İstək. İnam. İradə. İştirak.

Saturday, February 21, 2009

Xocalı soyqırımı və biz.

Fevralın 26-da Xocalı faciəsinin 17-ci il dönümü qeyd olunacaq. Rusiyanın fəal hərbi yardımı hesabına (366-cı alay Rusiyanın hərbi hissəsi idi) erməni silahlı qüvvələri bu dəhşətli cinayəti törətdilər. Həmin cinayəti biz soyqırım sayırıq. Burada soyqırımın hüquqi incəliklərinə varmaq istəmirəm (bu ayrı mövzudur). Məni çoxdan narahat edən başqa şeydir. Biz hər dəfə gecikirik. Əvvəlki yazımda düşüncəmizin qısa olduğunu qeyd etmişdim. Qısadüşüncəliyimizə görə də yubanırıq.

Xocalı soyqırımı 1992-ci ildə törədilib. Azərbaycan BMT-nin Soyqırım Konvensiyasına 1996-cı ildə qoşulub. Ermənistan isə 1992-ci ildə həmin müqavilənin iştirakçısı oldu. Qəribə təzaddır: soyqırımı törədən soyqırımın qurbanından daha tez Soyqırım Konvensiyasına qoşulur. 4 il burada itirdik. Bundan əlavə, Azərbaycan Cinayət Məcəlləsində soyqırım cinayəti yalnız 2000-ci ildə təsbit edildi. Daha 4 il itirdik. 1992-ci ildən 2000-ci ilədək Xocalı faciəsi ilə əlaqədar cinayət istintaqı "iki və daha çox adamın qəsdən öldürülməsi (xüsusi qəddarlıqla)" müddəalarına əsasən aparılırdı. 8 il ərzində insanlıq əleyhinə cinayət məişət cinayəti kimi araşdırılırdı. Ritorik səviyyədə soyqırım saydığımız cinayəti rəsmən məişət cinayəti kimi təqib edirdik. Düz 8 il (1992-2000)! İstintaq orqanlarına burada heç bir iradım yoxdur. Yalnız qanunu rəhbər tutmalı olduqlarına görə onlar Cinayət Məcəlləsində təsbit olunmamış cinayəti təqib edə bilməzdilər. İradım siyasi hakimiyyətədir. 8 il nəyi gözləyirdik?

Sırf hüquqi baxımdan problem o qədər də böyük görünməyə bilər. Soyqırım cinayətinə zaman məhdudiyyəti tətbiq olunmur. Milli qanunvericilikdə bu cinayətin sonradan təsbit edilməsi problem deyil. Törədildiyi zaman beynəlxalq hüquqa görə cinayət sayılan əməlin milli hüquq sistemində retroaktiv təqibi məqbul sayılır. Sübutların toplanmasında və dəyərləndirilməsində xeyli çətinliklər ola bilər və əminəm ki, var. Amma problem bunda da deyil. Daha vacibi dövlətimizin beynəlxalq səviyyədə və ölkə daxilində inandırıcılıq dərəcəsidir. İnandırıcılıq haqlı olmaqdan daha təsirlidir. Haqlı olmaq çox azdır. Başqalarını inandırmağı bacarmaq lazımdır. Problem də elə buradadır.

Əvvələr Milli Məclis hər il Xocalı soyqırımının il dönümü ərəfəsində xarici ölkələrin parlamentlərinə və beynəlxalq təşkilatlara müraciət qəbul edərdi. Həmin müraciətlərdə Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi və hüquqi qiymətin verilməsi tələb edilərdi. Demirəm ki, bunu etmək lazım deyildi. Amma həmin müraciətlərin məzmununu çox zəif, üslubunu isə aciz sayıram. Daha aqressiv olmaq lazımdı! Yetər ağlaşdıq! İnciyəni incidirlər, küsəni danışdırmırlar! Başqalardan umduğumuz şeylərin çoxu özümüzdən asılıdır. Amma gərəkdir ki, haqlı olmaqdan daha çox inandırıcı olmağa çalışaq. Hər kəs nə istədiyimizi və istədiyimizə necə nail olmağa çalışacağımızı aydın anlamalıdır. Bunun üçün isə belə aydınlıq ilk növbətə özümüzdə olmalıdır.

