İstək. İnam. İradə. İştirak.

Friday, April 17, 2009

Post-referendum: bəzi qeydlər (2-ci hissə)

"İki dəfədən artıq seçilməmək məhdudiyyətinin" ləğv edilməsi ilə bağlı Konstitusiyanın 149.7 maddəsinin tətbiqi ehtimalına dair qeydlərimi əvvəlki yazımda ifadə etmişdim. Bir kiçik əlavəm də var.

149.7 maddəsində yazılır:

"Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,... normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir."

Bu maddədə "şəxslərin" sözünə xüsusi əhəmiyyət verilməlidir. "Şəxsin" yox, "şəxslərin" yazılması 149-cu maddənin "eyni vəziyyətdə olan" (similarly situated) şəxslərin kateqoriyalarını nəzərdə tutduğu aydın görünür. Tətbiqi aktlardan fərqli olaraq, normativ aktlar konkret şəxslərə deyil, onların kateqoriyalarına aid edilir. Şəxslərin kateqoriyası, onların eyni vəziyyətdə olması ilə müəyyən olunur. Referendumun nəticələri baxımından hansı şəxslər 149.7 maddəsinin mənasına görə İlham Əliyevlə eyni vəziyyətdədirlər? İlham Əliyevdən başğa daha kimin hüquqi vəziyyəti yaxşılaşır ki, 101.5 maddəsinin ləğvi geriyə şamil oluna bilsin? Cavab aydındır: heç kimin!

Odur ki, əvvəlki yazımda qeyd etdiklərimə əlavə olaraq, bu baxımdan da 149-cu maddənin 7-ci hissəsi 101-maddənin 5-ci hissəsinin ("iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin") ləğvinə aid edilə bilməz.

--------------------------------

(ardı olacaq)

6 comments:

  1. Fikrimcə burda "şəxslər" sözünün cəmdə işlədilməsi dil qaydaları ilə bağlıdır, "hüquqi və fiziki" ifadəsi (2 söz) növbəti sözü cəmdə işlətməyə məcbur edib.
    Kateqoriya fikrini qəbul etsək belə, bəli, referendumla bağlı konkret bu halda dəyişiklik yalnız 1 şəxsin vəziyyətini yaxşılaşdırır, amma 1995-ci ildə Kon.-mızı qəbul edənlər belə vəziyyəti, bəlkə də, əvvəlcədən görə bilməzdi. Nəzərə olaraq yeni qaydanın 1-dən çox şəxsin vəziyyətini yaxşılaşdırması mümkündür (artıq 2 dəfə seçilmiş başqa bir eks-Prezident ola bilərdi). Vəziyyəti yaxşılaşan şəxsin yalnız 1 nəfər olması, məncə, 149.7-nin tətbiqi üçün fərq etməməlidir.

    ReplyDelete
  2. 149.7 maddəsində "şəxslərin" sözünün işlədilməsi sadəcə qramatik məsələ deyil.

    Yazırsınız ki:

    "Fikrimcə burda "şəxslər" sözünün cəmdə işlədilməsi dil qaydaları ilə bağlıdır, "hüquqi və fiziki" ifadəsi (2 söz) növbəti sözü cəmdə işlətməyə məcbur edib."

    Əslində, qramatik təfsir bu maddəni absurd edir (ad absudrum reducere), çünki "və" bağlayıcısının mənası birləşdiricidir. Bu mənayə görə 149.7 maddəsinin tətbiq olunması üçün həm fiziki, həm də hüquqi şəxslərin hüquqi vəziyyəti yaxşılaşmalıdır. Belə məna qramatik baxımdan doğru olsa da, hüquqi baxımdan yararsızdır.

    149.7 maddəsinin məqsədi "həm fiziki, həm də hüquqi şəxslərin" yaxsılaşdırmaq deyil (ola da bilməz). Burada "və" bağlayıcısının yazılması səhvdir. Konstitusiyada bu cür səhlər az deyil, çünki Rusca düşünüb, Azərbaycanca yazıblar. Üstəlik, son mətnin tələsik yazıldığını da söyləmək olar. Əks təqdirdə bu cür səhvlər olmazdı.

