İstək. İnam. İradə. İştirak.

Friday, April 17, 2009

Post-referendum: bəzi qeydlər (2-ci hissə)

"İki dəfədən artıq seçilməmək məhdudiyyətinin" ləğv edilməsi ilə bağlı Konstitusiyanın 149.7 maddəsinin tətbiqi ehtimalına dair qeydlərimi əvvəlki yazımda ifadə etmişdim. Bir kiçik əlavəm də var.

149.7 maddəsində yazılır:

"Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran,... normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir."

Bu maddədə "şəxslərin" sözünə xüsusi əhəmiyyət verilməlidir. "Şəxsin" yox, "şəxslərin" yazılması 149-cu maddənin "eyni vəziyyətdə olan" (similarly situated) şəxslərin kateqoriyalarını nəzərdə tutduğu aydın görünür. Tətbiqi aktlardan fərqli olaraq, normativ aktlar konkret şəxslərə deyil, onların kateqoriyalarına aid edilir. Şəxslərin kateqoriyası, onların eyni vəziyyətdə olması ilə müəyyən olunur. Referendumun nəticələri baxımından hansı şəxslər 149.7 maddəsinin mənasına görə İlham Əliyevlə eyni vəziyyətdədirlər? İlham Əliyevdən başğa daha kimin hüquqi vəziyyəti yaxşılaşır ki, 101.5 maddəsinin ləğvi geriyə şamil oluna bilsin? Cavab aydındır: heç kimin!

Odur ki, əvvəlki yazımda qeyd etdiklərimə əlavə olaraq, bu baxımdan da 149-cu maddənin 7-ci hissəsi 101-maddənin 5-ci hissəsinin ("iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin") ləğvinə aid edilə bilməz.

--------------------------------

(ardı olacaq)

Wednesday, April 15, 2009

Post-referendum: bəzi qeydlər (1-ci hissə)

Sonuncu referendum haqqında bloqumda bir dəfə yazmışdım.

http://erkin13.blogspot.com/2009/02/referendum.html

Oradakı qeydlərimi təkrar etməyə ehtiac yoxdur. Bu yazımda isə bəzi post-referendum mülahizələrimlə bölüşmək istəyirəm.

Konstitusiya Məhkəməsi.

24 dekabr 2008-ci ildə (24 dekabr İlham Əliyevin doğum günüdür: təsadüf?) "Referendum Aktı" layihəsinə tələsərək müsbət rəy vermiş Konstitusiya Məhkəməsinin tərkibi legitim deyildi (indiyədək də deyil). Məhkəmənin 9 hakimindən 6-sı (Sona Salmanova, Fikrət Babayev, Eldar Məmmədov, Rafael Qvaladze, Bəhman Qəribov və Ələddin Sultanov) 14 iyul 1998-ci ildə 10 il müddətinə təyin olunmuşdurlar ("Konstitusiya Məhkəməsi haqqında" 21 oktyabr 1997 il qanununa əsasən). Bu isə o deməkdir ki, 14 iyul 2008-ci ildə onların səlahiyyət müddətləri bitmişdir.

"Konstitusiya Məhkəməsi haqqında" yeni, 8 yanvar 2004-cü ildə qüvvəyə minmiş, qanuna əsasən KM hakimləri 15 il müddətinə və yalnız bir dəfə təyin olunurlar. Yeni səlahiyyət müddəti və bir dəfədən artıq təyin olunmamaq məhdudiyyəti öncədən təyin olunmuş 6 hakimə şamil edilmir ("qanunun geriyə qüvvəsi yoxdur" prinsipi, eləcə də yeni qanunun 79-cu maddəsi). Deməli, adlarını çəkdiyim 6 hakim 2008-ci ilin 15 iyulunadək ya yenidən təyin olunmalı, ya da onların əvəzinə başqaları təyin olunmalı idi. Amma bunların heç birisi edilmədi. Əvəzində çox qəribə bir şey etdilər.

