İstək. İnam. İradə. İştirak.

Tuesday, June 8, 2010

Seçim sistemi haqqında bəzi qeydlər...

Malcolm Gladwell “Kənardaqalmışlar: uğur hekayəsi” kitabında çox maraqlı faktlar göstərir. Yazır ki, bir neçə il bundan əvvəl, yanılmıramsa 2007-ci ildə, Kanada hokeyi sahəsində maraqlı sosioloji araşdırma aparılmışdır. Araşdırmaçıları ancaq Kanada hokeyçiləri maraqlandırırdı. Alınan nəticələrin arasında biri çox təəccübləndirici oldu. Məlum oldu ki, məşhur peşəkar hokeyçilərin 40 faizi yanvar-mart aylarında, 30 faizi aprel-iyun aylarında, 20 faizi iyul-sentyabr aylarında, 10 faizi də oktyabr-dekabr aylarında doğulmuşlar. Bəxt, ulduz falı və sairə bu qəbildən olan izahlar elmi olmadıqlarına görə dərhal istisna edildi. Səbəb nə ola bilərdi, bəs?


Araşdırmaçılar səbəbin seçim sistemində olduğu qənaətinə gəldilər. Məlum oldu ki, Kanadada hokey məktəblərində azyaşlı uşaqlar arasında böyüklər qrupuna seçim hər il yanvarın 1-də bitir. Yəni, seçim sistemi yanvarın 1-dək doğulanlar üçün daha əlverişli şərait yaradır. Başqa sözlə, uşağın 9 yaşı yanvarın 1-dək tamam olursa, həmin uşaq 9-yaşlılar qrupuna götürülə bilər. Kanadada peşəkar liqalar üçün hokeyçiləri məhz 9 yaşından hazırlamağa başlayırlar. Uşağın 9 yaşı yanvarın 2-də tamam olursa, onda həmin uşaq bir il gözləməklə yanaşı, həm də özündən bir yaş kiçiklərlə məşq etməli olacaq. Bu yaşda oğlanlar üçün özlərindən hətta bir yaş kiçik olanlarla bir qrupda çalışmaq psixoloji baxımdan çox çətindir, çünki onlar kiçiklər tərəfindən lağa qoyulurlar. Ona görə istedadlı olmalarına baxmayaraq, çoxları belə gərginliyə dözməyərək məşqləri atır və hokeydən uzaqlaşır. “Əlverişsiz” vaxtda doğulanların yalnız ən inadkarları məşqlərə davam edir və böyüyəndə peşəkar hokeyçi ola bilir. Beləliklə, bu seçim sisteminin şərtləri altında iyundan sonra doğulmuşların şansları iyundan öncə doğulmuşlardan daha azdır. Şəxsi bacarıq və keyfiyyətlərin əhəmiyyəti xeyli azalmış olur.

Sonra araşdırmaçılar Kanada hokeyində alınmış bu maraqlı nəticələri başqa ölkələrdə və idman növlərində yoxlamaq istədilər. Məlum oldu ki, ABŞ-da uşaqların hokey, futbol və basketbol qruplarına yazılmasında son müddət olmadığına görə oyunçuların doğum tarixi onların sonrakı idman uğurlarına heç bir təsir göstərmir. Beysbolda isə məşq qruplarına son yazılma müddəti 31 iyul olduğuna görə peşəkar liqalarda oynayan oyunçuların 505 nəfərinin avqust ayında doğulduğu müəyyən edildi. Eyni nəticələr Avropa futbolunda da alınmışdır. İngiltərədə məşq qruplarına son yazılma müddəti 1 sentyabr olduğuna görə Premyer-Liqanın 288 futbolçusunun doğum tarixi sentyabr-noyabr aylarına düşür.

Beləliklə, seçim sisteminin yaratdığı fürsətlər düzəni insanların fərasətlərinə də həlledici şəkildə təsir göstərmiş olur.

Siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, məişətdə, həyatın bütün sahələrində, idmanda olduğu kimi, fərasətlərin inkişafı fürsətlər sistemindən asılıdır. Adamları qınamaqla, onları dəyişmək olmur. İstisnalar mümkündür, amma həlledici deyil.

Açıq sistemlər əsasən səmimiyyəti, sevgini, dostluğu, öyrənməyi, tənqidi düşüncəni, dözümlü münasibəti, çoxçeşidliyi, rəqabəti təşviq edir. Qapalı sistemlərin əsasən təşviq etdiyi keyfiyyət və münasibətlər isə bunlardır: paxıllıq, etimadsızlıq, dözümsüzlük, giley, deyingənlik, qisasçılıq, eynilik və s. Təkrar edirəm, istisnalar mümkündür, amma həlledici deyil.

İdmanda olduğu kimi, siyasətdə də seçim sistemləri özünəməxsus davranış modellərini və qüsurları şərtləndirir. Məsələn, majoritar seçki sistemi tədricən ölkədə hakimiyyətə gələ biləcək iki böyük partiyanın yaranmasına gətirib çıxarır. Başqa partiyalar da ola bilər, amma onlar təklikdə iqtidara gələ bilmirlər. Onların rolu hökümət formalaşdırılması zamanı iki böyük partiyadan hansının tərəfində olacağı ilə məhdudlaşır. Bu sistemin üstünlüyü ondadır ki, seçicilər kimə səs verdiyini hər zaman dəqiq bilirlər, çünki hər dairədə konkret namizədlərə səs verirlər. Problem ondadır ki, bu sistemin çox vacib riyazi qüsurları var.