    149.7 maddəsində "və" bağlayıcısının səhvən yazıldığını anlamaq üçün bu maddəni, məsələn, 14-cü maddə ilə müqayisə etmək olar.

    Konstitusiyanın 14-cü maddəsində yazılır:

    "Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur."

    Burada "və ya" bağlayıcısına diqqət yetirin. Həm fiziki, həm də hüquqi şəxslərin hüquqlarına xələlin gətirilməsi tələb olunmur. Odur ki, 149.7 maddəsində "və" bağlayıcısının yazılmasına baxmayaraq, "fiziki və hüquqi şəxslərin" ifadəsi yalnız birləşdirici mənada deyil, həm də ayrı-ayrı təfrsi olunmalıdır (yəni, ya fiziki, ya da hüquqi, ya da hər ikisi). 149.7 maddəsində "və" bağlayıcısının yazılması, qədim Roma hüquqşünasların dili ilə desək, lapsus calami ("qələm səhvidir). Maddənin mənası bu cür səhvlərin qurbanı ola bilməz. Ona görə belə hallarda qramatik mənadan kənara çıxmağa icazə verilə bilər.

    149.7 maddəsinin 14-cü maddə ilə müqayisəsi başqa və daha maraqlı bir fərqi üzə çıxarır. 14-cü maddədə "hər hansı" ifadəsi "şəxslərin" sözünü tək mənada da təfsirini mümkün edir. 149.7 maddəsində isə ümümi şəkildə "şəxslərin" yazılması bu sözün tək mənada təfsirini mümkün etmir. Bu maddənin ünvanı "hər hansı" şəxs yox, şəxslərin kateqoriyalarıdır. Şəxslərin kateqoriyası isə onların eyni vəziyyətdə (similarly situated) olmaları ilə müəyyən edilir. 149.7 maddəsi hətta nəzəri baxımdan bir nəfəfin xeyrinə yozula bilməz. Burada söhbət tətbiqi aktlardan deyil, normativ aktlardan getdiyi üçün.

    P.S. Öncə yazdığım kimi, 149.7 maddəsi 101.5 maddəsinin aradan götürülməsinə aidiyyətı yoxdur.

    ReplyDelete
  3. Öncəki posta komentimdə qeyd etdiyim səbəbdən retrospektivliyin referendum məsələsi üçün problem yaratmadığı fikrindəyəm (geriyə tətbiq edilmə halı burda yoxdur). Ona görə 149.7-nin "köməyinə" ehtiyac yoxdur. Sadəcə maraqlı olduğu üçün fikir bildirirəm.

    "Və" məsələsinin problemli olması fikrinə qatılıram. Amma normanın hərfi mənası absurd nəticə verərsə, qanunvericinin niyyəti nəzərə alınmaqla (üstün tutulmaqla) təfsir edilməlidir ("həm fiziki şəxslərin vəziyyətini yaxşılaşdıran normatv hüquqi aktlar, həm də hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktlar" kimi).

    Konkret bu halda qeyd edilən norma 1 nəfərin vəziyyətini yaxşılaşdırır, amma məs. referendum 20 il sonra olardısa, vəziyyəti yaxşılaşan şəxslərin sayı 1-dən çox ola bilərdi. Gələcəkdə də hər hansı başqa konst. dəyişikliyi (və ya qanun qəbul edildikdə) yalnız 1 nəfərin vəziyyətinin yaxşılaşması ehtimalı hər zaman var. Yəni bu norma konkret bir şəxsə (fərdi akt kimi) yönəlməyib, oxşar halda olan (və gələcəkdə ola biləcək) bütün şəxslərə yönəlib, çünki normativ hüquqi aktdır.

