bilmir.


Tarix ehtiraslı xatirələrdən yox, ağıl xəritələrindən ibarətdir. Tarix, anlamağa çalışdığımız zamanı ağlımızda xəritələndiririksə, var ola bilir. Əks təqdirdə, keçmiş haqqında məlumat, ən yaxşı halda, rəvayət, əsatir və ağsaqqalların xatirələri şəklində olur. Ağıl xəritələrinin cizgiləri (hüdudları) baxış bucağından və görünən üfüqlərdən asılıdır. Ehtiras üçün ümid nədirsə, ağıl üçün üfüq odur.


Tarixin əhəmiyyəti keçmişi işıqlandırmasındadır. Keçmişə xəyalən qayıtmağımız bu günü anlamağımıza yardım edir. Amma, yenə də, çox şey gələcəyə baxışlarımızdan asılıdır. Gələcəyə baxışımız aydın deyilsə, keçmişimiz də dumanlı olasıdır. Dumanlı keçmişin bu gün üçün nə faydası ola bilər ki? Fizikanın (optika bölümü) orta məktəb kursundan xatırlamalı olduğumuz bir qanun var. Onun burada yerinədüşən bənzətmə ola biləcəyinə inanıram. Söhbət işığın qayıtma qanunundan gedir. Xatırladınız?


- İşığın qayıtma bucağı düşmə bucağına bərabərdir.


Keçmişə baxarkən, baxış bucağımızdan açılan mənzərə (müstəvi), zamanın qaytarıcı səth (tarix) ilə üst-üstə düşürsə və ya ona paraleldirsə, bu günümüz anlamsız olası, keçmişimiz kabus kimi təkrarlanası olacaq. İşiq mənbəyinin gücündən və mühitin sındırma əmsalından asılı olmayaraq, qaytarıcı səth bizim üçün görünməz qalacaq. Keçmişə bu günün gözü ilə baxmaqla, keçmişi anlamaq olmaz. Mütləq baxış bucağımızı əyməliyik, gələcəyə xəyalən gedib, qayıtmalıyıq. Unutmamalıyıq ki, gələcəyə baxış bucağımız nə olacaqsa, keçmişə qayıtma bucağımız də ona bərabər olacaq.


20 Yanvar haqqında indiki təbliğatın baxış bucağından faciə görünür. Ondan çıxarılası ağıllı nəticə yoxdur, ancaq kədərli ehtiraslar var. Ağla qərənfilim, ağla? Ağlamaq yox, ağıllanmaq lazımdır. 20 Yanvarın anlamı 18 Oktyabrdadır! 18 Oktyabrı isə indiki iqtidar vacib hesab etmir. 21 il öncə müstəqilliyin əleyhinə çıxanların iqtidarı 18 Oktyabrı necə dəyərləndirsin ki? Ona görə də özü üçün çıxış yolunu SSRİ-dən müstəqil olmamızın əhəmiyyətini və o zaman müstəqillik üçün çalışanların fəaliyyətini aşağılamaqda görür. 18 Oktyabrsız 20 Yanvar, doğrudan da, faciədən başqa bir şey ola bilməz. Faciə üzərində isə milli kimlik, milli birlik qurmaq, milli qürur oyatmaq mümkün deyil. Kədər birləşdirir, orası elədir. Amma, ümidləndirmir. Kədər mühiti, şəffaf olmadığına görə, işığı buraxmır. Kədərin cazibə sahəsi çox güclü olduğundan, cəmiyyət qara dəlik kimi sıxılır, onun içini kənardan müşahidə etmək mümkün olmur, içərisində olanlar üçün isə zaman yavaşıyır. Həm də o dərəcədə yavaşıyır ki, "Yanvar qırğını"na baxmayaraq, sovet zəmanəsini xoş xatirələrlə ananların səsi ucadan gəlməyə başlayır.  


20 Yanvar 2018-ci ilə baxın. İşığın mənbəyini indiki iqtidarın təbliğatında axtarmayın. Hazırki siyasi mühitin sındırma əmsalını nəzərə almayın. Xəyalınızın gücünə güvənin. Cümhuriyytəmizin 100-illiyini düşünün. Nə görürsünüz?


Unutmayın, görmə bucağı baxış bucağına bərabərdir.


 

Friday, January 14, 2011

Fərqinə varılmayan təsirlər.

