İstək. İnam. İradə. İştirak.

Friday, March 19, 2010

Heykəl hekayəni əvəz edə bilməz.

Hər bir hakimiyyətin, təsisatın, qrupun əsas məsələsi qrupdaxili sədaqətdir. Əsl sədaqət müəyyən bir hekayənin üzərində qurula bilir ancaq. Sözün kökündə “səda” kəlməsi söylənilən hekayənin inandırıcılıq dərəcəsindən asılı olan cavab yanaşmasına işarə edir.


Hekayənin olmaması sistemin daxilində etimadlı münasibətlərin formalaşmasını əngəlləyir. Etimad tabeçiliyin gücləndirilməsi ilə düzələn məsələ deyil. Əksinə, nəzarətin artırılması etimadın azalmasından xəbər verir. Müxtəlif məcburedici vasitələr ünsiyyətin üfüqi sıxlığına mane olur. İnsanlar iş birliyi, əməkdaşlıq əvəzinə şaquli göstərişlərə baxmağa meyl edirlər.

Etimadın formalaşması üçün nizamlayıcı ideallar lazımdır. Həmin idealların dürüst nəql olunması vacibdir. Nəql edilmiş ideallar nağıl anlamına gəlir. Siyasi ideologiyaların hamısı nağıl şəklindədir. Nağılların üçtəyyinatlı təsiri olur: keçmişin izahı, bugünün izharı, gələcəyin intizarı. Bunun üçün nəql edilən idealların zamana, məkana və şəxslərə bağlılığı olmamalıdır. İndiki iqtidarın belə idealları olmadığı üçün hekayəsini qura bilmir.

Siyasi hekayə hakimiyyətlə cəmiyyət arasında, eləcə də hakimiyyət daxilində etimadlı ünsiyyətin təşkili üçün çox vacibdir. İqtidarın özü də bunu yaxşı anlayır, amma idealları olmadığına görə hekayəsini təbliğat şəklinə salmalı olur. Heykəllər, şüarlar, "analoqu olmayan inkişaf" haqqında nitqlər - hekayənin olmamasını tarazlışdırmaq üçün sistemin istifadə etməyə çalışdığı təbliğat vasitələridir.

Təbliğat mütləq birtərəfli məlumatlardan ibarət olduğuna görə ünsiyyət qurmağa qadir deyil. Təbliğatın birtərəfliyinə həmçinin fərqli məlumatların boğulması ilə nail olunur. Hər bir nağıl müəyyən dərəcədə yalandır. Yalan, ibrətamizdirsə, yaxşı şeyləri öyrədə, yaxşı şeylərə vadar edə bilər. Amma təbliğat sadəcə yalan deyil, aldatmaq cəhdi anlamına gəlir. Ona görə də heç nəyə vadar edə bilmir, ancaq çəkindirir, həvəsdən salır, ikrah hissi doğurur.

Ünsiyyətin mümkünsüzlüyü təbliğatın məzmununu xeyli dərəcədə kasıblaşdırır. Buna görə də təbliğat eyni şeylərin dəfələrlə təkrarlanması üzərində qurulmalı olur. Dəfələrlə təkrarlanan şeylər ancaq hakimiyyət sisteminin içindəkilərinə ünvanlana bilir, çünki təbliğatın sistemdənkənar təsiri olmur. Bunu yaxşı anlayan sistem daim genişlənməyə doğru inkişaf etməyə məhkumdur. Nəticədə totalitar meyllər güclənir, sistemin çalışması üçün lazım olmayan çevrələr də əhatəyə alınır, nəzarət iddiaları ilə təsir imkanları tərs mütənasiblik halına gəlir. Səmərəsizlik sistemin mövcudluğuna təhlükə törədə biləcək dərəcədə artmağa başlayır.

Totalitar meyllərin güclənməsi nəticəsində açıq ideoloji rəqabətə yer qalmır. İdeoloji çəkişmələrin aparıla biləcək yerlər qapadılır və ya qapanmağa sövq edilir (məsələn, küçələr, meydanlar, siyasi partiyalar, kütləvi məlumat vasitələri, akademik və incəsənət çevrələri, peşə və maraq birlikləri, və s.). İdeologiyalar utopiya halını alır (“utopia” yunan dilindən “yersiz” kimi tərcümə olunur). Bunun nəticəsi isə insanların maddi faktlarla ideal məqsədlər arasında bağlantı qura bilməmələrində təzahür edir. Heç bir təbliğat belə mühitdə təsirli olası deyil. Deməli, təbliğat idealların nəql olunması üçün yaramır.

