İstək. İnam. İradə. İştirak.

Tuesday, November 10, 2009

Həqiqətin ifadəolunmazlığı

İnsanlar hər zaman həqiqət haqqında düşünmüşlər və hər zaman da həqiqət haqqında mübahisə (ara-sıra hətta müharibə) etmişlər. Çoxlu nəzəriyyələr var həqiqətə dair. Fəlsəfədə və humanitar elmlərdə həqiqət ümumiyyətlə razılaşdırılması (hamını qane edə biləcək şəkildə) mümkün olmayan məsələdir. Siyasəti də ki, heç demirəm. Vahid və mütləq həqiqət uğrunda çoxlu haqsızlıqlar edilib və edilməkdədir. Milyonlarla insan öldürülüb buna görə. İnsanlar bir şeyi unudurlar və ya nəzərə almırlar (bəlkə də səmimi yanılırlar) ki, "həqiqət uğrunda" hələ "həqiqətə uyğun" demək deyil.

Hərənin öz həqiqəti var. "Hərə" yazarkən, həm fərdləri, həm qrupları, həm də cəmiyyətləri nəzərdə tuturam. İnsanlar, qruplar və cəmiyyətlər məhz həqiqət uğrunda mübarizə etmişlər və edirlər. Əmlak, vəzifə, hakimiyyət, ərazi, zövq, bilik və s. - bunların hamısı bəlli bir dünyagörüşün və ondan törənən həqiqət anlayışının tətbiqi üçün alətlərdir. Bu alətlərin əhəmiyyəti və nisbəti dəyişkəndir, müvafiq dünyagörüşün və ona xas olan həqiqətin dəyişməsi ilə əlaqədardır.

Miladdan öncə 4-cü əsrdə yaşamış Aristotel hesab edirdi ki, eyni yüksəklikdən və eyni zamanda sərbəst buraxıldıqları halda, ağır cisimlər yüngül cisimlərdən daha tez yerə düşürlər. Aristotel'in nüfuzu o dərəcədə böyük idi ki, heç kim onun əksinə düşünməyə cürət etmirdi. Üstündən təxminən 20 (!!!) əsr keçəndən sonra Galileo Galilei Piza şəhərindəki qüllədən iki dəmir top atdı - biri ağır, digəri yüngül. Topların ikisi də yerə eyni zamanda düşdü. Hər kəsin çox sadə bir şeyi görməsi üçün bir "axmağın" böyük bir dahinin fikrinə qarşı çıxması tələb olundu.

Galilei həm də Günəşin Yer ətrafında deyil, Yerin Günəş ətrafında fırlandığına israr edirdi, amma, Giordano Bruno'dan fərqli olaraq, kilsənin təqibinə məruz qalsa da edam olunmadı. Niyə? Çünki Bruno'dan, fərqli olaraq, Galileo kilsənin yaxşı bildiyi latın dilində deyil, camaatın danışdığı italyan dilində yazırdı. Kilsə rəsmilərinin böyük əksəriyyəti isə bu dili ya bilmirdi (keşişlərin xeylisi heç italyan da deyildilər), ya da, italyan dilinin ciddi mövzular üçün yararsız hesab olunduğundan, bu dildə yazılanlara nəzərat etmirdi. Galileo'nun "kafir" yazıları kilsənin diqqətini cəlb etməyə başlayanda isə, artıq çox gec idi. Galileo camaatın arasında xeyli tanına və fikirlərini geniş yaya bilmişdi. Kilsə camaatın yaxşı tanıdığı və hörmət bəslədiyi birisini edam edə bilmədi. Galileo fikirlərini kilsəyə yox, sadə insanlara ünvanlayırdı. Fikirlərinin sadə insanlar tərəfindən asan qavranılması üçün düşündüklərini göstərməyə çalışırdı. Beləliklə, Galileo müasir elmdə eksperimentin banisi oldu.

