İstək. İnam. İradə. İştirak.

Saturday, February 21, 2009

Xocalı soyqırımı və biz.

Fevralın 26-da Xocalı faciəsinin 17-ci il dönümü qeyd olunacaq. Rusiyanın fəal hərbi yardımı hesabına (366-cı alay Rusiyanın hərbi hissəsi idi) erməni silahlı qüvvələri bu dəhşətli cinayəti törətdilər. Həmin cinayəti biz soyqırım sayırıq. Burada soyqırımın hüquqi incəliklərinə varmaq istəmirəm (bu ayrı mövzudur). Məni çoxdan narahat edən başqa şeydir. Biz hər dəfə gecikirik. Əvvəlki yazımda düşüncəmizin qısa olduğunu qeyd etmişdim. Qısadüşüncəliyimizə görə də yubanırıq.

Xocalı soyqırımı 1992-ci ildə törədilib. Azərbaycan BMT-nin Soyqırım Konvensiyasına 1996-cı ildə qoşulub. Ermənistan isə 1992-ci ildə həmin müqavilənin iştirakçısı oldu. Qəribə təzaddır: soyqırımı törədən soyqırımın qurbanından daha tez Soyqırım Konvensiyasına qoşulur. 4 il burada itirdik. Bundan əlavə, Azərbaycan Cinayət Məcəlləsində soyqırım cinayəti yalnız 2000-ci ildə təsbit edildi. Daha 4 il itirdik. 1992-ci ildən 2000-ci ilədək Xocalı faciəsi ilə əlaqədar cinayət istintaqı "iki və daha çox adamın qəsdən öldürülməsi (xüsusi qəddarlıqla)" müddəalarına əsasən aparılırdı. 8 il ərzində insanlıq əleyhinə cinayət məişət cinayəti kimi araşdırılırdı. Ritorik səviyyədə soyqırım saydığımız cinayəti rəsmən məişət cinayəti kimi təqib edirdik. Düz 8 il (1992-2000)! İstintaq orqanlarına burada heç bir iradım yoxdur. Yalnız qanunu rəhbər tutmalı olduqlarına görə onlar Cinayət Məcəlləsində təsbit olunmamış cinayəti təqib edə bilməzdilər. İradım siyasi hakimiyyətədir. 8 il nəyi gözləyirdik?

Sırf hüquqi baxımdan problem o qədər də böyük görünməyə bilər. Soyqırım cinayətinə zaman məhdudiyyəti tətbiq olunmur. Milli qanunvericilikdə bu cinayətin sonradan təsbit edilməsi problem deyil. Törədildiyi zaman beynəlxalq hüquqa görə cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv təqibi məqbul sayılır. Sübutların toplanmasında və dəyərləndirilməsində xeyli çətinliklər ola bilər və əminəm ki, var. Amma problem bunda da deyil. Daha vacibi dövlətimizin beynəlxalq səviyyədə və ölkə daxilində inandırıcılıq dərəcəsidir. İnandırıcılıq haqlı olmaqdan daha təsirlidir. Haqlı olmaq çox azdır. Başqalarını inandırmağı bacarmaq lazımdır. Problem də elə buradadır.

Əvvələr Milli Məclis hər il Xocalı soyqırımının il dönümü ərəfəsində xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul edərdi. Həmin müraciətlərdə Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymətin verilməsi tələb edilərdi. Demirəm ki, bunu etmək lazım deyildi. Amma həmin müraciətlərin məzmununu çox zəif, üslubunu isə aciz sayıram. Daha aqressiv olmaq lazımdı! Yetər ağlaşdıq! İnciyəni incidirlər, küsəni danışdırmırlar! Başqalardan umduğumuz şeylərin çoxu özümüzdən asılıdır. Amma gərəkdir ki, haqlı olmaqdan daha çox inandırıcı olmağa çalışaq. Hər kəs nə istədiyimizi və istədiyimizə necə nail olmağa çalışacağımızı aydın anlamalıdır. Bunun üçün isə belə aydınlıq ilk növbətə özümüzdə olmalıdır.

Milli Məclisin müraciət və bəyanatlarında xeyli boşluqlar və ziddiyyətlər var idi. Həmin boşluq və ziddiyyətlər qısadüşüncəliyimizdən törənir. Hər dəfə Xocalı soyqırımın törədilməsində təqsirli olanların adlarını çəkmək lazım olanda, Robert Köçəryan, Serj Sarqsyan kimilərinin adları rəsmi ritorikadan çıxarılırdı. Sonuncu dəfə Milli Məclis "Xocalı bəyanatını" 2007-ci ildə qəbul etmişdir. Həmin bəyanatda nə Köçəryanın adı çəkilir, nə də Sarqsyanın. Əvəzində, Seyran Oqanyanın adı çəkilmişdir. 2007-ci ildə Köçəryan Ermənistanın prezidenti, Sarqsyan isə Müdafiə Naziri idi (2007-ci il martın 4-də Baş Nazir təyin olundu). Ona görə də onların adları Xocalı soyqırımında rəsmən təqsirləndirilənlərin arasında yox idi. Onlarla, axı, danışıqlar aparılırdı. Seyran Oqanyan isə o zaman qondarma "Dağlıq Qarabağ Respublikasının" müdafiə naziri idi. Xocalı soyqırımında şəxsən iştirak edənlərdən biri olmuşdur. Odur ki, onun adının çəkilməsi doğru idi. Amma ardıcıl olmaq vacibdir. Xocalı soyqırımında təqsirli olanların hamısını üzə çıxarmaq lazımdır, tutduqları vəzifələrə baxmadan. Yeri gəlmişkən, Seyran Oqanyan indi Ermənistanın Müdafiə Naziridir. İndi necə olsun, bəs? Yenəmi adı rəsmən çəkilməyəcək?