Son aylar ölkəmizdə gedən proseslər ciddi narahatlıq doğurmaya bilməz. Hicabın məktəblərdə qadağanı (bu haqda hüquqi təhlilimi ayrıca yazaram) ilə başlamış, “islamçıların” həbsi ilə davam edən şübhəli və təhlükəli hadisələr baş verir. Ölkəmizdə İslamın siyasiləşməsi haqqında danışılır və müxtəlif yozumlar verilir. Təəccüblü deyil ki, bu məsələdə “İran amili” də nəzərə alınır. Alınmalıdır da. Fərqli mövqeləri və gələcəyə baxışları olanlar İranla təxminən eyni bənzətmələr qururlar. Gözləntilər fərqli, amma. “İran amili” demişkən, İrana “islamın siyasiləşməsi” məsələsi bucağından nəzər salaq. 

1960-1970-ci illərdə Şah Məhəmməd Rza Pəhləvi ABŞ-ın (Dünya Bankı vasitəsilə) təsiri altında “müasirləşmə” siyasətini tətbiq edirdi. Şah dünyəvi müxalifəti, xüsusilə də solçuları, şəxsən xoşlamırdı. Eyni zamanda, kütləvi dəstək naminə, müsəlman olduğunu ehtiyatla nümayiş etdirməyə çalışırdı. Başqa bir tərəfdən, ölkənin İslamaqədərki tarixinin şovinistik təqdimatını da təşviq edirdi. Şahın rejimini dəstəkləyən Qərb yönümlü, Qərbin aparıcı universitetlərində təhsil almış intellektuallar var idi. Onlar çox idilər və müxtəlif çevrələrdə, peşələrdə çalışırdılar: universitet və tədqiqat mərkəzlərin rəhbərləri, professorlar, filosoflar, iqtisadçılar, naşirlər, jurnalistlər, həkimlər, mühəndislər və s. Bu intellektualların fikirləri, əsasən, İranın mədəniyyət baxımından özəlliyi, coğrafi yerləşməsinin vacibliyi, tarixinin qədimliyi, ölkənin zənginliyi, gələcək inkişafı haqqında idi. Bu məsələlərə dair aralarında xeyli mübahisələr aparsalar da, bir mövzuda çoxunun mövqeləri ortaq idi. Həmin ortaq mövqe İslamın geridəqalmış inanclar sisteminin olmasını düşünmələrində idi. Bu mövzuda hətta xoşlamadıqları solçularla da həmrəy idilər. İslama qarşı olmanın ifratına vararaq, Şahın tərəfinə keçmiş eks-marksistlər də az deyildi. Qəribədir, amma o zamanki İran intellektualları arasında İslama qarşı kəskin mənfi münasibət hətta bəzi marksistləri də monarxist mövqeyə keçməyi sövq edə bilirdi.

Şahın rejimini dəstəkləyən bəzi intellektual qruplar, Qərb- təhsilli və yönümlü olsalar da, İslamın geridəqalmış inanclar sistemi kimi təqdimatı ilə razılaşmırdılar. Lakin onun (İslamın) “tam tərəfdarları” da deyildilər. Onlar dinlərarası bərabərliyi təbliğ edirdilər, bütün dinlərin ortaq dəyərləri paylaşdığına, eyni mənbədən gəldiyinə, mənəvi birliyinə inanırdılar. Bu qruplardan biri 1970-ci illərdə İran Fəlsəfə Akademiyasının Prezidenti olmuş, Səyyad Hüseyn Nəsr ətrafında formalaşmışdır. Bu qrup monarxist deyildi və Şahı ancaq dünyəvi dövləti qorumaq üçün dəstəkləyirdi.

Massaçusets Texnoloji Universitetini (M.İ.T) fərqlənmə diplomu ilə bitirmiş, Harvard Universitetində doktor adını almış, qismən Bertran Russel’in, sonra isə Rene Guenon’un ideyalarının təsiri altında olan Səyyad Hüseyn Nəsr, indi George Washington Universitetinin professorudur, İslam fəlsəfəsinin Qərbdə ən tanınmış və nüfuzlu adlarından biridir. 1970-ci illərdə Səyyad Hüseyn Nəsr və onun tərəfdarları İranda əsasən solçulara qarşı idilər (solçuların İslama qarşı olduqlarına görə). Amma, eyni zamanda, Nəsrin qrupu siyasi İslama da qarşı idi. Buna görə İslam İnqilabından sonra İranı tərk etməli oldular, hərçənd, Nəsrdən İranda qalmaq və Tehran Universitetinə rəhbər olmaq xahiş edilmişdi.