Galileo, həm də, elmin təqdimatına siyasi üslubları gətirmiş ilk alim oldu. O, hökmdarlar, senzorlar və ya şuralar üçün deyil, camaat üçün yazırdı və həyatı ilə göstərdi ki, cəsarətli fikirləri camaatın başa düşə biləcək dildə söyləyəndə fikrin əhəmiyyəti və çevrəsi müəllifi qoruya biləcək dərəcədə böyüyə bilir. Bruno isə yalnız latın dilində yazdığından onu kilsə və universitet çevrələrindən kənarda tanımırdılar. Bruno'nu edam etmək kilsə üçün çətin olmadı. Galileo isə fikirlərini "siyasiləşdirdiyinə" görə (o zaman italyan dilində ciddi fikirləri yazmaq siyasi yanşmanı tələb edirdi), uğur qazana bildi. Doğrudu, kilsənin təkidi ilə fikirlərindən guya döndüyünü göstərməli oldu. Amma Galielo'nun "onsuz da o [yəni, Yer] fırlanır" deməsi həqiqətin siyasi bazarlamaya çıxarılmasının mümkünlüyünü bir daha təsdiqlədi. Camaata həqiqəti çatdıra biləndən sonra, təqibçilərə nə deyirsən de, onsuz da təqibçilər əvvəl təlqin etdikləri həqiqətə artıq nəzarət edə bilmirlər. Galileo senzuranın tətbiqindən və müxalif fikirlərin təqibindən rahatlanmağa çalışanlara dərs verdi. İdeyalara nəzarət etmək, onların qarşısını almaq mümkün deyil!

Galileo'nun elmi "siyasiləşdirmək" cəhdi nəticəsində kilsənin təqibindən qurtulmağı, kilsənin hakimiyyətindən yaxa qurtarmağa çalışan siyasətçiləri də həvəsləndirdi. Gənc kral Lois ("Lui" kimi tələffüz olunur) XİV kardinal Gulio Mazzarino'nun (soyadının daha çox "Mazarini" kimi tələffüzü ilə tanınır) qəyyumluğu altından çıxan kimi, Fransa dövlətinin idarə olunmasını "kilsəsizləşdirməyə" (dövlət hakimiyyətini öz əlində cəmləşdirməyə) başladı. İlk baxışdan nə qədər qəribə görünsə də, amma bu işdə ona, Mazarino'nun həmyerlisi olan Galileo'nun, kilsənin qəzəbinə gəlmiş təlimi yardım etdi. Yerin Günəş ətrafında fırlandığını bəhanə edərək, Lois XİV özünü Le Roi Soleil (Günəş Kralı) elan etdi və yer üzündə (yəni, dövlətdə) hər kəsin və hər şeyin özünün ətrafında "fırlanmasına" nail oldu. "L'Etat c'est Moi!" ("Dövlət Mənəm!") deməklə, Lois XİV başqaların hətta qanunlara istinad etmələrini özünə həqarət sayırdı və buna görə özünü təhqir olunmuş sanırdı. Qanuna istinad etmək cinayət idi.

Siyasi görüşlərin və elmi təlimlərin qarşılıqlı əlaqəsi çoxdan məlum olan faktdır. Bunun səbəbi ikisinin də "ideoloji qurğu" olmasındadır. Siyasət (geniş anlamda) çərçivə rolunu oynayır. Çərçivə çox dar olanda, həqiqət ifrat dərəcədə formalistik olur. Onu vahid və mütləq kimi təsəvvür etməyə üstünlük verilir. Fərqlilik arzulanmır və hətta sıxışdırılır (təqib olunur). Çox vaxt ağılın asanlıqla qavraya biləcək şeyləri siyasi görüşlər əngəlləyir və belə şeylər ağlabatan ola bilmirlər. Çünki bir şeyin ağlabatan olmasından öncə, onun ürəyə- (vicdana) yatan olması vacibdir.

