İstək. İnam. İradə. İştirak.

Friday, February 20, 2009

Qısadüşüncəlik (short reasoning)

Problemlərimizin böyük əksəriyyəti düşüncəmizin qısa olduğundan qaynaqlanır. Uzaq hədəflər, uzun planlamalar kimi şeylər bizi yorur. Dilimiz də bunu tam aydınlığı ilə ifadə edir. Uzaq hədəflər haqqında danışana - "çox uzağa getmə" -, uzun planlamanı etməyə çalışana isə - "uzunçuluq etmə" - deyilə bilir. Dilimiz çəkingən olduğumuza dəlalət edir. Maraqlıdır ki, bu anlamda "uzağa getmək" nöqsan sayıldığı halda, "uzağı görmək" hünər sayılır. Uzaqgörənlik uzaqgedənlikdən üstündür, yəni. Çox qəribədir, uzağa gedəsi deyiliksə, uzağı görməyimizin nə faydası? Getmədiyimiz təqdirdə isə gördüyümüz nə olasıdır? Nəticəni öncədən görə bildiyimizə iddia edirik. Başlamadan, sonu düşünürük.

Bəlkə elə yerimizdə saydığımızdandır ki, uzağa yox, ətrafa baxırıq. Nəfəsi dərindən, düşüncəni isə ətrafdan alırıq. Ətraflı düşündüyümüzdən dərin biliklərimiz olmur. Bütün problemlərə kənardan yanaşmağa çalışırıq. Problemlərin içinə girməkdən çəkinirik, başımızı dərdə soxacağımızdan qorxuruq. Problem bizim üçün dərd sayılır. Ona görə siyasətdə də mərkəzçilərin, sağçıların və solçuların olduğu görünmür. Əvəzində, yuxarıda oturanlar, qıraqda qalanlar və ortalığa düşənlər var.

Biz sözə baxırıq. Qəribədir, deyilmi? Sözü nədənsə dinləmirik, oxumuruq. Biz ona baxırıq. Sözə də baxmaq olur? Əlbəttə, yox. Ona görə də gördümüyüz - sözü deyən olur. Danışan danışılandan daha vacibdir bizim üçün. Sözün sahibi, yəni. Sözə baxmaq üçün gözə ehtiyac yoxdur. Sözə baxmaq üçün qulaq asmaq lazımdır. Biz sözə baxıb, iş görürük. Sözə baxmayanda isə, işə düşürük. İş görə bilməyəndə, fəaliyyət göstəririk (başqaları guya işlədiyimizi görsün deyə).

Sözəbaxanlığımız qısadüşüncəliyimizə çevrilir. Qısa düşündüyümüzdən, dilimiz yanıtmac ifadələrlə doludur. Qısadüşüncəliyimiz anlaşılmazlıqları artırır, mövzu seçimini daraldır, yersiz söhbətlərə sövq edir. Qısa düşünən adamın geniş azadlığı ola bilməz.

6 comments:

  1. maraqli fikirlerdir... but i would like to qualify one thing a bit. bele ki, dillerin choxunda oxshar deyimler olur. meselen, ingiliscede de "to go too far" menfi menani verir. diger terefden, uzaga getmekle, uzagi görmek ferqli kontekstlerde ishledilir. bele ki, "uzaga getmek" adeten konkret meselelerle bagli olur. yeni, uzaga gederek konkret meseleden uzaqlashmish olursan, bu zaman geri qayitmaq tövsiye olunur bu deyimle.

    ReplyDelete
  2. Dil problemin yalnız üzdə olan tərəfidir. Bu mövzuya hələ qayıdacağam, onda daha ətraflı yazaram.

    ReplyDelete
  3. maraqli yazi idi Erkin muellim.xususen de soz sahibinin bizim ucun daha vacib oldugunu qeyd etdiyiniz meqam.Amma mence etrafli dusunduyumuzden daha derin dusunmeye mecbur oluruq.Ve cox zaman yeni oz adimdan desem heyatin esl megzini bele kesf etmis oldum..

