- Erkin bəy, "54+35"lərin bəyanatı ilə bağlı mövqeyiniz fərqli oldu və bu mövqeyinizi kifayət qədər əsaslandırdınız da. Sizcə, bəyanat müəllifləri Rafiq Tağının qatili ilə bağlı birmənalı ünvan göstərməkdə nə dərəcədə haqlıdırlar? Kimlərinsə fətva verməsi və sonradan bu fətvanın icrasını alqışlaması bu cür rəyə gəlməyə əsas verirmi?
- Öncə onu deyim ki, mən bəyanatın və ya onun müəlliflərinin əleyhinə
çıxış etməmişəm. Müəlliflərin niyyətinə şübhə etməyə heç bir əsasım
yoxdur. Onların əksəriyyətini şəxsən tanıdığıma görə, demirəm. Sadəcə,
hər kəsin ifadə azadlığına inandığıma və yüksək dəyər verdiyimə görə,
deyirəm. İfadə azadlığı haqlı olmaq azadlığı demək deyil. Çoxlarına elə
gəlir ki, ifadə azadlığı ancaq həqiqəti söyləmək azadlığıdır. Belə olsa
idi, onun hüquq üçün heç bir anlamı və dəyəri olmazdı. İfadə azadlığı
ifadə olunan mənanın doğruluğunu müəyyən etmir. Bu azadlıq həm də haqsız
olmaq azadlığını ehtiva edir. Cəmiyyətimizdə fərqli fikrə qarşı
dözümsüzlük xeyli dərəcədə bu azadlığın yanlış qavranıldığından
qaynaqlanır. Mübahisə tərəfləri haqlı olduqlarına aşırı dərəcədə
inandıqlarından başqalarını inandırmağa ehtiyac duymurlar, öz
inanclarını mütləq həqiqət hesab edərək başqalarının həqiqətlərini
görmək istəmirlər. Haqsızlığı başqa bir haqsızlıqla həll etməyə cəhd
edirlər. Radikallıq da buradan yaranır. Şəxsən məni bu çox narahat edir.
Məlum bəyanata qoşulmamağımın səbəbi özümü bəyanatın mətnində
görməməyimdir. Bəyanata münasibətim onun müəlliflərinə və ya onların
qarşı çıxdıqları tərəfə münasibətim kimi yozulmamalıdır. Bəyanata
münasibətim kimliyimin ifadəsidir. Sadəcə, mən başqa fikirdəyəm,
fikirlərimi də kimsəyə təlqin etmədən söyləyirəm. Hesab edirəm ki,
bəyanatın müəllifləri üslubu və ünvanı yanlış seçərək Rafiq Tağının
öldürülməsi ilə bağlı yaranmış haqlı narahatlığı
əhəmiyyətsizləşdirdilər. Məqsədləri narahatlığı ifadə etmək idisə
alınmadı. Bu bəyanatdan sonra gündəm kəskin şəkildə dəyişdi. Gündəm
artıq Rafiq Tağının öldürülməsi deyil. Sanki, heç zaman da deyildi. Hamı
bu qətldən öz ideoloji məqsədləri üçün əlavə fürsət kimi yararlanmağa
cəhd edirmiş kimi davranır. Belə olanda kimin birinci başlamasının heç
bir əhəmiyyəti qalmır. İstinad etdiyiniz fətvaya heç nə bəraət qazandıra
bilməz. Heç bir ağlabatan və ürəyəyatan izahı yoxdur həmin o fətvanın.
Ola da bilməz! Rafiq Tağının öldürülməsini alqışlamaq isə insaniyyətə
ziddir və bunun İslamla qətiyyən əlaqəsi yoxdur. Kiminsə özünü müsəlman
sayması hələ onun doğrudan da, müsəlman olması anlamına gəlmir. Əslində,
insan müsəlman olduğuna əmin ola bilməz, ancaq ümid edə bilər. Bunu
ancaq Allah bilir. Allaha inam hər bir inanclı insandan özünə şübhə və
tənqidlə yanaşmasını tələb edir. İnsan hər zaman öz düşüncə və
duyğularını təftiş etməlidir ki, azmasın, qapanmasın, korlanmasın.
Rafiq Tağının qətlində "islamçı" izi?!
- Açıqlamanızda demisiniz ki, demokratiya və insan haqları cəmiyyətimizə yad olmadığı kimi, İslam da qətiyyən yad deyil. Rafiq Tağının qətli dindarlara gedib çıxırsa belə, məlum bəyanatda yanlış radikal düşüncəni deyil, İslamı hədəfə almaq nə dərəcədə doğrudur?
- Rafiq Tağının öldürülməsi cinayətdir. Bu işin orası-burası yoxdur.
