Dünən, martın 5-də, Elnur Məcidliyə qarşı açılmış cinayət işi ilə əlaqədar şahid ifadələrimi verdim. Çoxları bunu biləndə, mənim bu işdə şahidliyimə təəccübləndi. Xeyli adam hesab edir ki, "şahid" hadisəni mütləq öz gözüylə görənə deyilir. Amma elə deyil. Cinayət Prosesual Məcəlləsinin 95.1 maddəsinə görə şahid
- "iş üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs" sayılır.
Belə hallara, həmçinin, şübhələnilən, təqsirləndirilən şəxs barəsində məlumatlar da daxildir. Elə məndən də Elnur haqqında, onu nə vaxtdan və necə tanıdığımdan, harada tanış olmağımızdan, ona münasibətimdən və s. kimi şeylər soruşuldu dindirmə zamanı. Aydındır ki, bildiklərimi olduğu kimi söylədim. Bundan əlavə isə, cinayət işinin mahiyyətilə razı olmadığımı bildirdim. Dedim ki, Elnurun yazdıqlarında 281.1 maddəsinin ağlabatan mənasına görə hakimiyyəti zorla ələ keçirmək çağırışı olmamışdır.
Gəlin indi Cinayət Məcəlləsinin 281.1 maddəsini təhlil etməyə çalışaq.
Maddə 281.1
Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma —
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu maddədən Elnuru hakimiyyəti zorla ələ keçirməyə çağırış etməkdə ittiham etməyə çalışırlar. Maddədə yazılmış digər əməlləri, bu üzdən, nəzərə almayaq.
Bu maddədə təsbit olunmuş cinayət əməlində təqsirin formasını aydınlaşdıraq.
Çağırış ancaq hərəkətlə edilə biləcək əməldir (hərəkətsizliklə çağırış mümkün deyil). Elnur bloqundakı yazını yerləşdirməklə hərəkət etmiş sayılır. Burası aydındır. 281.1 maddəsinin mənasına görə çağırışın cinayət əməli sayılması üçün onun açıq olması tələb olunur. Çağırışın açıqlığı onun yayılma vasitələrinə və miqyasına aid olan məsələ deyil. Belə olsaydı, 281.1 maddəsi "habelə bu cür məzmunlu materialları yayma" sonluğu ilə bitməzdi. Buradan aydın olur ki, çağırışın açıq olması onun yayılma vasitələrindən asılı deyil.
Çağırışın açıqlığı, ilk növbədə, onun aydınlığındadır.
281.1 maddəsində təsbit olunmuş cinayət əməli yalnız birbaşa qəsdlə törədilə bilər.
Cinayət Məcəlləsinin 25.2 maddəsinə görə:
"şəxs öz əməlinin... ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur".
Bu maddənin quruluşundan doğan mənaya diqqət yetirin. Qəsd yalnız o zaman birbaşa sayıla bilər ki, şəxs əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, ictimai təhlükəli nəticələrini qabaqcadan görməsilə yanaşı, həmin nəticələri həm də arzulamalıdır. Yəni, sadalanan üç əlamətin üçü də olmalıdır. Biri yoxdursa, qəsd birbaşa sayıla bilməz. Xüsusilə də üçüncü əlamət çox vacibdir. Yəni, arzu olmadığı təqdirdə qəsd birbaşa sayıla bilməz.
281.1 maddəsindəki əməl açıq çağırışdan ibarətdir.
Deməli, artıq qeyd etdiyim ki, bu maddədə təsbit olunmuş, yalnız hərəkətlə törədilə bilən əməldə təqsirin forması mütləq birbaşa qəsd olmalıdır, birbaşa qəsdin ixtisaslaşdırıcı əlaməti isə nəticələrin arzulanmasındadır.
Başqa sözlə, əsas sual belədir: Elnur Məcidli nəticələri arzulayıbmı?
Bu sualın cavabı görünə biləcək qədər də asan deyil.
Cinayət Məcəlləsinin məqsədləri üçün "arzu" xəyali anlayış ola bilməz. Şəxsin nəticələri arzuladığını mütləq sübut etmək lazımdır. Yəni, arzu gerçək olmalıdır. Bunun başqa mənası da belədir - arzunun gerçəkləşmə ehtimalı ağlabatan olmalıdır. Gəlin indi də bu ehtimalı təhlil etməyə çalışaq.
Xaricdə (Strasburqda) bloquna yazı yerləşdirmiş, özü Bakıda olmayan, burada kimsəylə təşkilatlanmayan, heç bir maddi və texniki resursu olmayan Elnur, yazısından çıxarıla bilən nəticələri necə arzulaya bilər?
Diqqət yetirin, söhbət Cinayət Məcəlləsinin məqsədləri üçün nəzərdə tutulan arzudan gedir. Xəyali düşüncələrdən, qəzəbli niyyətlərdən, əsəbi fikirlərdən, dağıdıcı ehtiraslardan, qızışdırıcı ifadələrdən deyil, məhz gerçəkləşmə ehtimalı ağlabatan olan arzulardan gedir söhbət.
Gerçəkləşmə ehtimalının ağlabatanlığı üçün aşağıdakılar mütləq nəzərə alınmalıdır:
1. çağırış hesab olunan mətnin mənası və təyinatı
2. çağırış etdiyi hesab olunan şəxsin çevrəsi
3. çağırış etdiyi hesab olunan şəxsin çevrəsindəki yeri
4. çağırış hesab olunan mətnin mənasından doğan hərəkətləri etmək üçün resursların çatımlığı
5. həmin resursların çağırış hesab olunan mətnin ünvanı sayıla biləcək çevrədə (qrupda) olması
1. Çağırış hesab olunan mətnin mənası və təyinatı.
Elnura qarşı cinayət işi bloqundakı bu yazıdan sonra açıldı:
http://emajidli.wordpress.com/2011/03/31/taktika/#more-1192
Mətndə istifadə olunan "məsləhətlər" Elnurun müəllifliyinə aid edilirsə, bu çox yanlış yanaşmadır, demək ki. Elnurun bloqunda yazılmış "məsləhətlər" çoxdan internetdə, o cümlədən müxtəlif bloqlarda, yerləşdirilmiş və maraqlanan hər kəs üçün açıq olan yazılardır. Hər kəs belə məlumatları asanlıqla internetdə tapa bilər.
Bu hələ nədir ki, Elnurun bloqundakı yazı əsasən özünümüdafiəyə, həbs olunmamamağa, yönəlmiş, əsasən flashmob xarakterli taktiki məsləhətlərdir.
Gerçəkdən dövlət çevrilişi etməyin yollarını öyrənmək istəyən daha ciddi, elmi kitab və məqalələri də tapıb oxuya bilər. Məsələn, ABŞ-da, Washington'da Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində ( http://csis.org/ ) çalışan professor Edward Luttwak'ın Harvard Universiteti tərəfindən nəşr edilmiş "Coup d'Etat: Practical Handbook" ("Dövlət Çevrilişi: Praktiki Təlimat Kitabçası") adlı sanballı elmi araşrdırması:
http://www.hup.harvard.edu/catalog.php?recid=24415&content=toc
Kitabı buradan yükləmək olar: http://www.filesonic.com/file/24466065/Luttwak_1969_-_Coup_d_Etat.pdf
Bu kitab xaricdə açıq satışda var, bu kitabdan tələbələrə mühazirələr oxunur, məşğələlər keçirilir.
Demək ki, Elnurun bloqundakı yazıda verilmiş məsləhətləri nə Elnurun özünə, onun müəllifliyinə aid etmək ağlabatandır, nə də həmin bloqda yazılanları hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış. Təkrar edirəm, internet belə və daha kəskin yazılarla doludur.
Elnurun bloqundakı yazının təyinatı da 281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış sayıla bilməz. Hansı hakimiyyətin, özü də zorla (bu da haradan çıxarıldı?) ələ keçirməkdən söhbət gedir Elnurun bloqunda?
2. Çağırış etdiyi hesab olunan şəxsin çevrəsi.
Başqa sözlə, söhbət ünvandan gedir burada. Kimə ünvanlanıb Elnurun yazısı? Əbdürəhman Vəzirov demişkən - "товарищ Азербайджанский народ"a? Belə ünvan olmaz ki. Cinayət məqsədi, eləsi varsa, mütləq lokallaşdırılmalıdır. Yəni, onun konkret icra dairəsi olmalıdır. Hesab edək ki, Elnurun bloqundakı yazı çağırış sayıla bilər. Kimə ünvanlanıb o? Kim o çağırışı icra edəcək? Elnurun yazısından ünvan aydın olurmu? Hanı o şəxslərin çevrəsi? Kim Elnurun yazısını oxuyandan sonra harasa və ya nəyəsə çağırıldığını hiss edə bilib? Elnurun yazısı olmasaydı, Bakıda camaat etiraz etməyə çıxası deyildi? Yoxsa, məhz Elnurun yazısından sonra (martın 31), camaat dərhal 2 Aprel etirazlarına başladı? Etirazlara çıxanların neçəsi Elnuru tanıyır, onun bloqunu oxuyur? Bakıda hansı etirazçı zorla hakimiyyəti ələ keçirməyə hazırlaşıb? Bakıda hansı etirazçıya bu ittiham irəli sürülüb? Kim Elnurun yazdığı kimi davrandı ki? Olmaya, flashmobu, özünümüdafiə taktikalarını, həbsə düşməmək üçün nə etməli olduğunu Elnurmu icad edib?