Yaxşı yadımdadır, 2007-ci ilin fevralında, Milli Məclisin sonuncu "Xocalı bəyanatını" qəbul etdiyi günün axşamı, "LİDER TV"-nin "SƏDADAN SONRA" verilişində deputat Fəzail Ağamalıdan soruşdular: niyə Seyran Oqanyanın adı bəyanatda çəkilir, Robert Köçəryanın adı isə çəkilmir? F. Ağamalı dedi ki, onların (kimin, yəni?) araşdırmalarına görə R. Köçəryanın Xocalı soyqırımında birbaşa iştirakını sübut edən faktlar yoxdur. Buna görə də onun adı bəyanatda yox idi. Siyasi rəhbərlik qətiyyətli və ardıcıl olmayanda belə olar da. Hüquqi təqsir, özü də soyqırım kimi cinayətdə, birbaşa iştirakla məhdudlaşmır axı. R. Köçəryan 1992-ci ildə "DQR"-in prezidenti, S. Sarqsyan isə müdafiə naziri idi. Onların təqsirli olmaları üçün birbaşa iştirakları vacib deyil. Lap, hətta, hesab etsək ki, (hərçənd, bu belə deyil) R. Köçəryan və S. Sarqsyan dinc Xocalı sakinlərinin kütləvi şəkildə öldürülməsinə əmr verməyiblər və qırğının törədildiyi zaman ondan xəbərsiz olublar. Bu heç nəyi dəyişməyəcək. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə görə (maddə 28) mülki və hərbi rəhbərlər tabeçiliklərində olan qüvvələrin etdiklərindən xəbərsiz olduqları hallarda belə təqsirli sayılırlar.

Qətiyyətli və ardıcıl olmaq lazımdır! Yuxarıda qeyd etdiklərimdən başqa Rusiyanın rolu açıq ifşa olunmalıdır. Biz Rusiyanın bölgə siyasətinin qurbanıyıq. Rusiyanın Qafqaz siyasətinin cinayətkar mahiyəti var. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi təcavüzü bunu bir daha təsdiqlədi. Biz Rusiyanın cinayətkar siyasətinin qurbanlarıyıq. Ermənistan burada sadəcə bir alətdir. Cinayətin qurbanı kimi biz tarazlı yox, qərəzli siyasət aparmalıyıq. Öz haqlarımızı qətiyyətlə müdafiə etməli, haqlarımızı pozanları isə cəzalandırmalıyıq. Bunun mümkünlüyü haqqında yox, vacibliyi haqqında düşünməliyik və ardıcıl olaraq bu məqsədlərə doğru getməliyik. Yolun uzun və çox çətin olacağı bizi həvəsdən salmamalıdır.

Bu il iyulun 1-də Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətli sayıldığı müddətin 7-ci ili tamam olacaq. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi 5-ci maddəsində təcavüz cinayətini nəzərdə tutur. 1998-ci ildə Nizamnamə qəbul ediləndə təcavüz cinayətinin tərifi qəbul olunmamışdır (çoxlu layihələr var idi, amma razılıq yox idi). BCM Nizamnaməsinin 123-cü maddəsinə görə təcavüz cinayətinin tərifi (ola biləcək başqa məsələlərlə yanaşı) Nizamnamənin qüvvəyə minməsindən 7 il sonra BMT-nin Baş Katibi tərəfindən çağırılacaq Təftiş Konfransında müzakirə ediləcək. Qeyd etdiyim kimi, 7 il bu ilin iyulun 1-də tamam olacaq.

Təftiş Konfransında ancaq üzv dövlətlər iştirak edə biləcəklər. Azərbaycan indiyədək Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə qoşulmayıb. Belə getsə, biz Təftiş Konfransında iştirak edə bilməyəcəyik. Yenə də qəribə təzad: təcavüz cinayətinin tərifi müzakirə və qəbul ediləcəyi konfransda biz (təcavüz cinayətinin qurbanı) iştirak edə bilməyəcəyik. Bizi oraya heç çağırmayacaqlar da. Səbəbi də özümüzdədir. Çünki yenə də gecikirik, çox gecikirik. Amma hələ də çata bilərik. Bu yaz sessiyasında Milli Məclis BCM-nin Nizamnaməsinə qoşulmaq haqqında qanun qəbul edərsə, Təftiş Konfransında iştirak edə bilərik. Amma tələsmək lazımdır. Nəzərə almaq lazımdır ki, sonradan qoşulan ölkələr üçün BCM-nin Nizamnaməsi qoşulma sənədlərinin rəsmən təqdim olunmasından 60 gün sonra qüvvəyə minir (maddə 126).


Təcavüz cinayəti BCM-nin Nizamnaməsinin qüvvəyə minməsindən əvvəl başlamasına baxmayaraq, onun nəticələri bu günədək davam edir. Bizim halda təcavüz davam edən cinayətdir. Odur ki, 24-cü maddədəki prosesual zaman məhdudiyyəti maneə olmamalıdır.

Bu dəfə də geciksək, təcavüzkarları beynəlxalq səviyyədə məsuliyyətə cəlb etmək niyyətində olduğumuza heç kəsi inandıra bilməyəcəyik. Təcavüz cinayətinin tərifi müzakirə və qəbul ediləcəyi yerə çağırılmayacağımızı hansısa "ikili standart" bəhanəsi ilə izah etmək mümkün olmayacaq.