"Konstitusiya Məhkəməsi haqqında" qanunun 79.1 maddəsinə belə bir əlavə qəbul edildi (12 iyul 2008-ci ildən qüvvədə sayılır):

"Bu qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur."


AzTV-in sözü olmasın, - analoqu olmayan bir müddəa! Belə bir düzəliş məhkəmə hakimiyyətinin fəlsəfəsinə ziddir. Səlahiyyət müddətinin bitməsinə baxmayaraq hakim səlahiyyətlərinin icrasına yalnız bir halda legitim icazə mümkündür: hakimin icraatında səlahiyyət müddətinin bitməsindən öncə başlatdığı konkret iş olduqda (icraat bitənədək). "Yeni hakimlərin təyin olunduğu gün"ədək ifadəsi məhkəmənin müstəqilliyi prinsipini çox kobud şəkildə pozur. Hakim (statusu aydın olmadığına görə) bütövlüklə siyasi iradənin girovuna çevrilir. Yeni hakimlərin nə zaman təyin olunacağı və onların arasında artıq səlahiyyət müddəti bitmiş hakimlərin olub-olmayacağı məlum deyil. Odur ki, həmin ifadənin formal olaraq qanunda yazılması onu legitimləşdirə bilməz!


9 hakimindən 6-sının səlahiyyəti bitdiyi və gələcəyi məlum olmadığı Konstitusiya Məhkəməsi legitim olmadığına görə, onun referenduma çıxarılan Konstitusiya düzəlişlərinə verdiyi "müsbət rəy" də legitim deyil. Beləliklə, referendumun özü də legitim sayıla bilməz!


Əslində, burada dayanmaq olardı, çünki başlanqıcdan (əvvəlki yazımda qeyd etdiklərimi də nəzərə alaraq) legitim olmayan prosesin nəticələrini müzakirə etməyə dəyməz. Amma bir neçə məsələyə ayrıca aydınlıq gətirmək istəyirəm.


"İki dəfədən artıq..."


Prosesin başlanğıcından hamıya dərhal və çox aydın oldu ki, 29 maddəyə 41 düzəlişin arxasında hansı niyyət var idi. Məsələ iki dəfədən artıq təkrarən Prezident seçilməyın qarşısını alan məhdudiyyətin (maddə 101.5) aradan götürülməsində idi. Əvvəl dedilər ki, guya bu məhdudiyyət Prezident seçilmək istəyən şəxslərin hüququnu pozurmuş. Sonra, deyəsən, bu mülahizənin çox zəif və yersiz olduğunu anlayıb, dedilər ki, guya bu məhdudiyyət xalqın hüququnu pozurmuş, çünki guya xalqın layiqli namizədini istədiyi qədər seçmək hüququ varmış. Başqa sözlə, guya bu məhdudiyyət demokratik deyilmiş. Sonra belə mülahizənin də zəif olduğunu anladılar və başladılar başqa ölkələrin təcrübəsinə istinad etməyə. Dedilər ki, bir çox demokratik ölkələrdə eyni adamlar dəfələrlə hökümət rəhbərliyinə seçilə bilirlər. Nədən bizdə də olmasın? Digər tərəfdən də bütün bunlarla yanaşı deyirdilər ki, bu məhdudiyyətin aradan qaldırılması İlham Əliyev üçün edilmir. Bir sözlə, çox qəribə, zəif və rabitəsiz izahlar verilirdi.


Aydındır ki, "iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyəti" heç kəsin hüququnu hətta nəzəri baxımdan poza bilməz. Birincisi, heç kəsin Prezident seçilmək hüququ yoxdur. Bu sadəcə metaforadır. Hüquqa malik olmağın mənası ondadır ki, kimlərsə hüququn qarşılığı olan vəzifə daşıyır. Yəni, kimdəsə Prezident seçilmək hüququ varsa, onda gərək başqalarında həmin kimisə Prezident seçmək vəzifəsi olsun. Məsələyə bu tərəfdən baxıldıqda, onun cəfəngliyi aydın görünür. Söhbət sadəcə Prezident seçkilərində namizəd kimi iştirak etmək hüququndan gedə bilər, amma bu başqa məsələdir (bu yazının sonunda izah edilir).


İkincisi, xalq özü, 1995-ci ildə Konstitusiyanı qəbul edərkən, "iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini" müəyyən etdiyi təqdirdə bu cür məhdudiyyətin demokratik olmadığını, xalqın hüququnu pozduğunu söyləməyin heç yeri yoxdur.


Üçüncüsü, başqa demokratik ölkələrdə eyni adamların hökümət başçısı vəzifəsinə seçilə bilməyi həmin ölkələrin idarəçilik formalarının mahiyyətindən doğur. Həmin ölkələr ya parlament monarxiyaları, ya da parlament respublikalarıdır. Orada icra hakimiyyəti kollegialdır. Baş Nazir bərabərlər arasında birincidir. Yeri gəlmişkən, həmin vəzifənin dilimizə daha aydın tərcüməsi "baş nazir" yox, "birinci nazir" ifadəsidir. Baş Nazir ölkəni təkbaşına idarə etmir. Belə ölkələrdə heç kəs parlament seçkilərindən kənar hökümət üzvü ola bilməz. Hökümət parlamentin içindən çıxır. Azərbaycanda isə icra hakimiyyəti təkbaşına orqana həvalə edilib. "İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyəti" təkbaşınalığın mayasında olan sui-istifadə və qəsb ehtimallarının azaldılmasına yönəlib və kiminsə xəyali hüququnun pozulması anlamına gələ bilməz.


İndi ki, bu məhdudiyyət aradan götürülmüş sayılır, onu aradan götürən düzəlişin zamana görə qüvvəsi məsələsi üzə çıxır. İqtidarın referendum kampaniyasından aydın oldu ki, onlar İlham Əliyevin daha sonrakı Prezident seçkilərində namizəd kimi iştirak etmək hüququnun olacağına əmindirlər. Doğrusu, Konstitusiya ilə bu cür rəftar edən iqtidardan başqa münasibət gözləməyə dəyməz. Amma hüququn öz məntiqi var, axı. Hüquq baxımından yeni qanunun geriyə tətbiq olunması qadağandır. İstisna - məsuliyyəti aradan qaldıran və/və ya cəzanı yüngülləşdirən qanunların geriyə şamil edilməsi. Qanunların geriyə tətbiqini qadağan edən prinsip hüquq nəzəriyyəsində və bir sıra xarici və beynəlxalq məhkəmə doktrinalarında (məsələn, Avropa Ədalət Məhkəməsi) bəzən "legitim gözləntilər prinsipi" adlanır ("principle of legitimate expectations"). Bu prinsipin açması belədir: münasibət iştirakçılarının gözləntiləri münasibətə girən zaman qüvvədə olan qaydaların sonradan dəyişdirilməsindən asılı olmamalıdır.


İlham Əliyev 2008-ci ilin oktyabrında ikinci dəfə Prezident vəzifəsinə seçildi. Həmin zaman qüvvədə olan Konstitusiyanın 101.5 maddəsi "iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini" nəzərdə tuturdu. Hüquq baxımından seçiçilər, İlham Əliyevə səs verərkən, həmin məhdudiyyətdən doğan gözləntilərin daşıyıcısı sayılırlar. Seçki kampaniyası zamanı nə İlham Əliyev, nə də onun vəkilləri bu məhdudiyyətin ləğv ediləcəyinə dair planları haqqında seçicilərə açıq və aydın bəyan etməmişlər. Üstəlik, İlham Əliyev "iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini" Konstitusiya andı vasitəsilə qəbul etmiş sayılır. Legitim gözləntilər prinsipi belə təfsiri tələb edir.


"İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini" ləğv edən referendum nəticələrinin hüquqi qüvvəsi geriyə tətbiq edilə bilməz. Yəni, həmin nəticələr 31 mart 2009-cu ildən sonra (Konstitusiya düzəlişlərinin rəsmən qüvvəyə mindiyi gün) ilk dəfə seçiləcək Prezidentə şamil edilə bilər. Başqa sözlə, İlham Əliyev ikinci müddətini başa vurduqdan sonra yenidən Prezident seçkilərində namizəd kimi iştirak edə bilməz. Qanunun geriyə tətbiqini qadağan edən prinsip belə nəticəni labüd edir. Yeri gəlmişkən, Konstitusiyanın öz tarixi (drafting history) da bunu aydın göstərir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın keçid müddəalarının 3-cü bəndində yazılmışdır:


"Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir."


Eyni yanaşma 101-ci maddənin 5-ci hissəsini ləğv edən düzəlişə də tətbiq edilməlidir (yalnız gələcəyə şamil olunmalı).


Belə təfsirlə razılaşmaq istəməyənlərin bəziləri Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsindəki mətnə istinad etməyə meyl edə bilərlər. 149.7-də yazılır:


"Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, ... normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir."


Açığı, 1995-ci ildə Konstitusiyanın əleyhinə səs verməyimin əsaslarından biri də bu müddəa idi. "Hüquqi vəziyyəti yaxşılaşdıran" ifadəsi haradan götürüldü? Məsuliyyət və cəza məsələləri ilə hər şey aydındır. Amma bu cür ümumi şəkildə "yaxşılaşdıran" sözündən istifadə etmək Konstitusiyaya yaraşmaz və bir çox anlaşılmazlıqlara səbəb ola bilər. Elə, olur da. Heç olmasa "geriyə şamil edilə bilər" yazaydılar. "Geriyə şamil edilir" kimi qəti ifadə təcrübədə onsuz da tətbiq oluna bilmir, axı. Hətta mülki hüquqda belə geriyə qaytarılması (yenidən baxılması) mümkün olmayan münasibətlər saysız-hesabsızdır. Məzmununa görə qeyri-müəyyən, formasına görə isə qəti olan bu cür müddəanın Konstitusiyada yazılması acı təəssüf hissi doğurur.


Amma, yenə də, tutaq ki, bu müddəanı müzakirə xətrinə qəbul etdik. Onun "iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin" aradan qaldırılmasına nə aidiyyatı var ki? Prezident olmağın nəyi yaxşıdır? Hansı vəziyyətin yaxşılaşdırılmasından söz gedir? Prezident olmaq çox ağır bir yükün altına girmək deməkdir. Prezident olmaq hüquq deyil, vəzifədir. Adi insanlardan fərqli olaraq, Prezidentin azadlığı xeyli məhduddur. Bunun müqabilində o, hamıdan yüksək maaş, güclü mühafizə və s. kimi təminatlar vasitəsilə azadlığının məhdud olmasının təzminatını alır. "İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin" aradan qaldırılmasının "fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran" kimi hesab olunması Prezident vəzifəsi haqqında kökündən yanlış təssəvvürün olmasından xəbər verir.


Bir başqa və çox vacib məsələ daha var. "İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyəti" şəxsi yox, institusional səciyyə daşıyır. Onun "Azərbaycan Respublikası Prezidentliyinə namizədlərə aid tələblər" adlanan 100-cü maddədə deyil, "Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları" adlanan 101-ci maddədə təsbit edilməsinin çox böyük önəmi var. Buradan aydın görünür ki, həmin məhdudiyyət Prezident seçilmək iddiasında olan şəxslərə yox, təkbaşına icra hakimiyyəti orqanı olan Prezident təsisatına aiddir. Bu iki yanaşmanı qarışdırmaq olmaz! Prezident vəzifəsinin təkbaşınalığı naşı adamları təsisat və şəxs arasında fərqi görməməyə sövq edə bilər, bəlkə də. Amma hüquqşünasların, siyasətçilərin və s. belə şeyləri qarışıq salmalarına heç bir üzürlü səbəb ola bilməz.

İqtidar İlham Əliyevin iki dəfədən artıq Prezident olmağını istəyirdisə, Konstitusiyaya düzəlişləri 2008-ci ilin oktyabrında keçirilmiş Prezident seçkilərindən öncə etməli idi.

----------------------

(ardı olacaq)