Bir tərəfdən, uduzmuş namizədlərə verilmiş səslərin hamısı batır və belə namizədlərə səs vermiş seçicilər parlamentdə təmsil olunmurlar. Digər tərəfdən, daha böyük problem ondadır ki, majoritar sistemdə ölkə miqyasında səslərin əksəriyyətini qazanmış partiya, nəticədə, parlamentdə azlıqda qala bilər. Necə? Gəlin, baxaq. Saymaq rahat olsun deyə, bütün rəqəmləri yuvarlaq götürək. Hesab edək ki, hər dairədə 40 000 seçici var, hamısı səsvermədə iştirak edir və bütün bülletenlər etibarlıdır.

Birinci dairədə “A” partiyasının namizədi 25 000 səs alır, “B” partiyasının namizədi isə - 15 000. Bu dairədən “A” partiyasının namizədi parlamentə keçir. “B” partiyasının namizədinə verilmiş səslər isə batır və onları vermiş seçiciləri parlamentdə heç kim təmsil etmir.

İkinci dairədə də “A” partiyasının namizədi 21 000 səs alır, “B” partiyasının namizədi isə - 19 000. Bu dairədən də “A” partiyasının namizədi parlamentə keçir, “B” partiyasının namizədinə verilmiş səslər isə batır.

Üçüncü dairədə vəziyyət başqadır. Burada “A” partiyasının namizədi 10 000 səs alır, “B” partiyasının namizədi isə - 30 000. Bu dairədən parlamentə keçən “B” partiyasının namizədi olur, “A” partiyasının namizədinə verilmiş səslər isə batır.

İndi gəlin, bu üç dairədə alınmış toplam səslərə baxaq. “A” partiyasının toplam səsi 56 000, “B” partiyasının toplam səsi isə - 64 000. Bu üç dairədən toplam 56 000 səs almış “A” partiyasının parlamentdə 2 deputatı olacaq, 64 000 səs almış “B” partiyasının isə 1 deputatı olacaq. İndi bu üç dairənin nəticələrini bütün ölkə miqyasında təsəvvür etmək çətin deyil. Majoritar seçki sistemində toplam səslərin çoxluğuna baxmayaraq, nəticədə parlamentdə azlıqda qalmaq olur. Saxtakarlıqsız, filansız. Bu, sistemin mayasında olan riyazi qüsurdur. Sistemin içindən onu düzəltmək mümkün deyil. Ona görə də bu sistemin qüsurunu başqa sistemlə tarazlaşdırmaq lazımdır.

Proporsional seçki sistemində bütün partiyaların iqtidar olmağa ciddi iddia etməyə şansları olur. Belə sistemdə seçicilər ayrı-ayrl namizədlərə deyil, partiya siyahısına səs verirlər, heç bir səs də batmır. Partiyaların parlamentdə tutduğu yerlərin sayı seçkidə aldığı səslərin sayına mütənasibdir. Belə seçim riyazi baxımdan daha ədalətli görünür. Problem ondadır ki, parlamentə seçiləcək adamların kimliyini seçicilər deyil, partiyalar müəyyən edir (siyahıdakı sıralamaya uyğun). Demokratik ölkələrin əksəriyyətində parlament seçkiləri hər iki sistemin qarışığından istifadə olunur. Parlamentin yarısı majoritar, yarısı isə proporsional sistemlə seçilir.


Bunu göstərməklə, hər bir sistemin qüsurlu olduğunu və həmin qüsurun sistemin içindən düzəldilməsinin mümkünsüzlüyünü vurğulamaq istədim. Demokratik cəmiyyətlərdə sistemlərin qüsurlarını tarazlaşdırmaq olur. Qeyri-demokratik ölkələrdə isə sistemlər islaholunmaz hala gəlir, onları ancaq kökündən dəyişdirmək lazım gəlir. Əks təqdirdə onlar özləri çökürlər, bunun isə çox ağır nəticələri ola bilir.

Seçki sistemi sadəcə bir örnək kimi verilib burada. Yuxarıdakı qeydim cəmiyyətdə olan bütün başqa sistemlərə da aiddir.

Bizim cəmiyyətdə siyasi sistem kökündən dəyişdirilməlidir. Onu bu vəziyyətdə saxlayıb, “yaxşı adamlar” axtarmağın nə faydası var, nə də anlamı. Siyasi sistem köklü şəkildə dəyişməsə, başqa sahələrdə davamlı inkişaf olası deyil.

P.S. “Yaxşı adamlar” məsələsi haqqında da ayrıca yazaram.



1 comment:

  1. Salam Erkin bey,

    meqalenin esas ideyasina dexli olmasa da ashagidakini qeyd etmek isteyirem.

    ikinci paragrafda dogum vaxtinin tesiri duzgun izah edilmeyib. eslinde, tersine izah edilib.
    ilin evvelinde anadan olan ushaqlar meshqlere yazilanda oz komandalarindaki hemyashidlarina nisbeten daha yashli olur ve buna gore de daha ustun olurlar (bu dovrde kichik yash ferqinin bele boyuk fiziki ferqe sebeb oldugu uchun) .
    laga qoymaq meselesi duzgun deyil. eslinde yuxarida yazilan kimi olsa idi onda ilin sonunda anadan olanlar daha ustun olardilar.

    hormetle,
    Huseyn

    ReplyDelete