Elnurun özü, qeyd etdiyim kimi, xaricdə yaşayır. Azərbaycanda, təbii ki, dostları var. Biri də mən. Özü də, yeri gəlmişkən, mən Elnur Məcidlini çox bilikli, Vətənini sevən bir gənc kimi tanıyıram. Çılğın və ehtiyatsız ola bilər, amma xatakar, bədniyyətli deyil. Bəli, qəzəblidir, etirazla doludur. Kim indi belə deyil ki. Hökumət qəzəblənməyə o qədər bəhanələr verir ki. Qəzəbli etirazlardan doğan bloq və facebook yazıları dövlət hakimiyyəti əleyhinə cinayətlər kimi yozulmağa başlanacaqsa, bu ilk növbədə hakimiyyətin özü üçün təhlükəli ola bilər. Onsuz da ifadə azadlığı gerçək həyatdan sıxışdırılıb internetə. Orada da boğulacaqsa, sosial partlayış ehtimalı daha da artacaq.
Nə isə, Elnurun internet oxucuları Cinayət Məcəlləsinin 281.1 maddəsinin məqsədləri üçün çevrə (ünvan) sayıla bilməzlər.
3. Çağırış etdiyi hesab olunan şəxsin çevrəsindəki yeri.
Bu da çox vacib şərtdir. Aydınlatmaq üçün bir uydurma misal verim. Tutaq ki, mən sabah ölkəmizdə İslam inqilabına çağırış etdim. Kimdir mənim sözümə baxan? Əvvəla, mənim öz çevrəm məni axmaq hesab edəcək və heç bir hərəkətə, təbii ki, keçməyəcək. Azərbaycanda ehtimalən İslam inqilabi etmək istəyənlərin çevrəsində isə mənim şəxsi nüfuzum sıfırdır, hələ bəlkə sıfırın da altındadır. Odur ki, onlar da mənim çağırışıma əhəmiyyət verəsi olmayacaqlar. Belə olduqda, mənim İslam inqilabına çağırışım Cinayət Məcəlləsinin ağlabatan mənasına görə cinayət təqibi üçün əsas verə bilməz, çünki çağırışımın gerçəkləşmə ehtimalı ağlabatan olamayacaq. Çağırışla hərəkət arasında gerçək bağlantı ehtimalı xeyli dərəcədə ağlabatan olamalıdır.
Bir daha xatırladıram ki, 281.1 maddəsinin məqsədləri üçün (25.2 maddəsinin mənasına görə) nəticələrin arzulanması xəyali olmamalıdır. Arzuların gerçəkləşmə ehtimalı ağlabatan deyilsə, təqsirin birbaşa qəsd forması da yaranmır. Yaranmırsa, deməli 281.1 maddəsinə görə məsuliyyətə də əsas verə bilməz.
Qayıdaq Elnur Məcidliyə. Onun çevrəsində, hansına ki, mən də daxil oluna bilərəm, Elnurun yeri nə dərəcədə həlledicidir ki, bir çağırışla hərəkətlilik yarada bilsin? Əvvəlki sualımı təkrar edirəm - kim Elnurun yazısını oxuyandan sonra nəyəsə və ya harayasa çağırıldığını hiss edə bilib? Mən belə adam tanımıram. İstintaqa da bunu dedim.
Əlbəttə, 281.1 maddəsinin məqsədləri üçün "açıq çağırış" özü-özlüyündə bitmiş cinayət sayılır. Yəni, çağırışdan sonra mütləq kiminsə hərəkətə keçməsi tələb olunmur. Amma maddədə çağırışın açıq olmasına dair tələbin şərtləri, izah etməyə çalışdığım kimi, asan deyil və hazır həqiqət şəklində verilmir. Açıq çağırışın nəticələri mütləq arzulanmalıdır. Burada verməyə çalışdığım izahla iddia edirəm ki, Elnurun bloqunda yerləşdirilmiş yazı məhz bu səbəbdən də 281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış sayıla bilməz.
4. Çağırış hesab olunan mətnin mənasından doğan hərəkətləri etmək üçün resursların çatımlığı.
