İstək. İnam. İradə. İştirak.

Friday, January 21, 2011

20 Yanvar.

Keçmişin qavranılması heç zaman qərəzsiz ola bilmir. Birincisi ona görə ki, yaddaş qaçılmaz olaraq ehtiraslıdır. Buna görə də hadisələri şəxsən yaşamışların şahidliyi yetərli sayıla bilməz. Elə buna görə də tarix müasirlər tərəfindən yazıla bilmir. Yazılırsa da, sonrakı nəsillər tərəfindən dəfələrlə təftişə məruz qalmalı olur, çünki sonrakı nəsillər keçmişin şahidləri deyillər, keçmişə yaddaş kimi yox, məlumat kimi baxırlar. Bu arada, 1848-ci il Fransa Konstitusiyasının layihəsində bir müddəanı xatırlatmağın faydası ola bilər. Orada yazılmışdır: “Heç bir nəsil sonrakı nəsilləri özünün qanunları ilə yaşamağa məcbur edə bilməz”. Hüquqi baxımdan səmərəsiz, amma mənəvi baxımdan ibrətli ifadədir.



İkinci səbəb də odur ki, qavrama anlayışların dərəcələndirilməsindən asılıdır. Dərəcə - dəyər məsələsidir. Hər bir dəyərləndirmə öncədən seçilmiş meyarlar əsasında edilir. Öncədən seçimin mümkün olması üçün öngörü lazımdır. Öngörü – falçılıq anlamına gəlməməlidir. Nə olursa olsun, məhz belə də olacağını bildiklərini sonradan iddia edənlər hər zaman olub, var və olacaq. Bu, öngörü deyil. Öngörü zamanı qabaqlamaq iddiası da deyil. Öngörü gələcəyə xəyali baxışdır. Burada xəyali olan gələcək yox, məhz baxışdır. Öngörü, bu anlamda, bildiyimizi iddia etdiyimiz keçmişlə yaşadığımızı sandığımız bu günlə rabitə qurmaq üçün zehni məsafədir. Gələcəyə baxış olmadan keçmişi qavramaq, bu günlə əlaqələndirmək olmur. Olursa da, nəsildən nəsilə şifahi ötürülən xatirələrdən uzağa gedə bilmir.


Tarix ehtiraslı xatirələrdən yox, ağıl xəritələrindən ibarətdir. Tarix, anlamağa çalışdığımız zamanı ağlımızda xəritələndiririksə, var ola bilir. Əks təqdirdə, keçmiş haqqında məlumat, ən yaxşı halda, rəvayət, əsatir və ağsaqqalların xatirələri şəklində olur. Ağıl xəritələrinin cizgiləri (hüdudları) baxış bucağından və görünən üfüqlərdən asılıdır. Ehtiras üçün ümid nədirsə, ağıl üçün üfüq odur.


Tarixin əhəmiyyəti keçmişi işıqlandırmasındadır. Keçmişə xəyalən qayıtmağımız bu günü anlamağımıza yardım edir. Amma, yenə də, çox şey gələcəyə baxışlarımızdan asılıdır. Gələcəyə baxışımız aydın deyilsə, keçmişimiz də dumanlı olasıdır. Dumanlı keçmişin bu gün üçün nə faydası ola bilər ki? Fizikanın (optika bölümü) orta məktəb kursundan xatırlamalı olduğumuz bir qanun var. Onun burada yerinədüşən bənzətmə ola biləcəyinə inanıram. Söhbət işığın qayıtma qanunundan gedir. Xatırladınız?


- İşığın qayıtma bucağı düşmə bucağına bərabərdir.


Keçmişə baxarkən, baxış bucağımızdan açılan mənzərə (müstəvi), zamanın qaytarıcı səth (tarix) ilə üst-üstə düşürsə və ya ona paraleldirsə, bu günümüz anlamsız olası, keçmişimiz kabus kimi təkrarlanası olacaq. İşiq mənbəyinin gücündən və mühitin sındırma əmsalından asılı olmayaraq, qaytarıcı səth bizim üçün görünməz qalacaq. Keçmişə bu günün gözü ilə baxmaqla, keçmişi anlamaq olmaz. Mütləq baxış bucağımızı əyməliyik, gələcəyə xəyalən gedib, qayıtmalıyıq. Unutmamalıyıq ki, gələcəyə baxış bucağımız nə olacaqsa, keçmişə qayıtma bucağımız də ona bərabər olacaq.


