İstək. İnam. İradə. İştirak.

Friday, January 21, 2011

20 Yanvar.

Keçmişin qavranılması heç zaman qərəzsiz ola bilmir. Birincisi ona görə ki, yaddaş qaçılmaz olaraq ehtiraslıdır. Buna görə də hadisələri şəxsən yaşamışların şahidliyi yetərli sayıla bilməz. Elə buna görə də tarix müasirlər tərəfindən yazıla bilmir. Yazılırsa da, sonrakı nəsillər tərəfindən dəfələrlə təftişə məruz qalmalı olur, çünki sonrakı nəsillər keçmişin şahidləri deyillər, keçmişə yaddaş kimi yox, məlumat kimi baxırlar. Bu arada, 1848-ci il Fransa Konstitusiyasının layihəsində bir müddəanı xatırlatmağın faydası ola bilər. Orada yazılmışdır: “Heç bir nəsil sonrakı nəsilləri özünün qanunları ilə yaşamağa məcbur edə bilməz”. Hüquqi baxımdan səmərəsiz, amma mənəvi baxımdan ibrətli ifadədir.



İkinci səbəb də odur ki, qavrama anlayışların dərəcələndirilməsindən asılıdır. Dərəcə - dəyər məsələsidir. Hər bir dəyərləndirmə öncədən seçilmiş meyarlar əsasında edilir. Öncədən seçimin mümkün olması üçün öngörü lazımdır. Öngörü – falçılıq anlamına gəlməməlidir. Nə olursa olsun, məhz belə də olacağını bildiklərini sonradan iddia edənlər hər zaman olub, var və olacaq. Bu, öngörü deyil. Öngörü zamanı qabaqlamaq iddiası da deyil. Öngörü gələcəyə xəyali baxışdır. Burada xəyali olan gələcək yox, məhz baxışdır. Öngörü, bu anlamda, bildiyimizi iddia etdiyimiz keçmişlə yaşadığımızı sandığımız bu günlə rabitə qurmaq üçün zehni məsafədir. Gələcəyə baxış olmadan keçmişi qavramaq, bu günlə əlaqələndirmək olmur. Olursa da, nəsildən nəsilə şifahi ötürülən xatirələrdən uzağa gedə bilmir.


Tarix ehtiraslı xatirələrdən yox, ağıl xəritələrindən ibarətdir. Tarix, anlamağa çalışdığımız zamanı ağlımızda xəritələndiririksə, var ola bilir. Əks təqdirdə, keçmiş haqqında məlumat, ən yaxşı halda, rəvayət, əsatir və ağsaqqalların xatirələri şəklində olur. Ağıl xəritələrinin cizgiləri (hüdudları) baxış bucağından və görünən üfüqlərdən asılıdır. Ehtiras üçün ümid nədirsə, ağıl üçün üfüq odur.


Tarixin əhəmiyyəti keçmişi işıqlandırmasındadır. Keçmişə xəyalən qayıtmağımız bu günü anlamağımıza yardım edir. Amma, yenə də, çox şey gələcəyə baxışlarımızdan asılıdır. Gələcəyə baxışımız aydın deyilsə, keçmişimiz də dumanlı olasıdır. Dumanlı keçmişin bu gün üçün nə faydası ola bilər ki? Fizikanın (optika bölümü) orta məktəb kursundan xatırlamalı olduğumuz bir qanun var. Onun burada yerinədüşən bənzətmə ola biləcəyinə inanıram. Söhbət işığın qayıtma qanunundan gedir. Xatırladınız?


- İşığın qayıtma bucağı düşmə bucağına bərabərdir.


Keçmişə baxarkən, baxış bucağımızdan açılan mənzərə (müstəvi), zamanın qaytarıcı səth (tarix) ilə üst-üstə düşürsə və ya ona paraleldirsə, bu günümüz anlamsız olası, keçmişimiz kabus kimi təkrarlanası olacaq. İşiq mənbəyinin gücündən və mühitin sındırma əmsalından asılı olmayaraq, qaytarıcı səth bizim üçün görünməz qalacaq. Keçmişə bu günün gözü ilə baxmaqla, keçmişi anlamaq olmaz. Mütləq baxış bucağımızı əyməliyik, gələcəyə xəyalən gedib, qayıtmalıyıq. Unutmamalıyıq ki, gələcəyə baxış bucağımız nə olacaqsa, keçmişə qayıtma bucağımız də ona bərabər olacaq.