Friday, February 20, 2009

Qısadüşüncəlik (short reasoning)

Problemlərimizin böyük əksəriyyəti düşüncəmizin qısa olduğundan qaynaqlanır. Uzaq hədəflər, uzun planlamalar kimi şeylər bizi yorur. Dilimiz də bunu tam aydınlığı ilə ifadə edir. Uzaq hədəflər haqqında danışana - "çox uzağa getmə" -, uzun planlamanı etməyə çalışana isə - "uzunçuluq etmə" - deyilə bilir. Dilimiz çəkingən olduğumuza dəlalət edir. Maraqlıdır ki, bu anlamda "uzağa getmək" nöqsan sayıldığı halda, "uzağı görmək" hünər sayılır. Uzaqgörənlik uzaqgedənlikdən üstündür, yəni. Çox qəribədir, uzağa gedəsi deyiliksə, uzağı görməyimizin nə faydası? Getmədiyimiz təqdirdə isə gördüyümüz nə olasıdır? Nəticəni öncədən görə bildiyimizə iddia edirik. Başlamadan, sonu düşünürük.

Bəlkə elə yerimizdə saydığımızdandır ki, uzağa yox, ətrafa baxırıq. Nəfəsi dərindən, düşüncəni isə ətrafdan alırıq. Ətraflı düşündüyümüzdən dərin biliklərimiz olmur. Bütün problemlərə kənardan yanaşmağa çalışırıq. Problemlərin içinə girməkdən çəkinirik, başımızı dərdə soxacağımızdan qorxuruq. Problem bizim üçün dərd sayılır. Ona görə siyasətdə də mərkəzçilərin, sağçıların və solçuların olduğu görünmür. Əvəzində, yuxarıda oturanlar, qıraqda qalanlar və ortalığa düşənlər var.

Biz sözə baxırıq. Qəribədir, deyilmi? Sözü nədənsə dinləmirik, oxumuruq. Biz ona baxırıq. Sözə də baxmaq olur? Əlbəttə, yox. Ona görə də gördümüyüz - sözü deyən olur. Danışan danışılandan daha vacibdir bizim üçün. Sözün sahibi, yəni. Sözə baxmaq üçün gözə ehtiyac yoxdur. Sözə baxmaq üçün qulaq asmaq lazımdır. Biz sözə baxıb, iş görürük. Sözə baxmayanda isə, işə düşürük. İş görə bilməyəndə, fəaliyyət göstəririk (başqaları guya işlədiyimizi görsün deyə).

Sözəbaxanlığımız qısadüşüncəliyimizə çevrilir. Qısa düşündüyümüzdən, dilimiz yanıtmac ifadələrlə doludur. Qısadüşüncəliyimiz anlaşılmazlıqları artırır, mövzu seçimini daraldır, yersiz söhbətlərə sövq edir. Qısa düşünən adamın geniş azadlığı ola bilməz.

Tuesday, February 10, 2009

Hökümət haqqında bəzi qeydlər

Azərbaycan qanunlarında “hökümət” istilahından istifadə edilmir. Odur ki, qanunvericilik texnikası baxımından Azərbaycanda hökümətin olmadığını söyləmək olar. Bəs, qanunların çərçivəsindən çıxsaq, necə? Siyasi baxımdan hökümətimiz varmı?

Adətən, Azərbaycanda “hökümət” deyildikdə Nazirlər Kabineti nəzərdə tutulur. Siyasətçilər, jurnalistlər, şərhçilər, hətta hüquqşünaslar da hər dəfə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” kimi uzun ifadəni işlətməmək üçün bu qurumu qisaca “hökümət” adlandırırlar. Burası anlaşılandır. Ritorika mümkün qədər qənaətçil olmalıdır (daha az söz, daha çox məna). Amma məsələ, aydındır ki, ritorikada deyil. Nazirlər Kabinetinin “hökümət” adlandırılması nə dərəcədə doğrudur? Mən iddia edirəm ki, doğru deyil.

Hökümətin iki əsas əlaməti olur:

1. siyasi mənsubiyyət
2. kollektiv məsuliyyət

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu iki meyarın heç birinə uyğun gəlmir.

“Siyasi mənsubiyyət” deyildikdə hökümətin partiyalığı nəzərdə tutulur. Parlament seçkilərində qalib gəlmiş partiya, yetərli say üstünlüyünə malik olduğu halda, təkbaşına iqtidara gəlir və hökümətdəki yerləri öz üzvləri sırasından təyin edir. Seçkilərin nəticəsində heç bir partiyanın yetərli say üstünlüyü olmadığı hallarda isə bir neçə partiya müttəfiqlik (coalition) sazişinə əsasən ortaq hökümət yaradırlar. Hökümətdəki yerlər müttəfiq partiyalar arasında bölüşdürülür.

Azərbaycan parlamentində say çoxluğu YAP-a məxsusdur. YAP özünü iqtidar partiyası adlandırır və, göründüyü qədərilə, siyasətçilərin, jurnalistlərin və şərhçilərin əksəriyyəti bununla razılaşır. Amma iqtidar olmaq sadəcə say üstünlüyü məsələsi deyil, axı. YAP-ın Milli Məclisdə yerlərin əksəriyyətinə sahib olmasından nə fayda? Milli Məclisdə ümumiyyətlə heç bir siyasi proses getmir. “Milli Məclisin Daxili Nizamnaməsi” adlanan qanuna görə 25 nəfərdən ibarət deputat qrupu fraksiya (bölüm) yarada bilər. Amma Milli Məclisdə bir dənə də bölüm yoxdur. Daxilində siyasi bölümlərin olmadığı bir qurumun qanunverici hakimiyyət olması mümkün deyil. Qanunlar mənafelərin tarazlığını ifadə etməlidirlər. Qanunları qəbul etməli olan qurumda müxtəlif mənafe qruplarının və siyasi qüvvələrin təsisatlanmış təmsilçiliyi yoxdursa, belə qurumun qəbul edəcəyi qanun və qərarların legitimliyi çox qüsürlu olasıdır.