İdeologiyaların yersiz (utopiya) halına salınması nəticəsində “dünən – bugün – sabah” zaman üçlüyü anlamsız olur. “Bugün” haqqında yeganə doğru təsvirin mümkünlüyünü təlqin edənlər “dünən” haqqında müxtəlif təfsirləri qəbul edə bilməzlər. Keçmişdə baş verənlərin bəzilərinə bügünə ayaq açmağa qoymuyasıdırlar. Unutdura bilmədiklərini əhəmiyyətsizləşdirməyə çalışasıdırlar. Bunun nəticəsində paralellər kimi kəsişməyən zaman müstəviləri, uzlaşmayan zaman duyumları formalaşır.

Mövqeyini təbliğat vasitəsilə sadəlövhcəsinə bərkitməyə çalışan iqtidar cəmiyyətin iki ritorik düşərgəyə bölünməsini şərtləndirir: tərifləyənlər və tənqid edənlər. Bu düşərgələr arasında ünsiyyətin mümkünsüzlüyü ucbatından onların içində ifrata varan çevrələr də inkişaf edə bilir: müvafiq olaraq – yaltaqlananlar və söyənlər. Qarşılıqlı tanımamazlıq ideoloji töhvə vermək bacarığının yaranmasına imkan vermir. Bunun acısını isə bütün cəmiyyət çəkməli olur. Qısadüşüncəlik, gerizəkalılıq və zehni qısırlıq genişmiqyaslı hal alır.

Alman fiziki Werner Heisenberg’in kəşf etdiyi qeyri-müəyyənlik prinsipinə görə mövqenin və zamanın bilinməsi arasında tərs mütənasiblik əlaqəsi var. Yəni, onları eyni dərəcədə bilmək, eyni dəqiqliklə ölçmək olmur. Başqa sözlə, mövqe müəyyənləşdikcə zaman qaçırılır. Göründüyü qədərilə, bu prinsipin keçərliyi yalnız kvant fizikası ilə məhdudlaşmır.

Cəmiyyətdəki düşərgələrin mövqelərini müəyyənləşdirməyə başı qarışdığı halda çoxlu zaman fürsətlərinin qaçırıldığı bir yana, hansı zəmanədə yaşadığımız da tam aydınlaşmayıb, deyəsən. Məsələn, götürək elə iqtidar təbliğatının Heydər Əliyevi “ümumilli lider”, “xalqın xilaskarı” kimi təlqin etmək cəhdlərini. Nə problem görmək olur burada? Bir tərəfdən belə təbliğat yalnız keçmişəyönəlik olmağa məhkumdur, digər tərəfdən isə onun təsviri hissəsi təfsiri hissəsi ilə uzlaşa bilmir.

Keçmişəyönəliyin problemi ondadır ki, indiki zamanla bağlantı qurmaq, gələcəyə ümid oyatmaq alınmır. Belə təbliğat keçmiş zamanı qorxuducu bir mənzərə kimi təsvir etməli olur. Bu əhvalda söylənilənlərin nəticəsində cəmiyyət öz keçmişindən ibrət ala bilmir, yadlaşır və yadırğayır. Təsvirlə təfsirin uzlaşmaması isə inandırıcı hekayə quruculuğunu əngəlləyir. Məsələn, NKVD zabiti, KGB generalı, Politbüro üzvü olmuş Heydər Əliyevin “sovet rejimində dissident olduğu”, “hələ ötən əsrin 70-ci illərində SSRİ-nin çökəcəyini bilib, Azərbaycanın gələcəkdə müstəqil olması uğrunda çalışdığı” söylənilirsə, burada təsvirlə təfsirin kəskin şəkildə uzlaşmadığı aydın görünür.

Uzlaşmanı yarada bilməyən iqtidar təsəllisini mövqeyini mərasimləşdirməkdə tapmağa çalışır. Amma mərasimləri də keçmışəyönəlikdir, bugünü izah edə, gələcəyə yol göstərə bilmir. Heydər Əliyevin NKVD-KGB keçmişi və Sov.İKP fəallığı üzərində müstəqil Azərbaycanın öndərlik rəmzini təsvir etmək alınmır. Buna görə də Azərbaycanın həm 1918-ci ildə Rusiya İmperiyasından, həm də 1991-ci ildə SSRİ-dən müstəqillik qazanması əhəmiyyətsizləşdirilməyə çalışılır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları anılmır, onların gələcəyə yönəlik baxışları tanıdılmır. 1991-ci ildə isə müstəqillik qazanmağımızda Azərbaycan Xalq Cəbhəsinin rolu aşağılanır.