20 Yanvar haqqında indiki təbliğatın baxış bucağından faciə görünür. Ondan çıxarılası ağıllı nəticə yoxdur, ancaq kədərli ehtiraslar var. Ağla qərənfilim, ağla? Ağlamaq yox, ağıllanmaq lazımdır. 20 Yanvarın anlamı 18 Oktyabrdadır! 18 Oktyabrı isə indiki iqtidar vacib hesab etmir. 21 il öncə müstəqilliyin əleyhinə çıxanların iqtidarı 18 Oktyabrı necə dəyərləndirsin ki? Ona görə də özü üçün çıxış yolunu SSRİ-dən müstəqil olmamızın əhəmiyyətini və o zaman müstəqillik üçün çalışanların fəaliyyətini aşağılamaqda görür. 18 Oktyabrsız 20 Yanvar, doğrudan da, faciədən başqa bir şey ola bilməz. Faciə üzərində isə milli kimlik, milli birlik qurmaq, milli qürur oyatmaq mümkün deyil. Kədər birləşdirir, orası elədir. Amma, ümidləndirmir. Kədər mühiti, şəffaf olmadığına görə, işığı buraxmır. Kədərin cazibə sahəsi çox güclü olduğundan, cəmiyyət qara dəlik kimi sıxılır, onun içini kənardan müşahidə etmək mümkün olmur, içərisində olanlar üçün isə zaman yavaşıyır. Həm də o dərəcədə yavaşıyır ki, "Yanvar qırğını"na baxmayaraq, sovet zəmanəsini xoş xatirələrlə ananların səsi ucadan gəlməyə başlayır.  


20 Yanvar 2018-ci ilə baxın. İşığın mənbəyini indiki iqtidarın təbliğatında axtarmayın. Hazırki siyasi mühitin sındırma əmsalını nəzərə almayın. Xəyalınızın gücünə güvənin. Cümhuriyytəmizin 100-illiyini düşünün. Nə görürsünüz?


Unutmayın, görmə bucağı baxış bucağına bərabərdir.


 

Friday, January 14, 2011

Fərqinə varılmayan təsirlər.

Son aylar ölkəmizdə gedən proseslər ciddi narahatlıq doğurmaya bilməz. Hicabın məktəblərdə qadağanı (bu haqda hüquqi təhlilimi ayrıca yazaram) ilə başlamış, “islamçıların” həbsi ilə davam edən şübhəli və təhlükəli hadisələr baş verir. Ölkəmizdə İslamın siyasiləşməsi haqqında danışılır və müxtəlif yozumlar verilir. Təəccüblü deyil ki, bu məsələdə “İran amili” də nəzərə alınır. Alınmalıdır da. Fərqli mövqeləri və gələcəyə baxışları olanlar İranla təxminən eyni bənzətmələr qururlar. Gözləntilər fərqli, amma. “İran amili” demişkən, İrana “islamın siyasiləşməsi” məsələsi bucağından nəzər salaq. 