Beliklə, YAP, Milli Məclisdə yerlərin əksəriyyətinə sahib olmasına baxmayaraq, iqtidar partiyası sayıla bilməz. YAP-ın Milli Məclisdə öz bölümü olmadığına görə partiya toplantıları keçirilmir. Belə olan halda YAP-ın parlamentdə partiya mövqeyindən danışmaq da yersizdir. YAP deputatlarının və onların çevrəsində olan “müstəqillərin” həmişə həmrəy olmasının səbəbi parlamentin kənardan idarə olunmasındadır. Milli Məclis tamamilə iflicdir. Indiki halında onun içində heç bir siyasi proses mümkün deyil.

Yanlış olaraq “hökümət” adlandırılan Nazirlər Kabinetinin formalaşmasında nə Milli Məclisin rolu var, nə də YAP-ın. Konstitusiyaya görə Nazirlər Kabineti bütövlüklə Prezident tərəfindən formalaşdırılır. Yalnız Baş Nazirin təyinatında Milli Məclisin razılığı nəzərdə tutulur. Amma bu imkan da çox kövrəkdir, çünki Milli Məclis təklif olunmuş namizədləri üç dəfə rədd edərsə, Prezident Baş Naziri təkbaşına təyin edə bilər. İndiki Məcslisin heç bir dəfə də rədd cavab verməsi ehtimal olunmur. Nazirlərin təyinatında isə Milli Məclis ümumiyyətlə iştirak etmir. Deməli YAP da bu prosesdə iştirak edə bilmir və onun parlamentdə say üstünlüyü tamamilə əhəmiyyətsizləşir.

Nazirlərin əksəriyyətinin YAP üzvü olması Nazirlər Kabinetinin siyasi mənsubiyyət meyarına uyğun gəlməsinə dəlalət etmir. YAP Nazirlər Kabinetinin nə formalaşmasına təsir edə bilir, nə də onun siyasətinə (fəaliyyətinə). Beləliklə də Nazirlər Kabinetinin siyasi mənsubiyyəti yoxdur.

Siyasi mənsubiyyət olmayan yerdə isə kollektiv məsuliyyət (hökümətin ikinci meyarı) də olası deyil. Hökümətin kollektiv məsuliyyəti onu formalaşdıran partiya tərəfindən nəzarət hesabına mümkündür. Siyasi partiyalar “hökümət” adlandırılan qurumun formalaşmasına və siyasətinə təsir edə bilməyəndə, həmin qurumda kollektiv məsuliyyət də olmayacaq. Kollektiv məsuliyyət o deməkdir ki, qurumun bütün üzvləri yalnız öz səhvlərinə görə deyil, həm də başqaların səhvlərinə görə cavab verməlidirlər. Səhv çox ciddi olarsa və ya çox kəskin ictimai etiraz doğurarsa, bütün hökümət istefaya getməli olur. Siyasi məsuliyyət, hüquqi məsuliyyətdən fərqli olaraq, şəxsi təqsirin olmasını tələb etmir. Azərbaycanda isə (indiki konstitusiya quruluşuna görə) hətta Baş Nazirin istefası belə Nazirlər Kabinetinin istefasına səbəb olmur.

Bunun isə çox acınacaqlı nəticəsi olur - Baş Nazirin kimliyi nazirlər üçün əhəmiyyətsizləşir. Baş Nazir tamamilə lazımsız bir fiqura çevrilir. O, nə nazirləri ciddi maraqlandırır, nə də cəmiyyəti. Təəcüblü deyil ki, Azərbaycanın Baş Naziri (vəzifəsinin, nominal olaraq, çox yüksək olmasına baxmayaraq) nə özü görünür, nə də adı çəkilir. Çox nadir istisna halları onun lazımsızlığını ancaq təsdiqləyir.

Bundan əlavə, nazirlərin tabeçiliyi də həddindən artıq mürəkkəbdir. Formal olaraq, nazirlərin tabeçiliyi beş pilləlidir. Nazirin tabe sayıldığı pillələr bunlardır:

1. Prezident
2. Prezidentin İcra Aparatının rəhbəri
3. Baş Nazir
4. Baş Nazirin birinci müavini
5. Baş Nazirin müavini

Bəzən, hətta Prezident Aparatının şöbə müdirləri də nazirlərə göstərişlər verə bilirlər. Belə şəraitdə heç bir kollektiv məsuliyyət mümkün ola bilməz. Tam əksinə, nazirlərin arasında əməkdaşlıq çətinləşir, çünki onların ünsiyyət kanalları çox qüsürludur. Təşəbbüs ziyanlıdır, həvəs problemi həlledilməz haldadır. Belə bir sistemdə nazirlər arasında etimadsızlıq qaçılmaz olur. Nazirlərin şəxsi keyfiyyətləri müsbət rol oynaya bilmir, çünki sistemin özü böhranları həndəsi silsilə ilə artırır. Nazir beş adama tabe olmamalıdır!

Bəzən TV-dən Nazirlər Kabinetinin “müşavirələrini” göstərirlər. Amma orada heç bir müşavirə olmur. Nazirlər Prezident qarşısında rabitəsiz hesabtlarla çıxış edirlər. Sonda Prezident uzun yekun nitqi söyləyir. Bununla da iclas bitir. Belə də müşavirə olar? Bəs, hanı suallar? Hanı müzakirələr? Hanı alternativ rəylər, araşdırmalar və s.? Bunların heç birisi olmur. Nazirlər suallar vermirlər, fərqli fikir ifadə etmirlər və s. Buna müşavirə demək doğru deyil.