Rafiq Tağının bıçaqlandıqdan sonra deyil, xəstəxanadakı uğurlu
əməliyyatdan sonra adi palatada öz qusuntusunda boğulmadan ölməsi ayrıca
narahatlıq yaradan və xüsusi araşdırma tələb edən məsələdir və ölümün
birbaşa səbəbi haqqında əlavə şübhələrə təhrik edir. Cəmiyyətimizdəki
siyasi problemlərin fonunda şübhələr asanlıqla qorxulara çevrilə bilir.
Bunun üzərinə İslamın bütövlükdə qorxunc bir şey kimi təbliği də
gələndə, ilk şübhələrin yanlış olaraq "islamçılar" adlanan qeyri-müəyyən
çevrəyə yönəldiyi təəssüf ki, təəccüblü görünmür. Bu, çox təhlükəli
yanaşmadır. Cinayət məsuliyyəti mütləq fərdidir. Hətta qrup tərəfindən
törədilən cinayətlərdə məsuliyyət qrup üzvlərinin cinayətdə fərdi
iştirak dərəcəsinə görə müəyyənləşdirilir, qrupda üzvlüyə görə deyil.
Doğrudur, bəzən qrupda sadəcə, üzvlük cinayət məsuliyyəti üçün əsas verə
bilər, amma bunun üçün qrupun özü qanunvericilikdə aydın şəkildə
qadağan olunmalı və belə qrupda üzvlük cinayət kimi təsbit edilməlidir.
Rafiq Tağının "islamçılar" tərəfindən öldürüldüyünü iddia edənlər nə
təklif edirlər? "İslamçılar" nə deməkdir? Kimdir "islamçılar"?
Doğrudanmı Rafiq Tağını onlar öldürüb? İslam, bəyanat müəlliflərinin
eyham etdikləri kimi, doğrudanmı təcavüzkar dindir? Bu və başqa əlaqəli
suallara aydın cavab verilmədən və belə cavab qarşı tərəflə
razılaşdırılmadan, müzakirə ümumiyyətlə, alınan deyil. Mübahisə
tərəfləri bir-birilərinə qarşı yönəlmiş klişe və stereotilpərlə
düşünürlər. Bu da əlavə problemdir. Tutaq ki, Rafiq Tağını doğrudan da,
dindar bıçaqlayıb. Ola bilsin, adama çox gec çatıb. İndi öyrənib ki, az
qala 6 il öncə İranda kimsə ölüm fətvası verib. 6 il ərzində heç bir
dindarı həmin fətva hərəkətə gətirməyib, bu isə indi ayılıb, gedib və
öldürüb. Özü də, deyəsən, bu ehtimal olunan dindarın beynəlxalq
vəziyyətdən xəbəri də yoxdur, bilməyib ki, İrana hərbi müdaxilə
hazırlıqları haqqında danışılır. Adam qısadüşüncəli olub, bilməyib ki,
törətdiyi qətlin dərhal İranın Azərbaycana qarşı məkrli planları ilə
əlaqələndirmək həvəskarları tapılacaq. Bəlkə, əksinə, qatilin özü çox
məkrli olub və qətlin məhz İranın dini təsiri ilə əlaqələndirilməsini
istəyib? Bəlkə, onda, o adam heç dindar da olmayıb? Daha bir çox başqa
şeyləri təsəvvürə gətirmək və bəlkə hətta sübut da etmək olar. Amma indi
bu suallar təəssüf ki, gündəmin əsas sualları deyil. Bəyanatın
müəllifləri bəlkə də istəmədən, gündəmi dəyişdirdilər. Gündəm indi
dünyəviliklə dindarlığın qarşıdurması kimi təqdim olunur. Mən
dünyəviliyin inanclı müdafiəçisiyəm. Amma mənim inandığım dünyəviliyin
heç bir dinlə problemi yoxdur. Dünyəvilik ateizm deyil axı.
"Şayiələr, şübhələr, qorxular insanların zehni enerjisini alır"
- Azərbaycan hakimiyyəti bu dəfə də jurnalist qətlinin üstünü açmaqda maraqlı görünmür. Rafiq Tağının qətlindən 2 aya yaxın vaxt keçsə də, istintaq cinayətin sifariş və icraçılarını müəyyən etməyib. Bu acı təcrübə nə vaxta qədər davam edəcək, bu tendensiya ilə hansısa formada mübarizə mümkündürmü?
- Biz çox şeyi bilmirik. Ola bilsin, bu cinayət çoxlarının düşündüyü
kimi sadə deyil. Hüquq-mühafizə orqanlarına haqlı inamsızlıq
təsəvvürləri xeyli çətinləşdirir. Ümumiyyətlə, indi cəmiyyətimizdə
vəziyyət elədir ki, hamı bilmədikləri üzərində mühakimələr yürüdür.