1960-1970-ci illərdə Şah Məhəmməd Rza Pəhləvi ABŞ-ın (Dünya Bankı vasitəsilə) təsiri altında “müasirləşmə” siyasətini tətbiq edirdi. Şah dünyəvi müxalifəti, xüsusilə də solçuları, şəxsən xoşlamırdı. Eyni zamanda, kütləvi dəstək naminə, müsəlman olduğunu ehtiyatla nümayiş etdirməyə çalışırdı. Başqa bir tərəfdən, ölkənin İslamaqədərki tarixinin şovinistik təqdimatını da təşviq edirdi. Şahın rejimini dəstəkləyən Qərb yönümlü, Qərbin aparıcı universitetlərində təhsil almış intellektuallar var idi. Onlar çox idilər və müxtəlif çevrələrdə, peşələrdə çalışırdılar: universitet və tədqiqat mərkəzlərin rəhbərləri, professorlar, filosoflar, iqtisadçılar, naşirlər, jurnalistlər, həkimlər, mühəndislər və s. Bu intellektualların fikirləri, əsasən, İranın mədəniyyət baxımından özəlliyi, coğrafi yerləşməsinin vacibliyi, tarixinin qədimliyi, ölkənin zənginliyi, gələcək inkişafı haqqında idi. Bu məsələlərə dair aralarında xeyli mübahisələr aparsalar da, bir mövzuda çoxunun mövqeləri ortaq idi. Həmin ortaq mövqe İslamın geridəqalmış inanclar sisteminin olmasını düşünmələrində idi. Bu mövzuda hətta xoşlamadıqları solçularla da həmrəy idilər. İslama qarşı olmanın ifratına vararaq, Şahın tərəfinə keçmiş eks-marksistlər də az deyildi. Qəribədir, amma o zamanki İran intellektualları arasında İslama qarşı kəskin mənfi münasibət hətta bəzi marksistləri də monarxist mövqeyə keçməyi sövq edə bilirdi.

Şahın rejimini dəstəkləyən bəzi intellektual qruplar, Qərb- təhsilli və yönümlü olsalar da, İslamın geridəqalmış inanclar sistemi kimi təqdimatı ilə razılaşmırdılar. Lakin onun (İslamın) “tam tərəfdarları” da deyildilər. Onlar dinlərarası bərabərliyi təbliğ edirdilər, bütün dinlərin ortaq dəyərləri paylaşdığına, eyni mənbədən gəldiyinə, mənəvi birliyinə inanırdılar. Bu qruplardan biri 1970-ci illərdə İran Fəlsəfə Akademiyasının Prezidenti olmuş, Səyyad Hüseyn Nəsr ətrafında formalaşmışdır. Bu qrup monarxist deyildi və Şahı ancaq dünyəvi dövləti qorumaq üçün dəstəkləyirdi.

Massaçusets Texnoloji Universitetini (M.İ.T) fərqlənmə diplomu ilə bitirmiş, Harvard Universitetində doktor adını almış, qismən Bertran Russel’in, sonra isə Rene Guenon’un ideyalarının təsiri altında olan Səyyad Hüseyn Nəsr, indi George Washington Universitetinin professorudur, İslam fəlsəfəsinin Qərbdə ən tanınmış və nüfuzlu adlarından biridir. 1970-ci illərdə Səyyad Hüseyn Nəsr və onun tərəfdarları İranda əsasən solçulara qarşı idilər (solçuların İslama qarşı olduqlarına görə). Amma, eyni zamanda, Nəsrin qrupu siyasi İslama da qarşı idi. Buna görə İslam İnqilabından sonra İranı tərk etməli oldular, hərçənd, Nəsrdən İranda qalmaq və Tehran Universitetinə rəhbər olmaq xahiş edilmişdi.

İran solçuları anti-imperialist romantizm səviyyəsində idilər. Güclü nüfuzu olan intellektualları xeyli az idi, olanları da, əsasən, marksist ədəbiyyatının rus, ingilis və fransız dillərindən tərcümə etməklə məşğul idi. Üstəlik, pərakəndə idilər. Aralarında, deyəsən, yalnız bir Qərb təhsilli intellektual var idi – London Universitetini bitirmiş, filosof-şair İsmayıl Huyi. İran solçularının əksəriyyəti SSRİ yönümlü idi. SSRİ də onları bacardığı qədər dəstəkləməyə çalışırdı.