Zorla hakimiyyəti ələ keçirmək zarafat deyil. Kontekst burada çox vacibdir. Daim ictimai-siyasi sabitlikdən danışan, ölkədə vəziyyəti gərginləşdirə biləcək qüvvələrin olmadığında israr edən (bax, məsələn bu müsahibəyə: http://1news.az/interview/20110331093005295.html ), bir hökümət (iqtidar) birdən-birə, xaricdə yaşayan bir gəncin başqa açıq mənbələrdən çoxdan hamıya məlum olan şeyləri bloqunda yerləşdirməsindən təşvişə düşür və həmin gənci cinayət təqibi qaydasında məsuliyyətə cəlb etmək istəyir? Nə məsələdir? Nə olub? Nəsə ciddi dəyişib, xəbərimiz yoxdur? Elnur da, natərəstlikdən, bloqunda elə yazıb ki, dəqiq bir şey anlamaq olmur. Başa kapüşon keçirib, Coca-Cola ilə üzünü yuyub, limon çeynəyib, qazan qapağı ilə silahlanıb, sirkə və boya püskürücülərilə də hakimiyyəti zorla ələ keçirmək olar? 281.1 maddəsi belə "təhlükələrdən" qorunmaq üçün yazılmayıb, axı.
281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış, yuxarıdakı bəndlərdə qeyd etdiklərimdən əlavə, hakimiyyəti zorla ələ keçirmək üçün zəruri və yetərli resursların olması və (daha vacibi) həmin resursların çağırışın ünvanı üçün çatımlı olması tələb olunur. Elnurun bloqundakı resurslardan söhbət gedirsə, bəli, xeylisi çatımlı sayıla bilər. Amma! Dostlar, ciddi olaq! Həmin resurslarla hakimiyyəti ələ keçirməyin, özü də zorla (!!!), mümkün ola biləcəyini düşünmürsünüz, hər halda. Hakimiyyəti zorla ələ keçirmək üçün resurslar nə Elnurun bloqunda göstərilib, nə də (göstərilmiş olsaydı belə) onların çatımlığı mümkün. Vasitəsi mümkün olmayan əməlin məqsədi də mümkün olası deyil.
Odur ki, buradan da Elnurun Cinayət Məcəlləsinin 25.2 maddəsinin mənasına görə əməlinin nəticələrini arzulaması gerçək deyil. Xəyali arzulara görə isə məsuliyyətə cəlb etmək olmaz!
5. Həmin resursların çağırış hesab olunan mətnin ünvanı sayıla biləcək çevrədə (qrupda) olması.
Əslində, 4-cü bəndin şərhi 5-ci bəndə şərhi əhəmiyyətsizləşdirir.
Qalır bir məsələ. 281.1 maddəsində, həmçinin, belə sonluq da var: "habelə bu cür məzmunlu materialları yayma". Bu ifadədə təsbit olunmuş əlamət yalnız artıq edilmiş açıq çağırışın olduğu halda ağlabatan məna daşıya bilər. Yəni, açıq çağırış varsa, onun məzmununu təşkil edən materialları da yaymaq olur. Açıq çağırışın olmadığı təqdirdə isə "bu cür məzmunlu materialları"n yayılması da CM-nin 281.1 maddəsinin məqsədləri üçün mümkün olmayacaq. Elnurun əməllində 281.1 maddəsinin ağlabatan mənasına görə açıq çağırış olmadığı üçün, "habelə bu cür məzmunlu materialları yayma"ya görə də məsuliyyətə cəlb oluna bilməz.
P.S.
Mən Elnura qarşı cinayət təqibinin gerçək niyyətini təsəvvür edə bilərəm, bəlkə də. Amma istəmirəm! Mənim məqsədim - hüquq dürüstlüyüdür. Siyasi və ya başqa məqsədlər uğrunda hüquqdan bu cür sui-istifadə yolverilməzdir. Hökumət anlamalıdır ki, hüquqla belə rəftar etməklə nəinki legitimliyini, həm də sabitliyini, təhlükəsizliyini zəiflədir. Hökumətin təhlükə duyumu bu dərəcədə kövrəkdirsə, təhlükə ünvanını yanlış yerdə axtarır, demək ki. Yetişən gənclik əsasən müxalif ola bilər, amma naxələf də deyil. Hökumət gənclərə qarşı təqiblərlə sağlam çevrəni ürküdür. Ürkmüş sağlam çevrənin yerini isə doğrudan da təhlükəli, özü də hamımız üçün təhlükəli çevrələr tuta bilər. Hökuməti ayıqlığa çağırıram!
İstək. İnam. İradə. İştirak.
Subscribe to:
Post Comments (Atom)
Çox gözəl! Əlinizə sağlıq! Xüsusilə də P.S hissəsi.
ReplyDelete