Məsələn, yaxşı məlumdur ki, Qədim Yunanlar riyaziyyatın inkişafına nə qədər töhvə vermişlər. Amma bu qədər dahi riyaziyyatçılar arasında tənlik icad edə biləcək birisi tapılmadı. Riyazi baxımdan tənlik çətin qavram deyil və, əlbəttə, elm "təmiz" olsaydı, Qədim Yunanlar onu asanlıqla icad edə bilərdilər. Problem ondadır ki, hətta riyaziyyat kimi bir elm ideoloji təsirlərdən asılı ola bilir. Qədim Yunanlar ona görə tənliyi icad edə bilməmişlər ki, dəyişəni ehtiva edən bərabərliyin təsəvvürü onların siyasi dünyagörüşləri ilə əngəllənirdi. Qədim Yunanlar kəskin ayrı-seçkiliklərlə düşünən insanlar olmuşlar. Bərabərlik onların mədəni təsəvvürlərinə yad idi. Başqa sözlə, bərabərlik Qədim Yunanların ürəyinə yatmadığı üçün, tənlik də onların ağlına batmırdı. Bu baxımdan o dövrün dahi riyaziyyatçıların böyük əksəriyyətinin demokratik deyil, avtoritar və tiranik şəhərlərdə yaşayıb-yaratmaları heç də təəcüblü görünmür.

Deməli, hətta riyaziyyat kimi elm "təmiz", yəni ideoloji təsirlərdən kənar, ola billmir. Hərçənd ki, minilliklər ərzində insanlar bunun əksini düşünürdülər. Avropada ilk universitetlər yaradılanda (Xİ əsrdən başlayaraq) riyaziyyat dərsləri keçirilmirdi. Niyə? Çünki ilk universitetləri katolik kilsəsi yaradırdı və onun məqsədi - təhsil vasitəsilə hər yerdə latın dilini yaymaqla Pax Romana (orijinal mənada "Roma Sülhü", bu kontekstdə isə - "Roma Dünyası") qurmaq idi.

Roma Kilsəsi özünü Roma dövlətinin mənəvi varisi sayırdı. Riyaziyyatın burada nə günahı? Niyə onu universitetlərdə dərs kimi keçməməli idilər ki? Cavab siyasidir - riyaziyyat bütünlüklə yunan dilində işlədilmiş sahə olduğundan kilsənin məqsədlərinə uyğun gəlmirdi. Ancaq latın dilində öyrədilməsi mümkün olan fənlər keçirilirdi: ilahiyyət, təbabət və hüquqşünaslıq. Amma çox keçmədi, həqiqət özünə yer tapdı və riyaziyyatı unversitetlərdə öyrətməyə başladılar. Maraqlıdır ki, riyaziyyat hüquqşünaslara məcburi fənn kimi öyrədilirdi. Riyaziyyat "təmiz" elm sayıldığından, hesab olunurdu ki, formal məntiqi yaxşı bilməli olan hüquqşünaslar üçün bu çox vacibdir. Sonra hesab olundu ki, formal məntiq üzərində qurulmuş riyaziyyat hüquqşünasların təfəkkürünü həddindən artıq məhdudlaşdırır, təsəvvürlərini kasıblaşdırır. Problem onda idi ki, formal məntiq bir sualın yalnız bir doğru cavabı olmasını tələb edir. Hüquqşünaslıq üçün isə bu yeganə güvənilir düşüncə tərzi sayıla bilməz. Deontik məntiq inkişaf etdikcə riyaziyyatı hüquqşunaslara öyrətməyi dayandırmağa başladılar və sonda tamamən kəsdilər.