Şayiələr, şübhələr, qorxular - bunlardır insanlarımızın əsas zehni
enerjisini alanlar. Məlumatsızlıq çox təhlükəli siyasi problemdir. Ümumi
məlumatsızlıq şəraitində əksəriyyətin inandığı hətta yanlış bir şey
doğru kimi görünə bilər. Həmin zaman doğrunu bilən azlığa kimsə
əhəmiyyət verməyəcək. Yanlış təsəvvürlər təcrübəyə çevriləcək. Toplum
olaraq yanıldığımızı anlayanda görəcəyik ki, artıq çox gecdir. Siyasi
əhəmiyyəti olan və bu günə qədər açılmamış qalan cinayətlər problemi
istintaq orqanlarından qaynaqlanmır. Bu, ümumi siyasi problemdir. Siyasi
sistem köklü şəkildə dəyişməsə, bu problem də davam edəcək.
"Bu durumda ziyalı etiraz etməsin, neyləsin?"
- Hakimiyyət nümayəndələri az qala, hər gün Ziyalılar Forumunun fəaliyyətini qaralayan açıqlamalar verirlər. Azərbaycandakı gerçəklərin məhz ziyalıların dili ilə deyilməsi hökuməti niyə bu qədər narahat edir?
- İndiki hökumət özü-özünün düşmənidir. Belə hökumətə heç müxalifət
də lazım deyil. Özləri öz nailiyyətlərini əldən verirlər, gördükləri
doğru işləri də batırırlar. Özü də bunu aşkarca edirlər. Bu iqtidarın
siyasəti nəticəsində cəmiyyətimiz şöhrətin ləyaqətdən, həqiqətin
ədalətdən, uğurun zəhmətdən, anlayışın qanacaqdan asılı olmadığı bir
vəziyyətə düşüb. Bu durumda ziyalı etiraz etməsin, neyləsin? Tam ziyalı
sözünə ehtiyac duyulan bir durumdur. İqtidarın nədən narahat olduğunu
düşünməyin isə heç bir əlavə dəyərini görmürəm. Haqq sözü deyilməlidir.
- Ziyalılar Forumunun son toplantılarından birinin qarşısı "işıqsöndürmə" əməliyyatı ilə alındı. Hökumətin sözçüləri bu adamların əsl ziyalı olmadığını, hakimiyyətdən istədiyini ala bilməyən, şəxsi maraqlarını təmin etmək üçün bir araya gələn insanlar kimi qiymətləndirir.
- İqtidarın istədiyi odur ki, cəmiyyət, kimin əsl ziyalı olduğunu
müzakirə etməklə əsas siyasi problemlərin kökünü görə bilməsin. Ona görə
də, mən "əsl ziyalı" haqqında təhrik olunan müzakirərləri yersiz və
faydasız hesab edirəm.
"Siyasi iradəsiz hüquq küləksiz yelkən kimidir"
- Erkin bəy, ölkədəki hüquqi vəziyyəti necə qiymətləndirirsiniz? Vətəndaşların hüquq-mühafizə orqanlarından, məhkəmələrdən etdiyi şikayətlərin sayı-hesabı yoxdur.
- Hüquq sistemi siyasi sistemin tərkib hissəsidir. Hüquq sisteminin
durumu siyasi sistemin durumundan yaxşı olası deyil. Hazırki siyasi
sistemi saxlamaqla hüquq sisteminin əhəmiyyətli dərəcədə dəyişəcəyinə
ümidlər əbəsdir. Huququn siyasi iradəyə ehtiyacı var. Siyasi iradəsiz
hüquq küləksiz yelkən kimidir, hərəkətsiz qalacaq.
- Ötən ilin sonlarında prezident insan haqları ilə bağlı Milli Fəaliyyət Planını təsdiqlədi. Sənəddə insan hüquq və azadlıqlarının ən üst səviyyədə təminatı ilə bağlı xeyli müddəalar var. Hüquq və azadlıqların kütləvi şəkildə pozulduğu, bununla bağlı yerli və beynəlxalq səviyyədə səslənən iradların hökumət tərəfindən inkar edildiyi bir ölkədə bu cür sənədin qəbulu nəyə lazım idi?
- İnsan haqları sahəsində Milli Fəaliyyət Planları dünyanın çox
ölkəsində yayılmış təcrübədir. BMT İnsan Haqları Ali Komissarlığının
hətta buna dair tövsiyyələri var. Üzv dövlətlər həmin tövsiyyələrə uyğun
da öz milli sənədlərini hazırlayırlar. Bu, çox normal təcrübədir, buna
qeyri-adi bir şey kimi baxmaq lazım deyil. Milli Plan siyasi sənəddir, o
cür də dəyərləndirilməlidir.
