İstək. İnam. İradə. İştirak.

Monday, March 15, 2010

Bir ümidin ibrəti...


Emin Millinin atası, Paşa dayı (şəkildə sağdadır, solda isə Eminin anası Natella xanımdır), kəskin böyrək çatışmazlığından əziyyət çəkir.
Paşa dayının 75 yaşı var.
Böyrəkləri qanı təmizləyə bilməyəcək dərəcədə zəifləyiblər.
Paşa dayının qanı zəhərlənməməsi üçün hemodializə ehtiyacı var.
"Hemodializ" qanın böyrəkdənkənar təmizlənməsi əməliyyatına deyilir.
Bu əməliyyat zamanı qan süni yolla bədəndən çıxarılır, süni süzgəcdən (süni böyrəkdən) keçərilərək təmizlənir və yenidən bədənə qaytarılır.
Əməliyyat 4-5 saat davam edir.
Paşa dayı həftədə 3 dəfə hemodializ olunur.
Bu, hər həftə toplam 12-15 saat əməliyyat altında olmaq deməkdir.
Elə günlər olurdu ki, Paşa dayı bu cür ağır əməliyyatdan sonra evdə yatmaq əvəzinə oğlu Eminin məhkəməsinə gəlirdi.
Süni böyrəyin təmizlədiyi qanı saxta məhkəmə yenidən zəhərləyirdi.
Saxta məhkəmənin zəhərlədiyi qanı isə tibbi yolla təmizləmək mümkün deyil.
Paşa dayı qoca, xəstə, amma çox güclü adamdır.
Hər dəfə əməliyyata gedəndə Eminin şərəflə azadlığa çıxacağı haqqında düşünür və bu ümidlə özünü yaşadır.
Tibb və məhkəmə sistemlərinin verə bilməyəcəkləri ümidi Paşa dayı oğlu Eminin ona söylədiyi sözlərdə tapır.
Eminin söylədiklərini bu gün də boş-boş şeylər olduğunu hesab edənlərə 75 yaşlı, böyrəkləri çalışmayan bir kişinin ümidlənməsini görmələri tövsiyyə olunur.
Bu, bir atanın oğluna bəslədiyi ümid deyil.
Bu, ağır xəstə olan yaşlı bir adamın savadlı və sağlam gənclərin nahaq həbsinə etirazdan doğan həyat mübarizəsidir.
Eminin və Adnanın həbsdə olduqları 8 ay ərzində Paşa dayının bir dəfə də olsun gileyləndiyini görmədim.
Adam ölümlə mübarizə edir, böyrək sistemi hər an iflic ola bilər.
Buna baxmayaraq, çoxlarımız üçün iflic olması şübhə doğurmayan məhkəmə sistemindən ümidlərini kəsmir.
Sağlam məntiqlə qavranılması mümkün olmayan bir ümid!
Amma ağır xəstəni yaşadan bir ümid!
Görünür, sağlam adamın bunu anlaması mümkün deyil.
Körpə balalarını hemodializə gətirən gənc valideynlərin ümid dolu gözlərini gördüm, Paşa dayının növbəti əməliyyatdan çıxmasını gözləyərkən.
Hələ valideyn olmaq səadətinə qovuşmayan, amma artıq hemodializsiz yaşaya bilməyən gənc qız və oğlanların nə zamansa valideyn ola biləcəklərinə ümid etdiklərini duydum, Paşa dayının çıxmasını gözləyərkən.
Həkimlərin və hakimlərin verə bilməyəcəkləri ümidin qaynağı nə ola bilər axı?
Bu suala cavabın mümkünlüyünü təsəvvür etmək belə çox yorucudur, adam boşalırmış kimi hiss edir özünü.
Həftədə 3 dəfə toplam 12-15 saat ərzində Paşa dayının bədəni qandan boşaldılır və yenidən qanla doldurulur.
Çox ağır təcrübədir, adamı tükədir.
Paşa dayı isə tükənmir, onun ürəyi vurduğu hər an oğlu Eminin həbsdə olduğu anları azaldır.
Artıq 8 ay həbsdə olan Eminin daha 22 ay həbsdə olacağı nəzərdə tutulur.
22 ay 88 həftə deməkdir.
Paşa dayı üçün 88 həftə 264 hemodializ əməliyyatı deməkdir, yəni toplam 1056 saatdan - 1320 saatadək qantəmizləmə əməliyyatı!

3 comments:

  1. Erkin müəllim salam,

    Hə, ümid çox şeydən qaynaqlana bilər. Bir kitabda bir dəfə oxumuşdum ki, axırda üç şey qalır: ümid, iman və sevgi. Ancaq Paşa dayı güclü adamdı, o xarabaxanada hələ də ümid tapa bilir. Bunun axırı elə ümiddi.
    Sizi də yəqin ümid tutur o XARABBAYCANDA. O xarabaxananı tərk edəcəyiniz gün gələcək mi?

    One of your former students

    ReplyDelete
  2. Umidsizliyin sonu husrandir. Umid bizi yashadacaq.

    ReplyDelete
  3. Çox gözəl yazıdır. Çox təsirləndim. Allah rəhmət eləsin.

    ReplyDelete