Nazir vəzifəsinə yanaşma da yanlışdır. Prezidentin özü bir neçə dəfə bildirib ki, nazir – məmurdur. Bir dəfə isə Prezident nazirlərə iradla deyib ki, siyasətlə məşğul olmaq istəyirlərsə istefa versinlər. Kökündən yanlış! Nazir məmur deyil, siyasi vəzifədir. Nazir peşəkar yox, siyasətçi olmalıdır. Nazir vəzifəsinə peşəkarların təyin olunması qüsürlu təcrübədir. Xüsusilə də indiki sistemdə. Mütləq kənar adam olmalıdır və onun aydın siyasəti olmalıdır. Təbii ki, bu siyasət iqtidar partiyasının ümümi siyasətinin tərkib hissəsi olasıdır. Azərbaycanda isə bunların heç birisi yoxdur. Deməli, Nazirlər Kabineti hökümət deyil.

Azərbaycan prezident respublikasıdır. Bu çox vacib qeyd sayılır. Doğrudan da, yuxarıda təsvir etdiyim meyarlar daha çox parlament respublikalarına xasdır. Bəs, Azərbaycan prezident respublikasıdırsa, Nazirlər Kabineti nəyə lazım? Xalis prezident respublikalarında icra hakimiyyətini Prezident həyata keçirir və nazirlər də birbaşa Prezidentə tabe olurlar. Baş Nazir olmur, çünki lazım da deyil. Parlament nazirlərin təyinatından tutmuş gündəliklərinə qədər nəzarət edə bilir. Güclü Prezident hakimiyyəti ilə yanaşi kollektiv hökümətin (Nazirlər Şurası) olduğu ölkələr də var. Məsələn, Fransa. Amma orada Prezident sosial-iqtisadi siyasəti müəyyən etmir, höküməti də formalaşdırmır. Hökümət parlament seçkilərində qalib gəlmiş partiya tərəfindən formalaşdırılır. Odur ki, orada hökümətin həm siyasi mənsubiyyəti var, həm də kollektiv məsuliyyəti. Baş Nazirin istefası da bütün hökümətin istefasına səbəb olur.

Azərbaycanın indiki sistemi çox səmərəsiz və ədalətsizdir. Köklü islahat olmalıdır. Prezident respublikasına üstünlük veriləcəksə, Nazirlər Kabineti bir qurumu kimi ləğv edilməlidir. Parlament respublikasına üstünlük veriləcəksə, onda Nazirlər Kabineti, təbii ki, saxlanılmalı, prezidentdən isə icra hakimiyyəti tamamilə alınmalıdır. Ya da, kompromis variantı kimi, Fransa modelindən istifadə etmək olar. Şəxsən mən xalis prezident respublikasını seçərdim və Nazirlər Kabinetini ləğv edərdim. Aydındır ki, məsələ sadəcə Nazirlər Kabinetində deyil. Parlametin gücləndirilməsinin həlledici əhəmiyyəti var. Bir sözlə, genişmiqyaslı və dərin islahatlar aparılmalıdır (tamamilə yeni konstitusiya lazımdır).

Saturday, February 7, 2009

Dil və azadlıq

Düşüncənin gerçəkliyə təsir etdiyi çoxdan məlumdur. Hər kəs düşüncələrinə uyğun yaşayır. Düşüncələr dil vasitəsilə ötürülür. Dilin məna ötürücülüyü onun işlədildiyi çevrədən asılıdır.

Çevrə ünsiyyətin məhsuludur. Ünsiyyət nə qədər çoxçeşidli olarsa, çevrə də bir o qədər zəngin olar. Çevrənin zənginliyi isə dilin ötürücülüyünü artırır. Çox sevdiyim bir deyim var:

"yalnız iki şey bizi keyfiyyətçə dəyişdirə bilir: oxuduğumuz kitablar və görüşdüyümüz adamlar."


Hər ikisi ünsiyyətdir: kitablar - qiyabi, adamlar da ki, - əyani. Odur ki, çox oxuyanların və çox tanışı olanların həyatı daha mənalıdır.

Ünsiyyət azadlıq tələb edir. Birincisi ona görə ki, ünsiyyət üçün zaman lazımdır (özəl vaxt), ikincisi də ki, məkan (görüş yeri). Özəl vaxtı, yəni özlərinə sərf edə biləcəkləri vaxtı olmayanlar, əlbəttə ki, azad sayıla bilməzlər. Özəl vaxtın həcmi çox şeydən asılı ola bilər. Amma ən çox işdən, ailədən və məişətdən asılıdır.

İş yorucu və/və ya darıxdırıcı olduqda işdən sonra qalan vaxt özəl ola bilmir, sadəcə boş olur. Belə işdən sonra əlavə ünsiyyətə (kitab oxumağa, adamlarla görüşməyə) həvəs qalmır. Nəticədə həyat cansıxıcı keçir, düşüncələr isə cılızlaşır. Düşüncə boşluğunu ehtiraslar doldurur. Düşüncəsiz ehtiraslar isə insanı şəxsiyyətsizləşdirir, çünki ehtiraslar hamıda eynidir. Yalnız düşüncələr insanları fərqləndirə bilir. Düşüncə azadlığının xüsusi önəmi də bundadır.

Düşüncə azadlığını boğan cəmiyyətlərin inkişaf (tərəqqi) edə bilməməsinin səbəbi həmin cəmiyyətləri təşkil edən insanların şəxsiyyətsizləşməsidir. Şəxsiyyətsizləşmiş insanlar isə "iş" dedikləri məşğulluqda "əməyin satılması" ilə "vicdanın satılması" arasında fərqi görməməyə meyl edirlər. Belələri hər şeyə hazır olurlar, çünki mənəvi məhdudiyyətləri tanımırlar. Onların işi faydasızdır, çünki işlərində "şəxsiyyət töhfəsi" yoxdur. İnsanlar gördükləri işlərdən razı qala bilmirlər, amma hansısa məcburiyyət ucbatından onu davam etdirirlər. İş də şəxsiyyətsizləşir. Bu hal dilə də təsir edir. Dilin ötürücülüyü zəifləyir. Çoxlu sapma mənalar yaranır. İnsanlar özlərini ifadə etməkdən çəkinməyə başlayırlar. Danışdıqları dil də şəxsiyyətsizləşir. Məna yükü "edən"in üzərindən götürülür və "edilən"in üzərinə qoyulur. Cümlələr mürəkkəbləşir, mənalar isə yayğınlaşır.