Milli Məclisin müraciət və bəyanatlarında xeyli boşluqlar və ziddiyyətlər var idi. Həmin boşluq və ziddiyyətlər qısadüşüncəliyimizdən törənir. Hər dəfə Xocalı soyqırımın törədilməsində təqsirli olanların adlarını çəkmək lazım olanda, Robert Köçəryan, Serj Sarqsyan kimilərinin adları rəsmi ritorikadan çıxarılırdı. Sonuncu dəfə Milli Məclis "Xocalı bəyanatını" 2007-ci ildə qəbul etmişdir. Həmin bəyanatda nə Köçəryanın adı çəkilir, nə də Sarqsyanın. Əvəzində, Seyran Oqanyanın adı çəkilmişdir. 2007-ci ildə Köçəryan Ermənistanın prezidenti, Sarqsyan isə Müdafiə Naziri idi (2007-ci il martın 4-də Baş Nazir təyin olundu). Ona görə də onların adları Xocalı soyqırımında rəsmən təqsirləndirilənlərin arasında yox idi. Onlarla, axı, danışıqlar aparılırdı. Seyran Oqanyan isə o zaman qondarma "Dağlıq Qarabağ Respublikasının" müdafiə naziri idi. Xocalı soyqırımında şəxsən iştirak edənlərdən biri olmuşdur. Odur ki, onun adının çəkilməsi doğru idi. Amma ardıcıl olmaq vacibdir. Xocalı soyqırımında təqsirli olanların hamısını üzə çıxarmaq lazımdır, tutduqları vəzifələrə baxmadan. Yeri gəlmişkən, Seyran Oqanyan indi Ermənistanın Müdafiə Naziridir. İndi necə olsun, bəs? Yenəmi adı rəsmən çəkilməyəcək?

Yaxşı yadımdadır, 2007-ci ilin fevralında, Milli Məclisin sonuncu "Xocalı bəyanatını" qəbul etdiyi günün axşamı, "LİDER TV"-nin "SƏDADAN SONRA" verilişində deputat Fəzail Ağamalıdan soruşdular: niyə Seyran Oqanyanın adı bəyanatda çəkilir, Robert Köçəryanın adı isə çəkilmir? F. Ağamalı dedi ki, onların (kimin, yəni?) araşdırmalarına görə R. Köçəryanın Xocalı soyqırımında birbaşa iştirakını sübut edən faktlar yoxdur. Buna görə də onun adı bəyanatda yox idi. Siyasi rəhbərlik qətiyyətli və ardıcıl olmayanda belə olar da. Hüquqi təqsir, özü də soyqırım kimi cinayətdə, birbaşa iştirakla məhdudlaşmır axı. R. Köçəryan 1992-ci ildə "DQR"-in prezidenti, S. Sarqsyan isə müdafiə naziri idi. Onların təqsirli olmaları üçün birbaşa iştirakları vacib deyil. Lap, hətta, hesab etsək ki, (hərçənd, bu belə deyil) R. Köçəryan və S. Sarqsyan dinc Xocalı sakinlərinin kütləvi şəkildə öldürülməsinə əmr verməyiblər və qırğının törədildiyi zaman ondan xəbərsiz olublar. Bu heç nəyi dəyişməyəcək. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə görə (maddə 28) mülki və hərbi rəhbərlər tabeçiliklərində olan qüvvələrin etdiklərindən xəbərsiz olduqları hallarda belə təqsirli sayılırlar.

Qətiyyətli və ardıcıl olmaq lazımdır! Yuxarıda qeyd etdiklərimdən başqa Rusiyanın rolu açıq ifşa olunmalıdır. Biz Rusiyanın bölgə siyasətinin qurbanıyıq. Rusiyanın Qafqaz siyasətinin cinayətkar mahiyəti var. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hərbi təcavüzü bunu bir daha təsdiqlədi. Biz Rusiyanın cinayətkar siyasətinin qurbanlarıyıq. Ermənistan burada sadəcə bir alətdir. Cinayətin qurbanı kimi biz tarazlı yox, qərəzli siyasət aparmalıyıq. Öz haqlarımızı qətiyyətlə müdafiə etməli, haqlarımızı pozanları isə cəzalandırmalıyıq. Bunun mümkünlüyü haqqında yox, vacibliyi haqqında düşünməliyik və ardıcıl olaraq bu məqsədlərə doğru getməliyik. Yolun uzun və çox çətin olacağı bizi həvəsdən salmamalıdır.