Riyazi təfəkkür şahmatın inkişafına böyük təkan verdi. Orta əsrlərdə şahmat tezliklə məşhurlaşdı və geniş yayıldı. Maraqlıdır ki, o zaman oynanılan şahmat indikindən xeyli fərqlənirdi. Burada da fərqin kökünü siyasətdə görmənin faydası var. Lap əvvələr şahmat oyununda qələbə, mübarizənin tipik monarxik təsəvvürünə uyğun olaraq, "şah" ("kral) fiqurunun vurulması ilə müəyyən olunurdu. "Vəzir" dediyimiz fiqur Avropada "kraliça" (queen) kimi tanınırdı. İndiki şahmatdan fərqli olaraq, o zamanki "kraliça" çox zəif fiqur idi, yalnız bir damalıq gediş etmək olurdu onunla. Heç də təəcüblü deyil. Nədən "kraliça" güclü fiqur olsun ki? Qadını və kralın arvadını rəmzləşdirən bu fiqurun güclü olmasını o dövrün siyasi dünyagörüşü mümkün etmirdi.

Bəs, necə oldu ki, "kraliça" ən güclü fiqura çevrildi? Nə dəyişdi sonradan? Yenə də cavabı siyasətdə tapırıq. 1475-ci ildə Bavariya kralı Georg, Osmanlı İmperiyasından gələn real təhlükəyə qarşı güclü xristian ittifaqı yaratmaq məqsədi ilə, Polşa kralı Kazimir İV-in qızı, Yadviqa (Hedwig) ilə evləndi. Toyun özü sırf siyasi bir mərasim oldu. Polşa kralının qızı çox iradəli qadın idi. Toy Lanshut adlı kiçik şəhərdə oldu. Yadviqanın təkidi ilə toy mərasiminə Landshut şəhərinin bütün sakinləri dəvət olunmuşdu. Elan olunmuşdu ki, mənşəyindən asılı olmayaraq, hər kəs zadəgən geyimlərdə gəslin. 2000-dən artıq adam gəlmişdi toya, aralarında orta və kasıb təbəqələrindən olanlar əksəriyyət təşkil edirdi. Hər kəs, bir günlük olsa da, krala və kraliçaya bənzəməyə çalışırdı (geyimlə, davranışla və s.) Toyda və toydan sonra hamı yeni kraliçanın çox güclü qadın olmasından və gerçək dövlət başçısı olmasından danışırdı. Bu toy sonradan tarixdə Landshutter Hochzeit (Landshut Toyu) kimi yadda qaldı və bu gün də rəmzi olaraq qeyd olunur (festival kimi).

Bu toyun şahmatla nə əlaqəsi? İlk baxışdan heç bir əlaqəsi yoxdur. Toy edənlərin, xüsusilə də toya qatılanların, şahmat heç yadlarına belə düşmürdü. Amma siyasətdə niyyət olunmayan nəticlər çox olur. Bu toydan sonra şahmat oyununda dəyişiklik edildi. "Kraliça" artıq hər tərəfə və bütün damalarla gediş edə bilərdi və ən güclü fiqura çevrildi. Polşa kralının qızı və Bavariyanın yeni kraliçası Yadviqanın şəxsiyyəti bu dəyişikliyi ruhlandırdı. Bundan əlavə, həmin toyda hər kəsin, mənşəyindən asılı olmayaraq, zadəgən (o cümlədən kraliça) paltarını geyinə bilməsi daha bir vacib dəyişikliyə töhvə verdi. Artıq bundan sonra, şahmatda ən zəif fiqur olan piyada, son xəttə çatdıqda ən güclü fiqur olan kraliçaya çevrilə bilərdi. Elə bundan sonra da şahmat oyununu Avropanın əksər ölkələrində qadağan etməyə başladılar, çünki yeni qaydaları ilə bu oyun artıq bərabər fürsətlər təbliğ edən bir məşğuliyyət kimi görünürdü. Monarxlar isə bunun özləri üçün təhlükəli olduğunu hesab etdilər.