Düşük ehtiraslar düşüncəyə mane olur və insanların azadlığını kəskin məhdudlaşdırır. İnsanlar özlərindən belə şübhələnməyə başlayırlar. Ədəbli lüğəti mənası olan sözlərdə belə ədəbsizliyi görməyə meyl edirlər. Azad düşünə bilmədiklərinə görə həmin sözləri ya heç işlətmirlər, ya da işlətməzdən öncə üzr istəyirlər. Yalançı utanclıq, əncir yarpaqı kimi, ifadə azadlığının olmadığını ört-bastır edir. Səmimiyyət azalır, riyakarlıq artır.

Ailə və məişət də dilin məna ötürücülüyünə təsir edə bilir. Ailə münasibətləri həddindən artıq sıx olanda özəl vaxt ümumiyyətlə mümkün olmur. Ailə üzvləri asanlıqla müdaxilə edirlər. Ailə nüvə yox, şəbəkə şəklini alır. Qohumlar özlərini bir böyük ailə kimi təsəvvür etməyə meyl edirlər. Bunun da səbəbi bir tərəfdən məişət çətinlikləri ilə əlaqədardırsa, digər tərəfdən siyasi azadlıqların və sosial altqurumun (infrastrukturun) inkişafından asılıdır.

Məişət cətindirsə, insanlar vaxtlarının çoxunu ev işlərinə həsr etməli olurlar. Nəticədə ailə qayğıları fərdi maraqlardan və ictimai öhdəliklərdən daha vacib olur. Siyasi və iqtisadi azadlıqların az olması ucbatından qohumlar şəbəkələşir və ailə üzvlərinin fərdləşməsinə mane olurlar. Sosial altqurumun inkişaf etməməsinin nəticəsində də ailə sevgi və dostluq üzərində deyil, daha çox fayda və dayaq üzərində qurulur. Gənclər özlərinin sosial tələbatlarını sərbəst təmin edə bilmədiklərinə görə valideynlərindən çox asılı olurlar. Hətta həyat yoldaşının seçimində belə özləri qəti qərar verə bilmirlər.

İqtisadi azadlıqların olmadığı və ya az olduğu cəmiyyətlərdə gənclərin normal dolanışığı üçün yetərli ola biləcək işin tapılması çox çətinləşir. Rəqabət duyumu inkişaf etmir. Acizlik, çarəsizlik, tabeçilik və s. bu kimi münasibətlər güclənir. Nəticədə insanlar daha çox ailə və məhəlli çevrələrdə qapanmağa meyl edirlər. Bu isə dilə də təsir edir. İnsanlarımızın böyük əksəriyyətinin ləhçələrdə danışmağa üstünlük verməsi buna bir örnəkdir. Bu isə vahid normativ leksikanın işlədilməsini əngəlləyir.

Ləhçələrin təsiri bir tək insanların danışığı ilə məhdudlaşmır. Onların düşüncələri də məhəlli çevrədən kənara çıxa bilmir. Ailə və məhəlli kimlik milli təfəkkürün inkişafına mane olur. Maraqlıdır ki, 1789-cu il inqilabından sonra Fransada qəbul olunmuş ilk qanunlardan biri ləhçələrin ictimai yerlərdə işlədilməsini qadağan edən qanun olmuşdur. Əlbəttə, bu özü-özlüyündə yetərli və hətta arzulanan tədbir deyil. Amma fransız inqilabçilarının müasir dövlət quruculuğunda milli təfəkkürün və normativ leksikanın vacibliyini vurğulaması maraqlıdır.

Dil inzibati və ya siyasi qərarlarla inkişaf edəsi deyil. Belə qərarların, əlbəttə, təsiri olur, amma bu təsir həlledici ola bilmir. Dilin məna ötürücülüyünə ən çox təsir edən siyasi və iqtisadi azadlıqlardır, həmçinin sosial altqurumdur. Vacib olan dilin zənginliyi deyil, onun çevikliyidir. Azərbaycan dili çox zəngindir, amma çevik deyil. Çevik olmamasının səbəbi də cəmiyyətimizin qapalı olmasındadır. Böyük dilçi filosof Ludwig Wittgenstein’ın nəzəriyyəsinə görə dilin zənginliyi ilə siyasi azadlıqların həcmi arasında tərs mütənasiblik var (başqa amillər burada qəsdən nəzərə alınnmır). Yəni, dilləri çox zəngin olan cəmiyyətlərdə siyasi azadlıqlar nisbətən az olur. Belə cəmiyyətlərdə insanlar düşüncələrini və duyğularını açıq və aydın ifadə edə bilmədiklərinə görə mürəkkəb cümlələr qurmağa, çoxlu mübaliğələrdən, bənzətmələrdən və s. istifadə etməyə meyilli olurlar. Dil zənginləşir (söz ehtiyatı artır), amma onun məna otürücülüyü inkişaf edə bilmir. Siyasi azadlıqların çox olduğu cəmiyyətlərdə isə, əksinə, dil bir o qədər də zəngin olmaya bilir. İnsanlar düşüncələrini və duyğularını açıq və aydın ifadə edə bilirlər. Cümlələr nisbətən sadə olur, söz ehtiyyatı isə böyük olmur. Amma məna ötürücülüyü sürətlə inkişaf edir. Siyasi azadlıqları az olan cəmiyyətlərdə eyni mənanı ifadə etmək üçün sözlərin sayı artdığı halda, siyasi azadlıqları çox olan cəmiyyətlərdə, əksinə, söz ehtiyatı əvəzinə sözlərin məna yükü artır və dil daha çevik olur və mənanı daha tez ötürür.