20 Yanvar haqqında indiki təbliğatın baxış bucağından faciə görünür. Ondan çıxarılası ağıllı nəticə yoxdur, ancaq kədərli ehtiraslar var. Ağla qərənfilim, ağla? Ağlamaq yox, ağıllanmaq lazımdır. 20 Yanvarın anlamı 18 Oktyabrdadır! 18 Oktyabrı isə indiki iqtidar vacib hesab etmir. 21 il öncə müstəqilliyin əleyhinə çıxanların iqtidarı 18 Oktyabrı necə dəyərləndirsin ki? Ona görə də özü üçün çıxış yolunu SSRİ-dən müstəqil olmamızın əhəmiyyətini və o zaman müstəqillik üçün çalışanların fəaliyyətini aşağılamaqda görür. 18 Oktyabrsız 20 Yanvar, doğrudan da, faciədən başqa bir şey ola bilməz. Faciə üzərində isə milli kimlik, milli birlik qurmaq, milli qürur oyatmaq mümkün deyil. Kədər birləşdirir, orası elədir. Amma, ümidləndirmir. Kədər mühiti, şəffaf olmadığına görə, işığı buraxmır. Kədərin cazibə sahəsi çox güclü olduğundan, cəmiyyət qara dəlik kimi sıxılır, onun içini kənardan müşahidə etmək mümkün olmur, içərisində olanlar üçün isə zaman yavaşıyır. Həm də o dərəcədə yavaşıyır ki, "Yanvar qırğını"na baxmayaraq, sovet zəmanəsini xoş xatirələrlə ananların səsi ucadan gəlməyə başlayır.  


20 Yanvar 2018-ci ilə baxın. İşığın mənbəyini indiki iqtidarın təbliğatında axtarmayın. Hazırki siyasi mühitin sındırma əmsalını nəzərə almayın. Xəyalınızın gücünə güvənin. Cümhuriyytəmizin 100-illiyini düşünün. Nə görürsünüz?


Unutmayın, görmə bucağı baxış bucağına bərabərdir.


 

2 comments:

  1. Salam Erkin bəy, maraqlı və düşündürücü fikirlərinizə görə təşəkkürlər.

    Məni narahat edən bəzi məqamlar var: Sovet qoşunları Bakıya Qorbaçovun bu(On declaration of the state of emergency in Baku city) qərarından sonra girdi. Amma Qorbaçov bu qərarı nədən verdi? Bu sənədi oxuduqda (http://www.mns.gov.az/download/KGB_i_Vlast.pdf)sanki ona ermənilərin təsiri olduğu görünür.

    Bizim mediada da Yanvar hadisələri ermənilərə bağlanır. Bununla razılaşmayanlar da var. Siz necə düşünürsünüz?

    Birdə çox istərdim ki bəhs etdiyiniz "ehtirassız" tarixi araşdıranlar çoxalsın. Bütün məktəbdə keçdiyimiz tarix isə "apar tulla" vəziyyətindədir.

    ReplyDelete
  2. Salam,

    Qorbaçova erməni çevrələrinin təsiri məlumdur. Odur ki, 20 Yanvarda "ermənilərin əli"ni istisna etmək olmaz. Amma, məsələyə daha geniş, hətta deyərdim dərin baxmaq lazımdır.

    20 Yanvara gedən yol Qarabağ münaqişəsindən başladığından, ermənilərlə əlaqələndirmənin yeri var, əlbəttə. Amma 1990-cı ildə bu əlaqə artıq birbaşa deyildi. Əgər 1988-1989-cu illərdə Azərbaycanda hələ də Moskvadan yardım umurdularsa, 1990-cı ildə (bir qədər də tez hətta, 1989-cu ilin sentyabrdından) SSRİ-dən müstəqil olmaq uğrunda hərəkat xeyli genişlənmişdir.

    20 Yanvar da məhz bu hərəkatı güclə yatırtmaq məqsədi güdürdü. Lakin, güclə belə problemləri həll etmək mümkün olmur, SSRİ-nin isə artıq heç bir mənəvi nüfuzu qalmamışdır ki, insanlar onu yaşatmağa istəyə bilsin.

    ReplyDelete