XX əsrin böyük riyaziyyatçılarından olan Kurt Gödel 1931-ci ildə məşhur "natamamlıq teorimi"ni sübut etdi. Bu teoremə görə bütün nəzəriyyələr, təlimlər və digər ideoloji qurğular ya tam, ya da ziddiyyətsiz ola bilirlər. Başqa sözlə, eyni zamanda həm tam, həm də ziddiyyətsiz nəzəriyyə mümkün deyil. Nəzəriyyəniz ya tam, amma ziddiyyətli, ya da ziddiyyətsiz, amma natamam olasıdır. Kurt Gödelin bu sübutundan ruhlanan başqa bir riyaziyyatçı - Alfred Tarski - 1936-cı ildə "həqiqətin ifadəolunmzalığı teoremi"ni isbatladı. Bu teoremə görə həqiqətin "içəridən" qavranılması mümkün olmadığı üçün, onun tam anlamda ifadəsi də mümkün deyil. Blaise Pascal demişkən: "Nəyisə anlamaq üçün kənardan düşünmək lazımdır". Bu "kənar düşüncə" də, istər-istəməz, siyasi dünyagörüşünə bağlanır.

Kurt Gödel, Nazist təqiblərindən qaçaraq, Amerikaya köçdü. Burada bir neçə il yaşayandan sonra, dostu Albert Einstein ona Amerika vətəndaşlığını almaq üçün müraciət etməyi məsləhət gördü. Einstein ona dedi ki, Amerika Konstitusiyasını oxusun, çünki oradan ona suallar verəcəklər. İnadkar riyaziyyatçı olan Gödel ertəsi gün Einstein'a dedi ki, konstitusiyanın riyazi təhlilini hazırlayıb. Gödel Einstein'a yazılarını göstərdi və iddia etdi ki, Amerikanın konstitusiyasını pozmadan, Amerikada diktaturanın qurulmasının mümkünlüyünü riyzai cəhətdən sübut edə bilər. Einstein öncə bunu zarafat hesab etdi, amma Gödel'in yazılarını görəndən sonra bu haqda danışmamağını məsləhət gördü ki, Gödel rahatlıqla vətəndaşlığını ala bilsin, yoxsa məsələ uzana bilərdi. Einstein'in bu məsləhəti Gödel'i durdurmadı və o, bu haqda imtahan zamanı danışdı. Einstein Gödel'in xeyrinə zamına durması məsələni həll etdi və Gödel vətəndaşlığını aldı. Sonra Einstein Gödelə dedi ki, Amerikalılarda azadlıqlarının Konstitusiyaları tərəfindən qorunduğuna o dərəcədə güclü inam var ki, riyazi həqiqətin heç yeri yoxdur.

İbrət həqiqətdən daha vacib olmalıdır, əks təqdirdə həqiqət istismar alətinə çevrilə bilər! Tarixdən bunu təsdiqləyə biləcək çoxlu örnəklər gətirmək olar. Qismən bunu etməyə çalışdım. Randall Collins demişkən: "həqiqət həbs olunmuş məlumatdır". Həqiqət çox faydalı şeydir, ona görə də onu axtarmağa dəyər, amma həqiqət həm də çox təhlükəli şeydir, ona görə də ona şübhə ilə yanaşmaq lazımdır. Hər dominant qrupun (hakimiyyətin, nəslin və s) oturuşmuş həqiqətləri var. Belə həqiqətlərdən üstünlüyü təmin etmək üçün alət kimi istifadə olunur. Alfred Tarski dediyi kimi, onları içəridən tam anlamaq mümkün deyil. Mütləq kənara çıxmaq lazım gəlir. Yenə, gec-tez, gəlib-çıxırıq siyasətə (geniş anlamda).