Bu il iyulun 1-də Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətli sayıldığı müddətin 7-ci ili tamam olacaq. Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsi 5-ci maddəsində təcavüz cinayətini nəzərdə tutur. 1998-ci ildə Nizamnamə qəbul ediləndə təcavüz cinayətinin tərifi qəbul olunmamışdır (çoxlu layihələr var idi, amma razılıq yox idi). BCM Nizamnaməsinin 123-cü maddəsinə görə təcavüz cinayətinin tərifi (ola biləcək başqa məsələlərlə yanaşı) Nizamnamənin qüvvəyə minməsindən 7 il sonra BMT-nin Baş Katibi tərəfindən çağırılacaq Təftiş Konfransında müzakirə ediləcək. Qeyd etdiyim kimi, 7 il bu ilin iyulun 1-də tamam olacaq.

Təftiş Konfransında ancaq üzv dövlətlər iştirak edə biləcəklər. Azərbaycan indiyədək Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə qoşulmayıb. Belə getsə, biz Təftiş Konfransında iştirak edə bilməyəcəyik. Yenə də qəribə təzad: təcavüz cinayətinin tərifi müzakirə və qəbul ediləcəyi konfransda biz (təcavüz cinayətinin qurbanı) iştirak edə bilməyəcəyik. Bizi oraya heç çağırmayacaqlar da. Səbəbi də özümüzdədir. Çünki yenə də gecikirik, çox gecikirik. Amma hələ də çata bilərik. Bu yaz sessiyasında Milli Məclis BCM-nin Nizamnaməsinə qoşulmaq haqqında qanun qəbul edərsə, Təftiş Konfransında iştirak edə bilərik. Amma tələsmək lazımdır. Nəzərə almaq lazımdır ki, sonradan qoşulan ölkələr üçün BCM-nin Nizamnaməsi qoşulma sənədlərinin rəsmən təqdim olunmasından 60 gün sonra qüvvəyə minir (maddə 126).


Təcavüz cinayəti BCM-nin Nizamnaməsinin qüvvəyə minməsindən əvvəl başlamasına baxmayaraq, onun nəticələri bu günədək davam edir. Bizim halda təcavüz davam edən cinayətdir. Odur ki, 24-cü maddədəki prosesual zaman məhdudiyyəti maneə olmamalıdır.

Bu dəfə də geciksək, təcavüzkarları beynəlxalq səviyyədə məsuliyyətə cəlb etmək niyyətində olduğumuza heç kəsi inandıra bilməyəcəyik. Təcavüz cinayətinin tərifi müzakirə və qəbul ediləcəyi yerə çağırılmayacağımızı hansısa "ikili standart" bəhanəsi ilə izah etmək mümkün olmayacaq.

2 comments:

  1. Erkin Muellim,
    Movzu olduqca aktualdir, yanashmaniz ise olduqca dogru. Eslinde mene herden ele gelir ki, dovlet bu cinayetlere huquqi qiymetin verilmesinde maraqli deyil. Diger problem ise ondadir ki, bizde ister parlamentde, isterse de hokumetde olan insanlarin ekseriyyetinin beynelxalq huquqi savadi, hetta umumiyyetle savadi yoxdur. Tebii ki, bilmeyen insan neyi nece edeceyinde chashbash qalacaq ve neticede de bu cur problemler yashanacaq (Fezail Agamalinin Lider TVye musahibesinde verdiyi cavab da buna birbasha subutdur).
    Xocali hadisesine, elece de Dagliq Qarabagin Azerbaycanin tarixi erazisi olmasi ile bagli meseleye Beynelxalq Mehkemeler ve ya beynelxalqlashdirilmish (internationalized) mehkemeler terefinden huquqi qiymetin verilmesi olduqca vacibdir. Bu, danishiqlarda da Azerbaycan terefin elinde olduqca ehemiyyetli achar ola biler. Sadece olaraq bu meseleleri lazimi shekilde teshkil etmek ve lazimi formada lazimi mehkemelere ve BMT qurumlarina muraciet etmek onemlidir. Bunu etmek uchunse hokumet ve parlament yaxshi ekspertlere sahib olmalidir. Amma hardadir bizde o bexteverchilik...?!

    Aynur

    ReplyDelete
  2. Hökümət üçün çalışanlar arasında çox savadlı hüquqşünaslar var. Onlar sayca çox deyillər, amma savadlarına şübhə ola bilməz. Məsələ hökümətdaxili ünsiyyət və həvəs problemlərindədir.

    ReplyDelete