Hər il yanvarın 20-də Milli Hüzn Günü qeyd olunur. Söz yox, böyül faciə idi. Amma onun anlamı nə? Anlamı isə 18 oktyabrda! 18 Oktyabrsız 20 Yanvarın heç bir ibrəti yoxdur. 18 oktyabr isə artıq neçənci ildir ki, dövlət səviyyəsində ona layiq şəkildə anılmır. SSRİ-dən qurtulduğumuz gün unutdurulur, əvəzində “15 iyun qurtuluşu” təlqin olunur. 15 iyuna gedən yol isə 14 iyuldan keçdiyi üçün, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi günü də mərasimləşdirmək lazım olur. 14 iyuldan öncə isə 10 may var.

Beləliklə, indiki iqtidar cəmiyyətimizin siyasi təqvimini ibrətamiz hekayədən məhrum etməli olur. Çünki iqtidarın belə bir hekayəsi yoxdur. Heykəl isə hekayəni əvəz edəsi deyil.

5 comments:

  1. Maraqlidi.ve felsefidi.Felsefe hemishe maraqlidi.ama chetindi.Mubarize de felsefedi(ve belke de felsefenin shahidi).Mubarize hem de maraqlidi.sozun birbasha ve dolayi anlaminda.en azi maraqli terefler var mubarizede.Beli.mehz terefLER-teref deyil.Mubarizenin de felsefesi mehz bu "LER" di.Ve nehayet mubarize chetindi.Hekaye de ozluyunde her hansi bir mubarizeni eks etdirir.Demeli ya mubarize yoxdu ki, hekaye yoxdu,ya da hekaye yoxdu ki, mubarize yoxdu.Hansi hansinnan dogur.......?!

    ReplyDelete
  2. Erkin tefekkurune gore cox sag ol, hemiseki kimi yazilarini unvan gostermeden bele unvanlashdirmaq olur. Hercend, yazinin canini onun sonu bir az kasiblashdirir. Eger cizmaqara 8 il evvel anadan olsaydi o zaman daha zengin alinardi, axi bu gunun hekayesi formatca ne qeder eyni qalsa da orientasiyasi deyishib. Evvelinci eyni hekaye hakimiyyeti saxlamaga yonelmishdirse, indiki hekayenin ozunu saxlamaq ucun soylenilir.
    Teessuf ki, Stabbillikde inkishaf, avropa deyerleri, siyasi balans, neft strategiyasi hekayeleri beyinlerde qiraetsiz qebul edilir ve bir muddet de yeni hekayeler gelince yer edecek.

    Ps: Eger mushahide etdiyim ve 3 ayliq da olsa mushahidelerim meni yaniltmirsa insanlar bu hekayelerin tutarliligina inanirlar. Beyinlerde "Resulzade hokumeti 23 ay yashadi, H.E ise hele de yashadir".

    ReplyDelete
  3. Təşəkkür edirəm, Emin bəy.

    Doğrusu, "hekayə" deyəndə mən hakimiyyətin özünü legitimləşdirmək üçün istifadə etməli olduğu mesajlar sistemini nəzərdə tuturdum. Bu baxımdan indiki hakimiyyətin hekayəsi olmadığı qənaətindəyəm. "Sabitlik", "neft strategiysaı" və s. kimi şeylər buraya aid deyil.

    Amma hətta belə şeylərə də iİnsanların inandıqlarını söyləmək olmur.

    Ünvan məsələsinə gəlincə, tənqidlərimin hədəfi sistemdir, ayrı-ayrı adamlar deyil. Sistem daha vacib məsələdir, onu dəyişmədən adamların dəyişəcəyinə ümid etmək sadəlövhlükdür.

    ReplyDelete
  4. Heykəllə baş dolandırmaq olursa, hekayəyə nə ehtiyac var? Elə deyilmi, Erkin bəy?

    ReplyDelete
  5. Bravo, Erkin müəllim! Siz həmişəki kimi öz ampluanızdasız - sadə, ritorikasız və arqumentli təqdimat. Siz sözlərdən qənaətlə, amma dəqiqliklə (sinonimlər eyni mənalı sözlər olsa da eyni sözlər deyil) istifadə edə bilən çox nadir şəxsiyyətsiz. Hələ 90-cı illərin sonlarında BDU-da mühazirələrinizi dinləyərkən mən sizin 3 başlıca üstünlüyünüzü özüm üçün yəqin etmişdim - MÜŞAHİDƏ, MÜTALİƏ və MÜQAYİSƏ (sistemli, komplektləşmiş və rəfləşdirilmiş biliklərinizi bunlarla bağlayırdım). Düşünürdüm ki, bu cərgədə çatmayan yeganə halqa MÜBARİZƏdir. Amma artıq bu da var. Siz artıq inzibatçı və pedant rektorluğun "uşaqlara qaib qoy" tələbini təmkininizi pozmadan qarşılayan həmin idealist mühazirəçi kimi yox, qətiyyətli mübariz kimi görünürsüz. Məqalələriniz də mühazirələriniz qədər zövq verir. Yorulmayasız!

    ReplyDelete