Wednesday, February 4, 2009

Referendum

Mən ümumiyyətlə qanunların referendum vasitəsilə qəbul olunmasının əleyhinəyəm. Xalq sırf siyasi qərarlar verməlidir. Referenduma çıxarılan suallar çox aydın və birmənalı cavabı mümkün edən olmalıdır. Məsələn: "Azərbaycan MDB-dən çıxsınmı?" və ya "Azərbaycanda xarici hərbi bazalara icazə verilsinmi?" və s. Qanunların qəbulu isə çox mürəkkəb prosesdir. Parlamentdə bu proses üç oxunuşdan ibarətdir. Bəzən layihənin müzakirəsi bir neçə il davam edir. Referendumda isə xalqdan çox qısa zamanda mürəkkəb hüquqi müddəalar barəsində qərar vermək tələb olunur. Hüquqşünasların belə çox vaxt ortaq məxrəcə gələ bilmədikləri məsələlərə dair xalq necə ciddi qərar verə bilər axı? Təkrar edirəm, referendum çox vacib demokratik təsisatdır, amma qanunların onun vasitəsilə qəbul olunmasını məqbul saymıram. Bu, əlbətdə, mənim mövqeyimdir və özü-özlüyündə başqaları üçün önəmli olmaya da bilər.

Demokratik ölkələr arasında qanunların referendumla qəbulunu məqbul sayanlar da var, saymayanlar da. Odur ki, bu məsələdə xarici təcrübə özü-özlüyündə inandırıcı olası deyil. Konstitusiya düzəlişlərinin referendumla qəbul olunmasını vacib və mümkün sayanlar, məsələn, İsveçrəyə istinad edərlər, saymayanlar isə, məsələn, ABŞ-a. Nəticədə, mübahisə tərəfləri inadkarcasına öz dediklərində qalacaqlar. Deməli, xarici ölkələrə istinad çox vaxt yararsız olur.

Öz təcrübəmiz necə? Burada hər şey daha da pisdir. 1936-cı il SSRİ Konstitusiyasından bu yana, keçirilmiş referendumların heç biri etibarlı istinad nümunəsi deyil. Çünki məsələ prosesdə deyil, mühitdədir. Təməl siyasi və iqtisadi azadlıqların ya heç olmadığı, ya da çox az olduğu mühitdə ədalətli səçki və ya referendum keçirmək mümkün olmur. Avropa İnsan Haqları Məhkəməsi qərarların bir neçəsində təkrarən qeyd etdiyi kimi:

"Justice must not only be done, but it must be also seen to be done."

"Ədalətin həyata keçirilməsi azdır, onun həyata keçirildiyi həm də görünməlidir" (mənim qeyri-rəsmi tərcüməm)

Məhz, elə işin görüntü tərəfi də ən qüsurlusudur. Görüntü üç-tərkibli məsələdir:

  1. göstərən;
  2. göstərilən;
  3. görünən
1. Göstərən

Konstitusiya düzəlişləri haqqında təşəbbüs kimindir? Deyilir ki, təşəbbüs Yeni Azərbaycan Partiyasından gəlir. Əslində, bu çox normal olardı. Əgər doğrudan da belə olsaydı. Tutalım ki, elə belə də olub və təşəbbüs YAP-dan gəlir. YAP-ın İcraçı Katibi bunu müsahibələrində dəfələrlə bildirib. Üstəlik, Milli Məclisdə düzəlişlər layihəsini təqdim edib, daha doğrusu təqdim edənlərdən biri olub. Partiyanın icraçı katibi - partiyanın, yüksək də olsa, sadəcə məmurudur. O, partiyanın adından danışa bilər, amma partiya əvəzindən qərar verə bilməz. Qərarı partiyanın kollegial orqanları (məs. qurultay, konfrans, şura və s.) verməlidir.

YAP-ın konstitusiya düzəlişləri barəsində kollegial qərarı nə zaman qəbul olundu ki? Qurultaymı çağırıldı? Partiya konfransımı oldu? Siyasi Şuramı qərar verdi? Verdisə də, gizlimi verdi? Adətən referendumdan müqayisə edilməz dərəcədə az əhəmiyyətli məsələlərə dair YAP iclasları TV-dən göstərilir, mətbuatda yazılır. Bu dəfə nə oldu? Niyə bir şey göstərilmədi? Çünki YAP-ın bu məsələyə dair kollegial qərarı heç olmadı da. Bundan əlavə, YAP-ın sədri də referendum barəsində bir şey söyləməyib axı. Bu necə olur? Partiya qərar verir, partiyanın sədri isə susur. Partiya konfransı keçirmədilər, heç olmasa mətbuat konfransı keçirəydilər. Görünür, YAP-ın içində qərarların müzakirəsi və qəbulu açıq deyil. Görünən bu, yəni.

Camaat arasında "hakimiyyət", "hökümət", "iqtidar" kimi sözlər çox qarışıq istifadə edilir. Hərçəndki, bu sözlər fərqli şeyləri ifadə edirlər. Buna baxmayaraq, bu sözlərin üçü də sanki eyni mənanı verirmiş kimi işlədilir. Nə qədər təəssüf doğursa da, təəcüb doğurmur. Çünki gerçəklikdə onların arasında təsisat fərqi duyulmur. YAP-ın iqtidar partiyası olduğu söylənilir. Amma YAP-ın iqtidarlığı nədə ifadə olunur ki? Hökümətin (Nazirlər Kabineti) formalaşmasına təsir edə bilirmi? Hökümətin siyasətinə təsir edə bilirmi? Höküməti və ya ayrı-ayrı nazirlərini müzakirə edə bilirmi? Milli Məclisdə fraksiyası varmı? Bu cür suallar hələ çoxdur, hamısının da cavabı "yox"dur. Odur ki, konstitusiya düzəlişlərinə dair təşəbbüsün YAP-dan gəldiyini söyləmək ciddi deyil.