    Qanunverici əvvəlcədən ehtmal edə bilməyəcəyi hal olduqda (məs. konkret bu hal), qanunun hərfi mənasından kənara çıxma qəbul edilir, amma qanunvericinin niyyəti (Legislative intent) nəzərə alınmaqla. Q-vericinin niyyəti aydındır ki, bu hallarda şəxslərin vəziyyətini yaxşılaşdırmaqdır. Vəziyyəti yaxşılaşanın ancaq 1 şəxs olması, məncə, fərq etməməlidir.

    Oncəki komentlə bağlı: Seçilmək hüququnun niyə olmaması mənə tam aydın olmadı (Konst. "dövlət orqanlarına seçmək və seçilmək" hüququnu tanıyır).

    Son olaraq, Erkin m., daha bir fikriniz budur ki, Prezident olmaq heç də vəziyyətin yaxşılaşması deyil, vəzifələr, məzuliyyətlər vəs. gətirir, bir sözlə ağır işdir. Bununla bağlı fikrim budur ki, şəxsin vəziyyətini yaxşılaşdıran hal ona yenidən seçilmək hüququnun verilməsidir. Namizəd olub - olmamaq şəxsin öz seçimidir- məcburiyyət yoxdur.

    Müzakirə etdiyimiz referendumla bağlı (formal)hüquqi problem görmürəm.

    Maraqlı yazılar üçün təşəkkür edirəm.

    ReplyDelete
  4. Really excellent work! Have a nice day!

    ReplyDelete
  5. Fərid bəy,

    Əsil təşəkkür Sizə düşür ki, maraq göstərib tənqidi qeydlərinizlə bölüşürsünüz.

    Aramızdakı yanaşma fərqinin kökü mənə, deyəsən, indi aydın olur. Gərək bunu lap öncədən əsas postumda yazaydım.

    Artıq ləğv olunmuş sayılan "iki dəfədən artıq təkrarən seçilməmək" məhdudiyyəti İlham Əliyevə üçüncü dəfə Prezident olmağı qadağan etmirdi. Həmin məhdudiyyət sadəcə iki dəfə ardıcıl seçiləndən sonra üçüncü seçkini buraxmağı tələb edirdi. Üçüncü müddəti buraxandan sonra İlham Əliyev yenidən Prezidenliyə namizədliyini verə bilərdi.

    "Təkrarən" sözü 101.5 məddəsində həlledicidir. Keçmiş 101.5 maddəsi, daha sadə dildə desək, dalbadal iki dəfədən çox seçilməyi qadağan edirdi. Üçüncü seçkini buraxıb, sonradan yenə qatılmaq olardı. Belə olmasaydı, sadəcə "iki dəfədən artıq" yazmaq yetərdi. "Təkrarən" sözü sadəcə növbə fasiləsi mənasını daşıyırdı.

    Məhz bu baxımdan da, 101.5 maddəsinin ləğvindən faydalana biləcək yeganə şəxs İlham Əliyevdir, çünki bu konteksdə heç kəs onunla hətta nəzəri baxımdan (nə keçmişdə, nə gələcəkdə) eyni vəziyyətdə ola bilməz. 149.7 maddəsinin yeri yoxdur burada.

    O ki, qaldı "seçilmək hüququna" - bu sadəcə metaforadır. Nəticə zəmanətli deyil və qarşılıqlı vəzifə daşıyanlar yoxdur. Sadəcə seçkidə namizəd kimi iştirak etmək hüququ var. Bu hüququn qarşılıqlı vəzifə daşıyanı da var - seçki komissiyaları.

    ReplyDelete
  6. salam Erkin mellim.Sizin yazilarinizi hemise seve-seve oxuyuram.Menim ucun bu Referendumdan da "Analoqsuz" hadise Prezidentin Nazirler Kabinetinin toplantisinda "Men bu gunnen agac kesmeyi qadagan edirem" sozleridir.Bele cixir ki indiye kimi agac kesmek olarmis. Ve yaxud da bu qeder Qanuncericilikde qanunsuz agac kemeyi qadagan eden muddealar filfilo imis. Bir Sozle Bizim Cenab Prezidentimiz demek isdeyir ki men Qanunan ve yaxud qanun Menem.

    ReplyDelete