Solçulara qarşı təqiblərdə Şahın həm Qərbdən, həm də, İslama və monarxiyaya yanaşma fərqlərindən asılı olmayaraq, yerli Qərb təhsilli intellektuallardan güclü dəstəyi var idi. Aydındır ki, “İslamçıların” da solçulara münasibəti mənfi idi. Maraqlıdır ki, İrandakı mühafizəkar İslam filosoflarının böyük əksəriyyəti siyasətə heç qarışmırdı. Doğrudur, Şah rejimini, Qərbi və solçuları ciddi tənqid edirdilər, amma siyasi mövqeləri, gündəmləri yox idi. İslamın siyasiləşməsində Qərbdə təhsil almış, İranın milli kimliyini və qürurunu vurğulamağa çalışan və bunun üçün ortaq gündəm axtarışında olan intellektualların rolu böyük oldu. Hətta İslamın siyasiləşməsini istəməyən intellektuallar belə, bu rolu oynamalı oldular, çünki Şah rejiminin pozğunluğu, dünyəvi müxalifətin dağınıqlığı və təkəbbürü, başqa çıxış yolun olmadığının mənzərəsini yaratmışdı, sanki.

İranın dərin böhrandan çıxarılmasının yolunu “Qərb düşüncəli” intellektuallar, qəribə də olsa, buna qədər ciddi tənqid etdikləri İslamda görməyə başladılar. “Qərb düşüncəli” ifadəsi onların aparıcı Qərb unversitetlərində təhsil almalarına, orada tədqiqatlar aparmalarına, Qərb alim və filosoflarının ideyalarından bəhrələnmələrinə işarədir. Həmin intellektuallar Qərb fəlsəfəsini İslam haqqında müzakirələrində istifadə etməyə başladılar. Hərəsinin Qərbdə öz fəlsəfi çevrəsi var idi. Bu intellektualların bir çoxu İslam İnqilabında ya birbaşa iştirak etmiş (onun ideolojisini hazırlamış), ya da sonradan İnqilabi rejimlə əməkdaşlıq etmişlər və bəziləri, hətta, sonradan “Ayatollah” ola bilmişlər.

Bu intellektuallar İran kimi ölkədə İslamın birləşdirici gücünü çox yaxşı anlayırdılar, amma Qərb intellektual təsirindən də imtina etmək niyyətində deyildilər. Onlar Qərb fəlsəfə məktəblərindən İslami mövzularda istifadə etməyə başladılar, məsələn:

- filosof Əliqulu Bayani və Ayatollah Hayeri Yazdi – Rudolf Carnap’ın (Karnap) və Willard Quine’ın (Kuayn);

- Ayatollah Moretza Mottahari, tarixçi Əbdül-Hüseyn Zarrinkub və filosof Əbdül-Kərim Soruş (Karl Popper’in);

- filosof Əhməd Fardid (Martin Heidegger’in)

- və s.

Maraqlıdır ki, bir-birilərini İslam diskursunda tənqid etməkdən çəkinən bu intellektuallar, rəqibinin mənsub olduğu Qərb fəlsəfi məktəbi tənqid etməklə mübahisə edirdilər. Məsələn, Əbdül-Kərim Soruş və Əhməd Fardid qarşılıqlı tənqidlərini, müvafiq olaraq, Karl Popper’in və Martin Heidegger’in fəlsəfəsi üzərində qururdular. London Universitetinin məzunu Əbdül-Kərim Soruş, K. Popperin mühazirələrinin və əsərlərinin təsiri altında formalaşmış filosof idi. Sorbonne və Heidelberg Universitetlərinin məzunu Əhməd Fardid isə Heideggerçi idi. Soruş Fardidi tənqid edəndə Heideggeri, Fardid Soruşu tənqid edəndə isə Popperi hədəfə almalı olurdular ki, həssas İslami mövzularda çevrəni əbəs yerə qıcıqlandırmasınlar. Amma ikisi də İran İslam İnqilabına əhəmiyyətli ideoloji töhfə verdi. Bir çox başqa “Qərb düşüncəlilər” kimi. Doğrudur, sonradan bəziləri İranı tərk etməli oldu, digərlərini qovdular, bir neçəsini isə, hətta, öldürdülər, amma İslam İnqilabına “Qərb düşüncəlilərin” böyük ideoloji töhfəsi danılmazdır. İranda qalan, rejimlə əməkdaşlıq edən, bu günə qədər nüfuzu olanlar da çoxdur. Əbdül-Kərim Soruş, məsələn, indi George Washington Universitetinin professorudur (Səyyad Hüseyn Nəsr kimi). Hazırki İran rejiminin ardıcıl tənqidçilərindəndir. Soruşun İrandakı liberallar və islahatçılar arasında böyük intellektual nüfuzu var.