2. Göstərilən

Keçən il prezident seçkiləri keçirildi. Seçkinin necə keçirildiyinə burada toxunmaq istəmirəm. Bu mövzu üçün daha vacib olan bir şey var. Prezident seçkiləri ərəfəsində nə prezidentliyə YAP namizədin özü (onun seçki kampaniyası qiyabi oldu), nə onun səlahiyyətli vəkilləri, seçkilərdə qalib gələcəkləri təqdirdə konstitusiyaya düzəlişlər edəcəkləri barəsində seçicilərinə vəd verməmişlər. Bu haqda heç mətbuatda da seçki öncəsi müzakirələr olmadı. Başqa sözlə seçicilərə deyilmədi ki, seçkidən sonra konstitusiyaya düzəlişlər təklif olunacaq.

Bu nə demək ola bilər? Ya həmin dövrdə YAP-ın ümummiyyətlə bu barədə mövqeyi yox idi, ya da çox dar üst səviyyədə var idi, amma onu YAP-ın əksər üzvlərinə, həmçinin seçicilərə demirdilər. Heç birisini istisna etmək olmur. Bəlkə hələ başqa fərziyələr də ola bilər. Amma daha önəmlisi heç bu da deyil.

Andiçmə mərasimi zamanı YAP-ın yenidən Prezident olmuş namizədi, əlini Konstitusiyaya qoyaraq, "Konstitusiyaya əməl edəcəyi[n]ə..." söz verdi. And içdiyi zaman Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi heç kəsin iki dəfədən artıq təkrarən Prezident seçilə bilmədiyini müəyyən edirdi. Bu qeyd-şərtsiz bir müddəadır. "Heç kəs" ifadəsinin xüsusi önəmi var. İndi bizə deyirlər ki, düzəliş hazırda Prezident vəzifəsini icra edən şəxs üçün edilmir. Lap yaxşı, buna inanmaq çətin olmaz. Sadəcə buyursunlar, düzəlişin hazırda Prezident olan şəxsə şamil edilməyəcəyini desinlər. Yəni, qanunun geriyə tətbiq edilməyəcəyini vəd etsinlər. Eynən 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın keçid müddəalarında yazıldığı kimi:

"Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikasının Prezidentinə şamil edilir." (keçid müddəa 3)

3. Görünən

"YAP-ın" Konstitusiya düzəlişləri haqqında təşəbbüsü neft qiymətlərinin kəskin və davamlı enməsindən təlaşa düşmüş Rusiyada və Venessuellada prezidentlik müddətlərinin uzadılmasına dair konstitusiya dəyişiklikləri ilə eyni vaxta təsadüf etdi. Görünən bu, yəni. Fon olaraq, çox xoşagəlməz mənzərə yaranır. Fonu xoş olmayan prosesin sonu xoş olacağına inanmaq olarmı?

Təklif olunan konstitusiya düzəlişləri arasında bir xeyli başqa müddəalar da var. Bəziləri heç də pis deyil. Amma nədənsə onlar gözə dəymir. Çünki göstərənin açıq, göstərilənin isə dürüst olmadığı ucbatından görünən başqa şeylər olur.

Proses bütövlükdə legitim olmayanda onun nəticəsində qəbul edilən müddəaların leqallığından danışmaq yersizdir.

Monday, February 2, 2009

İştirakçılara

Dəyərli iştirakçılar!

Bloquma daxil olduğunuza görə çox sağolun! Bu gündən başlayaraq burada bəzi düşüncələrimi (siyasi, hüquqi, fəlsəfi və s.) yazmağa qərar verdim. Doğrusu, düşüncələrəmin nə xüsusi bir önəmi var, nə də görkəmi. Ona görə də sizə "oxucu" yox, "iştirakçı" deyə müraciət edirəm. Gəlin düşüncələrin müəllifi və ya ünvanı olmaqdan çıxaq. Əvəzində isə düşüncələrin iştirakçıları olaq. Duyduqlarımızı düşünək, düşündüklərimizi yaşadaq. Nizami Gəncəvi demişkən:

Yalnız sözlə yüksəlir ərşə, məncə, düşüncə,
Nə qocaya baxandır, nə də gəncə, düşüncə.

Yanılmaqdan çəkinməyək. Yanılmadan öyrənmək, öyrənmədən isə öyünmək mümkün deyil. Söylədiklərimizin sadəcə ağlabatan olması çox azdır. Vicdanabatan olması daha önəmlidir. Ağıl məntiq tələb edir, vicdan isə inam. Azadlıq və səmimiyyət olmayan yerdə insanlar məntiqsiz şeylərə inanmağa, inanmadıqları şeylərdə isə məntiq axtarmağa meyl edirlər. Bunun isə çox ağır və ağrılı nəticəsi olur. Odur ki, gəlin azad və səmimi olaq. Yenə də, Nizami Gəncəvi demişkən:

Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan.

Kimliyimizi mənliyimizə görə müəyyənləşdirək. Özbaşına olaq. Yəni, öz başımızla yaşayaq, başbilən axtarmayaq. Özümüzü başqalarında tapa bilməyəcəyik. Əsarətlə cəsarət arasında fərq yalnız bir "c" hərfindədir. Gəlin "C"ırlaşaq.

Nailiyyət "nail olacağam" deyənindir! (c)