İran solçuları anti-imperialist romantizm səviyyəsində idilər. Güclü nüfuzu olan intellektualları xeyli az idi, olanları da, əsasən, marksist ədəbiyyatının rus, ingilis və fransız dillərindən tərcümə etməklə məşğul idi. Üstəlik, pərakəndə idilər. Aralarında, deyəsən, yalnız bir Qərb təhsilli intellektual var idi – London Universitetini bitirmiş, filosof-şair İsmayıl Huyi. İran solçularının əksəriyyəti SSRİ yönümlü idi. SSRİ də onları bacardığı qədər dəstəkləməyə çalışırdı.

Solçulara qarşı təqiblərdə Şahın həm Qərbdən, həm də, İslama və monarxiyaya yanaşma fərqlərindən asılı olmayaraq, yerli Qərb təhsilli intellektuallardan güclü dəstəyi var idi. Aydındır ki, “İslamçıların” da solçulara münasibəti mənfi idi. Maraqlıdır ki, İrandakı mühafizəkar İslam filosoflarının böyük əksəriyyəti siyasətə heç qarışmırdı. Doğrudur, Şah rejimini, Qərbi və solçuları ciddi tənqid edirdilər, amma siyasi mövqeləri, gündəmləri yox idi. İslamın siyasiləşməsində Qərbdə təhsil almış, İranın milli kimliyini və qürurunu vurğulamağa çalışan və bunun üçün ortaq gündəm axtarışında olan intellektualların rolu böyük oldu. Hətta İslamın siyasiləşməsini istəməyən intellektuallar belə, bu rolu oynamalı oldular, çünki Şah rejiminin pozğunluğu, dünyəvi müxalifətin dağınıqlığı və təkəbbürü, başqa çıxış yolun olmadığının mənzərəsini yaratmışdı, sanki.

İranın dərin böhrandan çıxarılmasının yolunu “Qərb düşüncəli” intellektuallar, qəribə də olsa, buna qədər ciddi tənqid etdikləri İslamda görməyə başladılar. “Qərb düşüncəli” ifadəsi onların aparıcı Qərb unversitetlərində təhsil almalarına, orada tədqiqatlar aparmalarına, Qərb alim və filosoflarının ideyalarından bəhrələnmələrinə işarədir. Həmin intellektuallar Qərb fəlsəfəsini İslam haqqında müzakirələrində istifadə etməyə başladılar. Hərəsinin Qərbdə öz fəlsəfi çevrəsi var idi. Bu intellektualların bir çoxu İslam İnqilabında ya birbaşa iştirak etmiş (onun ideolojisini hazırlamış), ya da sonradan İnqilabi rejimlə əməkdaşlıq etmişlər və bəziləri, hətta, sonradan “Ayatollah” ola bilmişlər.

Bu intellektuallar İran kimi ölkədə İslamın birləşdirici gücünü çox yaxşı anlayırdılar, amma Qərb intellektual təsirindən də imtina etmək niyyətində deyildilər. Onlar Qərb fəlsəfə məktəblərindən İslami mövzularda istifadə etməyə başladılar, məsələn:

- filosof Əliqulu Bayani və Ayatollah Hayeri Yazdi – Rudolf Carnap’ın (Karnap) və Willard Quine’ın (Kuayn);

- Ayatollah Moretza Mottahari, tarixçi Əbdül-Hüseyn Zarrinkub və filosof Əbdül-Kərim Soruş (Karl Popper’in);

- filosof Əhməd Fardid (Martin Heidegger’in)

- və s.