İslam İnqilabi ərəfəsində Soruş İranda Popperi məşhurlaşdırdı, onun əsərlərini fars dilinə tərcümə etdi. Üstəlik, öz yazılarında və mühazirələrində Popperin fəlsəfəsindən geniş istifadə edirdi. “Açıq Cəmiyyət və Onun Düşmənləri” kitabındakı ideyalar tələbələr arasında Şah rejiminə qarşı güclü alətə çevrilmişdir. Soruşun Tehran, Şiraz, Məşəd Universitetlərində Popperin fəlsəfəsi haqqında mühazirələri, İran Fəlsəfə Akademiyasında məruzələri, çoxlu yazıları sayəsində qəribə bir sintez yaranmışdır: Popperin fəlsəfəsi və İslam. Əslində, Soruşun niyyət etmədiyi və o zaman kimsənin təsüvvür belə edə bilməyəcəyi bir sintez oldu.

Digər tərəfdən də Fardid Heideggerin fəlsəfəsini təbliğ etməklə, yenə də, niyyət etmədiyi başqa bir sintezə şərait yaratdı: Heideggerin fəlsəfəsi və İslam. Görünür, İranda o vaxtki siyasi şərait hər şeyin “İslamlaşmasını” şərtləndirirdi. Fardid Heideggerin fəlsəfi anlayışlarını şəraitə uyğun təqdim etməyə başladı. İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi yanında Elm Siyasəti Sahəsində Milli Tədqiqatlar İnstitunun və Britaniyanın Westminster Universitetinin tədqiqatçısı, Əli Paya, iddia edir ki, Fardidin məşhur “Hikmət-i Ünsi” olduğu kimi Heideggerdən götürülüb, sadəcə İslam mənbələrilə ahəngləşdirilib. Fardid Qurandakı “hikmah” anlayışını Heideggerin “hegema” (yunanca “öncül olmaq”, “irəli aparmaq” deməkdi) anlayışına uyğunlaşdırmışdı, “üns” anlayışını isə - “gnosis” (yunanca “bilik” deməkdi) anlayışına. Bunu etdikdən sonra, Fardid “Hikməti-i Üns”ü müsəlmanlar üçün yeganə doğru təfəkkür sistemi kimi təqdim etməyə başladı.

Maraqlıdır ki, buna baxmayaraq, Fardid müsəlmanları Qərbləşməkdən ehtiyatlanmağa çağırırdı. Onun ingiliscə işlətdiyi “westoxication” (“west” - “qərb” deməkdir, “toxication” isə - “zəhərlənmə”) söz oynatması sonradan İranda və ərəb ölkələrində xeyli məşhurlaşdı. Burada, amma, bir düzəliş də etməyin yeri var. Fardid, Heideggerçi olduğuna görə, ümumiyyətlə “Qərb-Şərq” qarşılaşdırmasını qəbul etmirdi, onu süni, yersiz olduğuna iddia edirdi. Yəni, Fardid Qərbi kəskin tənqid edirdi, amma Şərqi də yüksəltmirdi, birini digərinin üzərinə qoymurdu. Heidegger kimi, Fardid də hesab edirdi ki, Platondan sonra, “həqiqət” və “varlıq” məsələlərini aralamaqla, bəşəriyyət çaşıb, doğru yoldan çıxıb. Nə həqiqəti tapa bilir, nə də doğru-dürüst var ola bilir. Fardidin də, Soruş kimi, İran intellektualları arasında nüfuzu xeylidir, amma daha çox mühafizəkarların çevrəsində, o cümlədən Qum məktəbinin yetirmələri arasında. Məsələn, Rza Davari – Qum məktəbinin yetirməsi, Fardid çevrəsinə daxil olan, sonradan Tehran Universitetinin professoru, nüfuzlu filosof. O da, Fardid kimi, Popperin kəskin tənqidçilərindəndir. Ümumiyyətlə, deyildiyi kimi, İran intellektualları arasında, hətta İslami mövzularda belə, mübahisələrin, demək olarsa, “ana xəttini” Popper-Heidegger qarşılaşdırması təşkil edirdi.