    ReplyDelete
  4. Erkin,

    qısadüşüncəlik haqqında yazınızda tam yerinə düşən və bunu - yəni, qisadüşüncəliyi özündə ehtiva edən müvafiq söz birləşmələrini özünüzəməxsus təhlil etmisiniz. Bunlar çox dəyərli və uzağı düşündürəndir. Mən fikirlərinizə şərh vermək istərdim:

    1. "Uzaq hədəflər haqqında danışana - "çox uzağa getmə" -, uzun planlamanı etməyə çalışana isə - "uzunçuluq etmə" - deyilə bilir. Dilimiz çəkingən olduğumuza dəlalət edir." Erkin Q.

    - Mən burada Sizinlə tam razılaşmaya bilərəm, çünki dilimiz çəkingənliyə yox, bizdə düşünməyə tənbəllik halının olduğuna və dərin düşüncənin olmamağına əslində işarə edir. Uzunçuluq isə ona görə hesab edilir ki, qarşısındakının fikirləri onun üçün tamamən yaddır,o,bu tərzdə heç vaxt düşünməyib. Ona görə yaddır ki, qarşımızdakının məndən fərqli düşünə biləcəyini hələ də şüurlu olaraq dərk etmirik. Bu isə artıq genetik bir haldır,kütlənin qüsurudur.

    2. "Uzaqgörənlik uzaqgedənlikdən üstündür, yəni. Çox qəribədir, uzağa gedəsi deyiliksə, uzağı görməyimizin nə faydası?" Erkin Q.

    - Baxın, burada uzaqgörənlik ona görə dəyərləndirilir ki, uzağa getməyə lüzum yoxdur-(Tənbəlik). Bu da o deməkdir ki, dərin düşünməyə ehtiyac yoxdur və biz uzaqgörəndən bəhrələnə bilərik. Bu hal isə SÖZƏ BAXMAQ "fəaliyyətini" meydana çıxarır ki, "uzaqgörənə" də bu hal xüsusi zövq verir,çünki onun zəhməti dəyərləndirilir. Əslində bu "fayda" (dırnaqda yazılsa da) pis sayılmaya bilər, o halda ki, uzaqgörənin sözü həmin şəxsi dərin düşünməyə və nəticədə fikirdən fikir çıxarmağa təkan versin. (Fikir şəraiti tikir -E.Q)

    -"Danışan danışılandan daha vacibdir bizim üçün. Sözün sahibi, yəni" Erkin Q.

    - Bu hal çox acınacaqlıdır,çünki ortada güclü özünümüdafiə var. Buna səbəb isə insanların bir-birinə etibar etməməsidir. Bizdə (hətta insanlıqda) belə bir fikir formalaşıb ki, ancaq Sənin tanıdığın və yaxının Səni qoruya bilər və Sən ona qeyd-şərtsiz etibar edə bilərsən. Bu hal, artıq insanı inandırır ki, sözü deyənin(özündən ağıllı sandığı və etibar etdiyi)düzgünlüyünə və onun sözünə əlavələrə əsla ehtiyac yoxdur.

    Uzun sözün qısası, Sizin sözünüz -qısadüşüncəlik- məni az-çox düşündürdü və bunun nəticəsində belə müəyyənləşdirdim ki, qisa düşüncəlik QORXUNUN,QEYRİ-SƏMİMİLİKDƏN MÜDAFİƏNİN,İNAMSIZLIĞIN (hətta insan özünə inam anlayışını itirir)təzahürüdür.

    Sevgilər və hörmətlər,

    Nurlana C

    ReplyDelete
  5. Uzağı görmək əsas deyil, başlıcası uzaqda nəyi görməkdir...

    Kəmağıllara həsr etmiş olduğum "şeri" sonra göndərərəm.

    ReplyDelete
  6. Salam Erkin müəllim. Çox qəribədir 100 ilə heç nə dəyişməyib. Siz yəqin Üzeyir bəyin Müsəlmanların fil düzəltməısinə dair felyetonunu oxumusunuz.
    Hörmətlə, Aqşin Atazlızadə

    ReplyDelete