Maraqlıdır ki, bir-birilərini İslam diskursunda tənqid etməkdən çəkinən bu intellektuallar, rəqibinin mənsub olduğu Qərb fəlsəfi məktəbi tənqid etməklə mübahisə edirdilər. Məsələn, Əbdül-Kərim Soruş və Əhməd Fardid qarşılıqlı tənqidlərini, müvafiq olaraq, Karl Popper’in və Martin Heidegger’in fəlsəfəsi üzərində qururdular. London Universitetinin məzunu Əbdül-Kərim Soruş, K. Popperin mühazirələrinin və əsərlərinin təsiri altında formalaşmış filosof idi. Sorbonne və Heidelberg Universitetlərinin məzunu Əhməd Fardid isə Heideggerçi idi. Soruş Fardidi tənqid edəndə Heideggeri, Fardid Soruşu tənqid edəndə isə Popperi hədəfə almalı olurdular ki, həssas İslami mövzularda çevrəni əbəs yerə qıcıqlandırmasınlar. Amma ikisi də İran İslam İnqilabına əhəmiyyətli ideoloji töhfə verdi. Bir çox başqa “Qərb düşüncəlilər” kimi. Doğrudur, sonradan bəziləri İranı tərk etməli oldu, digərlərini qovdular, bir neçəsini isə, hətta, öldürdülər, amma İslam İnqilabına “Qərb düşüncəlilərin” böyük ideoloji töhfəsi danılmazdır. İranda qalan, rejimlə əməkdaşlıq edən, bu günə qədər nüfuzu olanlar da çoxdur. Əbdül-Kərim Soruş, məsələn, indi George Washington Universitetinin professorudur (Səyyad Hüseyn Nəsr kimi). Hazırki İran rejiminin ardıcıl tənqidçilərindəndir. Soruşun İrandakı liberallar və islahatçılar arasında böyük intellektual nüfuzu var.

İslam İnqilabi ərəfəsində Soruş İranda Popperi məşhurlaşdırdı, onun əsərlərini fars dilinə tərcümə etdi. Üstəlik, öz yazılarında və mühazirələrində Popperin fəlsəfəsindən geniş istifadə edirdi. “Açıq Cəmiyyət və Onun Düşmənləri” kitabındakı ideyalar tələbələr arasında Şah rejiminə qarşı güclü alətə çevrilmişdir. Soruşun Tehran, Şiraz, Məşəd Universitetlərində Popperin fəlsəfəsi haqqında mühazirələri, İran Fəlsəfə Akademiyasında məruzələri, çoxlu yazıları sayəsində qəribə bir sintez yaranmışdır: Popperin fəlsəfəsi və İslam. Əslində, Soruşun niyyət etmədiyi və o zaman kimsənin təsüvvür belə edə bilməyəcəyi bir sintez oldu.

Digər tərəfdən də Fardid Heideggerin fəlsəfəsini təbliğ etməklə, yenə də, niyyət etmədiyi başqa bir sintezə şərait yaratdı: Heideggerin fəlsəfəsi və İslam. Görünür, İranda o vaxtki siyasi şərait hər şeyin “İslamlaşmasını” şərtləndirirdi. Fardid Heideggerin fəlsəfi anlayışlarını şəraitə uyğun təqdim etməyə başladı. İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi yanında Elm Siyasəti Sahəsində Milli Tədqiqatlar İnstitunun və Britaniyanın Westminster Universitetinin tədqiqatçısı, Əli Paya, iddia edir ki, Fardidin məşhur “Hikmət-i Ünsi” olduğu kimi Heideggerdən götürülüb, sadəcə İslam mənbələrilə ahəngləşdirilib. Fardid Qurandakı “hikmah” anlayışını Heideggerin “hegema” (yunanca “öncül olmaq”, “irəli aparmaq” deməkdi) anlayışına uyğunlaşdırmışdı, “üns” anlayışını isə - “gnosis” (yunanca “bilik” deməkdi) anlayışına. Bunu etdikdən sonra, Fardid “Hikməti-i Üns”ü müsəlmanlar üçün yeganə doğru təfəkkür sistemi kimi təqdim etməyə başladı.

Maraqlıdır ki, buna baxmayaraq, Fardid müsəlmanları Qərbləşməkdən ehtiyatlanmağa çağırırdı. Onun ingiliscə işlətdiyi “westoxication” (“west” - “qərb” deməkdir, “toxication” isə - “zəhərlənmə”) söz oynatması sonradan İranda və ərəb ölkələrində xeyli məşhurlaşdı. Burada, amma, bir düzəliş də etməyin yeri var. Fardid, Heideggerçi olduğuna görə, ümumiyyətlə “Qərb-Şərq” qarşılaşdırmasını qəbul etmirdi, onu süni, yersiz olduğuna iddia edirdi. Yəni, Fardid Qərbi kəskin tənqid edirdi, amma Şərqi də yüksəltmirdi, birini digərinin üzərinə qoymurdu. Heidegger kimi, Fardid də hesab edirdi ki, Platondan sonra, “həqiqət” və “varlıq” məsələlərini aralamaqla, bəşəriyyət çaşıb, doğru yoldan çıxıb. Nə həqiqəti tapa bilir, nə də doğru-dürüst var ola bilir. Fardidin də, Soruş kimi, İran intellektualları arasında nüfuzu xeylidir, amma daha çox mühafizəkarların çevrəsində, o cümlədən Qum məktəbinin yetirmələri arasında. Məsələn, Rza Davari – Qum məktəbinin yetirməsi, Fardid çevrəsinə daxil olan, sonradan Tehran Universitetinin professoru, nüfuzlu filosof. O da, Fardid kimi, Popperin kəskin tənqidçilərindəndir. Ümumiyyətlə, deyildiyi kimi, İran intellektualları arasında, hətta İslami mövzularda belə, mübahisələrin, demək olarsa, “ana xəttini” Popper-Heidegger qarşılaşdırması təşkil edirdi.