Kənardan düşünəndə, Azərbaycan Təhsil Nazirinin, yeri gəlmişkən, ixtisasca riyaziyyatçı olan, Misir Mərdanovun son açıqlamalarını necə anlayaq? Nazir deyib ki: "xaricə tələbə göndərmək üçün ölkə seçəndə ehtiyatlı olmaq lazımdır, bəzi ölkələr gənclərin düşüncə tərzini dəyişib göndərirlər". Nə deyəsən buna? Təhsil elə düşüncə tərzini dəyişmək üçündür də. Düşüncələri dəyişməyən təhsil, təhsil deyil ki. Deməli, bu sözləri, Tarski dediyi kimi, içəridən (daxili məntiq baxımından) anlamaq mümkün olmayacaq. Pascal dediyi kimi isə, kənardan düşünsək, onda nazirin açıqlaması Emin Millinin və Adnan Hacızadənin saxta məhkəməsi ilə əlaqəli olduğu aydın görünür.

9 comments:

  1. Bu da nazirin heqiqetidi)))

    ReplyDelete
  2. chox sag olun maragli melumatlara gore,heqiqeti qavramaga komek edir.
    Agshin.

    ReplyDelete
  3. Erkin,

    Çox maraqlı yazıdı, ilginc bilgilər üçün təşəkkürlər. Kurt Godelin natamamlıq teoremiylə bağlı yazdıqları sizcə nə qədər riyaziyyatın sərhədlərindən kənara daşına bilər?

    tələbə

    ReplyDelete
  4. Riyazi mülahizələrin tətbiqi imkanları çox genişdir.

    ReplyDelete
  5. Erkin bəy,təşəkkür bu yazıya görə. Böyük zövqlə oxudum. Xeyli yeni bilgi aldım. Çox aydın sezilir ki, siz oxumaqdan, öyrənməkdən böyük zövq alırsınız və bu enerji, yanğı yazılarınız vasitəsilə yansılır (yeri gəlmişkən, Azərbaycancada bu sözün uğurlu qarşılığını tapa bilmirəm. O səbəbdən yansımaq, yansıtmaq sözlərini işlətməyə üstünlük verirəm.)Ümidvaram ki,bundan sonra da tez-tez yazacaqsınız. Hərçənd onu da bilirəm ki, bu o qədər asan deyil vaxt baxımından. Uğurlar sizə!

    ReplyDelete
  6. Erkin müəllim!Yenə çox sevdiyiniz xaosu yarada bilmisiniz.Yaxşı sistem olmur.Yaxşı insanlar olur.(bu sizin 5-6 il öncəki fikirlərinizdəndir).Demək ki sizin fikriniz deyilmiş.Sadəcə auditoriyanın reaksiyası maraqlı idi.Yaxşı sistemi axtarmayın.Yaxşı insanları axtarın.Onlar nə etsələr elə o da yaxşı sayılacaq.Sizə uğurlar.Yazılarınızı izləyirəm

    ReplyDelete
  7. Erkin müəllim!Yenə çox sevdiyiniz xaosu yarada bilmisiniz.Yaxşı sistem olmur.Yaxşı insanlar olur.(bu sizin 5-6 il öncəki fikirlərinizdəndir).Demək ki sizin fikriniz deyilmiş.Sadəcə auditoriyanın reaksiyası maraqlı idi.Yaxşı sistemi axtarmayın.Yaxşı insanları axtarın.Onlar nə etsələr elə o da yaxşı sayılacaq.Sizə uğurlar.Yazılarınızı izləyirəm

    ReplyDelete
  8. Nicat bəy, fikirlərimi guya dəyişdiyimi qənaətinə nədən gəldiniz?

    ReplyDelete
  9. Salam Erkin.Yazılarınızı həmişə maraqla oxumuşam.Sizin Kapelhaus`dakı mühazirələriniz indiyədək yadımdadır.Sizin bir mühazirəniz var ki, heç zaman yadımdan çıxmır - SEÇİM PROBLEMİ.Mümkünsə bu mövzunu da qələmə alın.İnanıram ki, çox maraqla oxunacaq.Bunu sizdən xahiş edirəm.

    ReplyDelete