Solçular isə İslam İnqilabı ərəfəsində və, hətta, inqilabdan bir müddət sonra, yanlış olaraq, əsas intellektual enerjilərini liberalizmin və kapitalizmin tənqdinə sərf etdiklərindən, bu mübahisələrdən kənar qaldılar və siyasi proseslərə əhəmiyyətli təsir edə bilmirdilər. Sonradan ayıldılar və başladılar Popperi tənqid etməyə. Tənqidləri də qurulmuşdur guya “Popperin Marksı yanlış anladığı” iddiası üzərində. İran solçuları, Popperin inqilablara qarşı olduğunu əsas götürərək, onun fəlsəfəsinə qarşı çıxmağa başladığı vaxtda, “Qərb düşüncəli” intellektuallar, narazı dini çevrələr və xalq kütlələri ilə birlikdə, Popperin “Açıq Cəmiyyət” ideyası uğrunda inqilab etdilər. Qəribədir, deyilmi? Görünür, bu da “solluq uşaq xəstəliyi”nin İran variantı idi.

Bəli, İrandakı inqilabın və onun nəticələrinin Popperin fəlsəfəsi ilə birbaşa əlaqəsi yoxdur. Heideggerin fəlsəfəsi ilə də birbaşa əlaqəsi yox idi. Nə olsun ki? Martin Lüter də protestant deyildi. O, sadəcə katolik kilsəni və katolik təlimi islah etmək istəyirdi. Sadəcə, onun islahatçı ideyaları hersoq Albrecht von Brandenburg’un siyasi məqsədlərinə uyğun gəldi. Hersoq Martin Lüteri Berlinə dəvət etdi, kilsənin təqiblərindən qorudu, Lüterin təlimini rəsmi siyasətə çevirdi və nəticədə Prussiya dövləti yarandı. Martin Lüterin fəlsəfəsi hara, hərbi intizam üzərində qurulmuş Prussiya hara? Amma, belə oldu. Popperin və Heideggerin də İrandakı İslam İnqilabı ilə əlaqəsi o qədərdir.

Tarixdə belə proseslər çox olub. Bu gün də var. Ümumiyyətlə, tarixdə təsadüflərin rolu böyükdür. Heç kim proseslərə tam nəzarət edə bilmir. Ona görə də qapalı cəmiyyətlərdə, mərkəzləşmənin aşırı dərəcəyə çatdırlımasından, paylaşma inkişaf edə bilmir. Paylaşma olmayanda, ortaq məsuliyyət də yarana bilmir. Nəticədə cəmiyyət zəifləyir. Bu gün İran intellektualları arasında Popperin fəlsəfəsinə yenidən maraq oyanmaqdadır. Yenə açıq cəmiyyət qurmaq yollarının axtarışı gedir. Siyasi proseslərə fərqli bucaqlardan baxmağa başlanılır.

Bizim cəmiyyətdə isə çox şey, sanki, tərsinə inkişaf edir. Cəmiyyətimiz qapanır, paylaşma təşviq olunmur, ortaq məsuliyyət duyumu yaranmır. İntellektual sahədə, bəzi kövrək istisnaları çıxmaq şərtilə, dərin və qorxuducu boşluq var. Siyasətimiz cılız, kobud və nadandır. İştirakçılıq və təşəbbüs az qala bütün sahələrdə boğulur. Boşluğu din doldurmağa başlayır. Özü-özlüyündə bunda böyük bir problem görmürəm. Daha böyük problem proseslərin intellektual tutumunun dayazlığındadır. Bütün tərəflərə aiddir bu irad. Bunun səbəblərini növbəti yazımda təhlil etməyə çalışaram.