Solçular isə İslam İnqilabı ərəfəsində və, hətta, inqilabdan bir müddət sonra, yanlış olaraq, əsas intellektual enerjilərini liberalizmin və kapitalizmin tənqdinə sərf etdiklərindən, bu mübahisələrdən kənar qaldılar və siyasi proseslərə əhəmiyyətli təsir edə bilmirdilər. Sonradan ayıldılar və başladılar Popperi tənqid etməyə. Tənqidləri də qurulmuşdur guya “Popperin Marksı yanlış anladığı” iddiası üzərində. İran solçuları, Popperin inqilablara qarşı olduğunu əsas götürərək, onun fəlsəfəsinə qarşı çıxmağa başladığı vaxtda, “Qərb düşüncəli” intellektuallar, narazı dini çevrələr və xalq kütlələri ilə birlikdə, Popperin “Açıq Cəmiyyət” ideyası uğrunda inqilab etdilər. Qəribədir, deyilmi? Görünür, bu da “solluq uşaq xəstəliyi”nin İran variantı idi.

Bəli, İrandakı inqilabın və onun nəticələrinin Popperin fəlsəfəsi ilə birbaşa əlaqəsi yoxdur. Heideggerin fəlsəfəsi ilə də birbaşa əlaqəsi yox idi. Nə olsun ki? Martin Lüter də protestant deyildi. O, sadəcə katolik kilsəni və katolik təlimi islah etmək istəyirdi. Sadəcə, onun islahatçı ideyaları hersoq Albrecht von Brandenburg’un siyasi məqsədlərinə uyğun gəldi. Hersoq Martin Lüteri Berlinə dəvət etdi, kilsənin təqiblərindən qorudu, Lüterin təlimini rəsmi siyasətə çevirdi və nəticədə Prussiya dövləti yarandı. Martin Lüterin fəlsəfəsi hara, hərbi intizam üzərində qurulmuş Prussiya hara? Amma, belə oldu. Popperin və Heideggerin də İrandakı İslam İnqilabı ilə əlaqəsi o qədərdir.

Tarixdə belə proseslər çox olub. Bu gün də var. Ümumiyyətlə, tarixdə təsadüflərin rolu böyükdür. Heç kim proseslərə tam nəzarət edə bilmir. Ona görə də qapalı cəmiyyətlərdə, mərkəzləşmənin aşırı dərəcəyə çatdırlımasından, paylaşma inkişaf edə bilmir. Paylaşma olmayanda, ortaq məsuliyyət də yarana bilmir. Nəticədə cəmiyyət zəifləyir. Bu gün İran intellektualları arasında Popperin fəlsəfəsinə yenidən maraq oyanmaqdadır. Yenə açıq cəmiyyət qurmaq yollarının axtarışı gedir. Siyasi proseslərə fərqli bucaqlardan baxmağa başlanılır.

Bizim cəmiyyətdə isə çox şey, sanki, tərsinə inkişaf edir. Cəmiyyətimiz qapanır, paylaşma təşviq olunmur, ortaq məsuliyyət duyumu yaranmır. İntellektual sahədə, bəzi kövrək istisnaları çıxmaq şərtilə, dərin və qorxuducu boşluq var. Siyasətimiz cılız, kobud və nadandır. İştirakçılıq və təşəbbüs az qala bütün sahələrdə boğulur. Boşluğu din doldurmağa başlayır. Özü-özlüyündə bunda böyük bir problem görmürəm. Daha böyük problem proseslərin intellektual tutumunun dayazlığındadır. Bütün tərəflərə aiddir bu irad. Bunun səbəblərini növbəti yazımda təhlil etməyə çalışaram.