"Qərbin Azərbaycanda demokratiya istəməsi sadəcə xoş ümiddir"
- Azərbaycan cəmiyyətinin Qərbdən böyük gözləntiləri var. Cəmiyyətdə bu fikir hakimdir ki, Azərbaycanda demokratik dəyişikliklərin olub-olmaması əsasən Qərbin istəyindən və çabalarından asılıdır. Qarşı tərəf isə fürsət düşdükcə demokratiyanın ixrac olunmadığını, qazanıldığını anlatmağa çalışır. Siz necə düşünürsünüz, Azərbaycanda demokratik dəyişikliklərin olması daha çox kimdən asılıdır?
- Məncə, cəmiyyətimizin Qərbdən böyük gözləntiləri artıq yoxdur.
Doğrudur, müstəqilliyimizin ilk illərində belə gözləntilər var idi. Amma
onlar tədricən azaldı və bu gün də azalmaqda davam edir. Unutmayaq ki,
cəmiyyətimizin Qərbdən gözləntiləri ilk öncə Qarabağ münaqişəsinin
ədalətli həlli ilə bağlı idi. Bu gözlənti bütün digər umacaqlardan xeyli
üstün olub. Qərb bu gözləntini doğrulda bilmədi. Qərbdən Qarabağla
yanaşı, demokratik gözləntilər də var idi. Demokratiya yolunda Qərbin
Şərqi Avropa ölkələrinə birmənalı və güclü dəstəyi bizim cəmiyyətimizi
də ümidləndirmişdi. Cəmiyyət bir çox başqa təsiredici amilləri nəzərə
almadan inanırdı ki, burada da Qərb eyni rolu oynaya biləcək. Olmadı.
Əlbəttə, demək olar ki, gözləntilər həddindən artıq yüksək olub. Guman
ki, elədir. Amma artıq bunun heç bir əhəmiyyəti qalmayıb. Nəticə
aydındır - Qərbin cəmiyyətimizdə nüfuzu xeyli azaldı. Qərbin
Azərbaycanda demokratiya istəməsi sadəcə, fərziyədir, xoş ümiddir.
Qərbin başqa bölgələrdə demokratiyanı "sabitliyə" qurban verdiyinə azmı
örnək var? Qərb, onun aparıcı dövlətləri ilk öncə öz mənafelərini
güdürlər. Bu, əslində, anlaşılandır və qətiyyən qınanılası deyil. Odur
ki, biz də ilk öncə öz milli mənafelərimizi güdməliyik.
Demokratikləşməni də Qərbin xoşuna gəlmək, hansısa reytinqdə yüksək yer
tutmaq üçün etməməliyik. Biz demokratiyanın özümüz üçün çox vacib
olduğunu anlamalı, xalqımıza güvənməliyik.
"Azərbaycandakı rejim nə diktaturadır, nə totalitarizm"
- Ərəb ölkələrində başlayan dalğanın Azərbaycandan da yan keçməyəcəyini deyirlər. Siz nə düşünürsünüz?
- Mən örnəklərin mexaniki köçürülmələrinə inanmıram. Azərbaycan çox
fərqli ölkədir. Bölgəmiz də çox mürəkkəb və təhlükəlidir. Bizdə siyasi
sistem də fərqlidir. Azərbaycandakı rejim nə diktaturadır, nə
totalitarizm. Əslində, "rejim" sözünü çox şərti, qısa olsun deyə,
istifadə etməli oluruq. Çünki iqtidarın siyasi kimliyi, öz adamlarının
loyallığını təmin etmək üçün ideologiyası və ona uyğun hekayəsi yoxdur.
Hakimiyyət qanunun aliliyinə əsaslanmadığı üçün təsisatlanmamış
vəziyyətdədir, mücərrəd deyil, şəxsidir. Bütün səviyyə və mərhələlərdə
hakimiyyət münasibətləri şəxsi əlaqələr üzərində qurulub. Şəxsi
əlaqələrdə rəsmiyyət mümkün olmur. Ona görə də, məmurlar və digər
vəzifəlilər özlərini dövlət xidmətçisi hesab edə bilmirlər. Vətəndaşlar
da onları o cür görmür. Ona görə də, cəmiyyətimizdə kəskin siyasi
qarşıdurma alınmır. Bunun həm müsbət, həm də mənfi cəhətləri var.
- 2012-ci ildə Azərbaycanda siyasi şərait, hüquq və azadlıqların vəziyyəti baxımından hansısa dəyişikliklər gözləyirsinizmi?
- Mən hər zaman dəyişiklik gözləyirəm, çox nikbin adamam. Bu sistem uzun sürən deyil.
Gültəkin Knyazqızı
İstək. İnam. İradə. İştirak.
Sunday, January 29, 2012
Subscribe to:
Posts (Atom)