Keçən həftə, 27-28 may, Strasburqda gənclərimizin təşkil etdikləri forumda iştirak etdim.
FACE - Forum of Azerbaijani Citizens/Compatriots in Europe.
Forum Avropa Şurası Parlament Assambleysının binasında keçirilirdi.
Çox maraqlı keçdi, məncə.
Təşkilati problemlərə baxmayaraq, uğurla keçdiyini söyləmək olar.
Gənclər öz hesablarına gəlmişdirlər (yol və qalmaq pullarını özləri ödəmişlər).
FASE-nin faktiki olaraq dağılmasından sonra ilk birləşmə təşəbbüsüdür.
Açıq söhbətlər oldu, hətta o dərəcədə açıq ki, tənqidlərdən çaşan Avropa Şurası rəsmisi nahar fasiləsindən sonra bildirməli oldu ki, növbəti gün forumun keçirilməsi üçün öncədən danışılmış iclas zalını verə bilməyəcəklər.
Əslində, orada fövqaladə bir şey söylənilmirdi.
Sadəcə, görünür hər şeydən sığortalanmağa çalışan Avropa məmurları Azərbaycan höküməti ilə problem yaranmamasını üstün tutdu. Nə problem, amma?!
Avropa Şurasının Gənclər və İdman Departamentində sektor müdiri, Guy-Michel Brandnter, uşaqlara dedi ki, Azərbaycan höküməti ilə əlaqə saxlayıb, FACE barədə soruşub, ona deyiblər ki, belə təşkilat tanımırlar, və bunun əsasında da növbəti gün iclas zalını verməkdən imtina edib.
Təbii ki, bəhanədir. Bəlkə, heç hökümətlə əladə də saxlamayıb. Amma aydın olan o idi ki, sərbəst düşüncəli gənclərin səmimi və tənqidi müzakirələrdən çəkindi həmin məmur.
Tənqid olunan həm də Avropa Şurasının özü idi.
Çox ehtiyatlı və çəkingən bir münasibət var Avropa Şurasının məmurları arasında.
Hamısı çəkinərək danışırdılar.
Biz hökümətlə işləyirik, onunla hesablaşmalıyıq, deyə, bəhanələr gətirirdilər.
Prinsipcə, burası aydındır. Kimsə onlara heç demir ki, hökümətlə işləməyin.
Ona qalırsa, biz özümüz burada hökümətlə həm işləməli, həm də hesablaşmalı oluruq.
Amma bu bizi höküməti tənqid etməkdən çəkindirmir, axı.
Nə isə, çox primitiv bəhanələr gətirdi həmin o Guy-Michel Brandnter.
Pensiya yaşında bir adam idi, görünürdü ki, gənclərlə işə barmaqarası baxır.
Bəhanələrdən birisi də o idi ki, guya FACE-in qeydiyyatı olmadığına görə, onunla işləmək mümkün olmayacaq.
Bəs, onda birinci gün nəyə icazə verirdilər AŞPA-nın binasında iclas keçirməyi?
Aydındır ki, bəhanədən başqa bir şey deyildi o qeydiyyat məsələsi.
Qeydiyyat heç problem də deyil, axı.
FACE-i işlətmək üçün xeyli variantlar var, qeydiyyat onların arasında heç də önəmlisi deyil.
Forumdan sonra nizamnamə layihəsi hazırlanacaq (iş artıq başlanılıb, müzakirələr gedir).
İdeoloji prinsiplər və üzvlük siyasəti çox aydln işlənməlidir.
Təşşəbbüs çox yaxşıdır. Foruma gələn gənclər və oradakı müzakirələr xoşuma gəldi.
Müzakirələr bəzən öncədən düşünülmüş məcrada getməsə də yaxşı keçdi, məncə.
Vacib olan odur ki, hər kəs fikirlərini açıq ifadə edə bilirdi və qarşılıqlı hörməti saxlayırdı.
Müxtəlif ideoloji prioritetləri olan gənclər gəlmişdi Strasburqa, amma hamı maraqla iştirak edirdi.
FASE-nin faktiki dağılmasından, Emin Millinin və Adnan Hacızadənin həbsindən sonra bəzi gənclərdə şübhələr var idi.
FACE-in ilk forumu, məncə, onları aradan qaldıra bildi.
Saf gənclər var, xeyli qədər.
İşləyəcəyik!
P.S. İndiki mərhələdə format o qədər də önəmli deyil. Ünsiyyət daha vacibdir.
İstək. İnam. İradə. İştirak.
Tuesday, June 1, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment