İstək. İnam. İradə. İştirak.
Thursday, November 11, 2010
Thursday, June 10, 2010
"Prekambrian dovşanı" və "yaxşı adamlar" problemi...
Bilirsiniz ki, geologiyada Yerin şərti tarixi dövrləri var. Kambrian dövrü – Paleozoy çağının başlanğıcıdır (təxminən 548 milyon il bundan öncə başlayır və təxminən 488 milyon il bundan öncə bitir). “Prekambrian dövrü” də, müvafiq olaraq, Kambrian dövründən əvvəlki zamana deyilir. Yəni, 548 milyon il bundan öncədən daha erkən dövrlərə aid edilir. Bunların hamısı elmi çevrələrdə qəbul olunan çox şərti və təxmini hesablamalardır.
Dovşanlar, məlum məsələdir, məməlilər sinfinə aid olunur. Təkamül nəzəriyyəsinə görə ilk ibtidai məməlilərin təxminən 200 milyon il bundan öncə yarandığı söylənilir. Prekambrian dövrü isə, deyildiyi kimi, 548 milyon il bundan öncədən daha əvvəlki zamana aid edilir. Buradan çıxarıla biləcək yeganə nəticə odur ki, Prekambrian dövründə məməlilər mövcud olmayıblar. Təkamül nəzəriyyəsi bunda çox israrlıdır. Buna güvənərək də, John Haldane tənqidçilərinə Prekambrian dövrünə aid dovşan qalıqlarını axtarmağı təkəbbürlə “məsləhət gördü”. J. Haldane’ə görə, Prekambrian dövrünə aid dovşan qalıqlarının tapılması təkamül nəzəriyyəsinin yanlış olduğunu göstərərdi.
“Prekambrian dovşanı” ifadəsi elmi çevrələrdə məşhur metaforaya çevrildi. Alimlərin arasında tənqidə dözümlü olmayanlar, tənqidçilərinə cavab verərkən, bu metaforadan istifadə edirdilər. Bir müddət təsirli oldu. Amma sonradan Karl Popper, İmre Lacatos, Thomas Kuhn, Paul Feyerabend kimi böyük alim və filosofların kəskin tənqidləri nəticəsində bu metaforadan istifadə etmək elmi çevrələrdə ayıb sayıldı. Bu gün heç bir alim “Prekambrian dovşanı” məsələsinə istinadı özünə yaraşdırmaz. Nədən?
Yuxarıda adı çəkilən alim və filosofların səyləri nəticəsində müasir elmi çevrələrdə qəbul olunur ki, elm “doğrulama” (verification) sayəsində deyil, “yanlışlama” (falsification) sayəsində inkişaf edə bilir. Yəni, hər hansı bir mülahizəni yanlışlamaq olmursa, onun elmi tutumu da olmur. Yanlışlanması mümkün olmayan mülahizə - ehkamdır. Elmdə isə, dindən fərqli olaraq, ehkamlara yol verilmir. Elmdə hər şey şübhə altına alına bilər. Elmin inkişafı da məhz buna görə mümkündür.
“Prekambrian dovşanı” metaforasının anlamı, başqa sözlə, - “inanmırsınızsa, gedin özünüz bunun əksini tapın, gətirin” və ya “guya, sizin etdiklərinizin (söylədiklərinizin) nəyi doğrudur ki?” və s. kimi mühafizəkar və təkəbbürlü cavablardan ibarətdir. Mübahisələrin qızğınlığından və/və ya mübahisə edənlərin tərbiyəsindən asılı olaraq, bu suallar bəzən “sən kimsən ki, mənə bunu söyləyirsən?!” formasını da ala bilir. Odur ki, bu metaforanın elmi çevrələrdə işlədilmədiyi heç təəccüblü deyil. Ayıbdır, çünki. Alimə yaraşmaz!
Siyasətdə isə, təəssüf ki, bu cür şeylər söylənilir. Bunun, ola bilsin, bir neçə izahı mümkündür. Siyasət, elmdən fərqli olaraq, şagirdlik üzərində deyil, amirlik üzərində qurulur. Elmi çevrə nisbətən qapalıdır, oraya daxil olmaq üçün xeyli imtahanlardan keçmək lazım gəlir. Tanınma da əsasən və ilk növbədə çevrənin öz daxilində olur. Elmi çevrənin qəbul etmədiyi adamı ictimaiyyət alim kimi qəbul edəsi deyil. Siyasətə giriş isə açıqdır, tanınma da ictimai maraq və rəğbət hesabına mümkün olur. Siyasi çevrənin özü çox yayğındır, kənar təsirlərdən xeyli asılıdır.
Elmi çevrədə razılaşdırılmış məsələlərə ictimaiyyət müdaxilə edə bilmir. Elə olur ki, elmi çevrələr eyni məsələni müxtəlif vaxtlarda cəmiyyətə fərqli, bir-birinə zidd şəkildə təqdim edirlər. Məsələn, Günəş sistemində ən uzaq göy cismi Plutondur. Pluton 1930-cu ildə kəşf ediləndə, ölçüsü çox kiçik, orbiti qeyri-sabit olduğundan, peyki isə olmadığından planet hesab edilmədi. Sonradan Plutonun ilk peykini kəşf etdilər. Buna görə Plutonun planet olduğu söylənildi. Mən Sovet məktəbini bitirmişəm. Plutonu bizə 9-cu planet kimi öyrədirdilər. Nəhayət, 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının qurultayında qərara gəlindi ki, Pluton planet deyil. Odur ki, bu gün elmi çevrələrdə Günəş sistemində “rəsmən” 8 planetin olduğu qəbul olunur. İndiki məktəblilərə də dərsdə bunu öyrədərlər. Nədən? Çünki həqiqət – razılaşdırma məsələsidir. Planet – fakt deyil, anlayışdır. Anlayış dəyişəndə, müşahidələrin nəticələrinə verilən adlar da dəyişir. Pluton, əlbəttə, yerində qalır, Günəş ətrafında fırlanır, amma biz onu artıq (yenidən) planet hesab etmirik. Alimlər bizə bunu deyir.
Siyasətdə də həqiqət – razılaşdırma məsələsidir. Amma siyasi razılaşdırmada iştirak edənlərin əhatəsi, maraqların mahiyyəti, nəticələrin qəbulu və onların təsiri elmdəkindən çox fərqlidir. Siyasətdə nüfuz, sübutlar hesabına deyil, inandırmalar hesabına mümkün olur. İnandırma isə xeyli dərəcədə irrasional prosesdir. Ona görə də ritorik cəhətlərin təsiri böyükdür. Siyasətə cəlb olunan və/və ya onunla əhatə edilən maraqların xüsusiyyəti elmi maraqlardan əhəmiyyətli dərəcədə fərqlənir. Həmin maraqların daşıyıcıları maraqlarını ifadə etməklə kifayətlənmirlər. Onlar təşkilatlanırlar, qərarların müzakirəsində, qəbulunda və icrasında təmsil olunmaq üçün nümayəndələrini seçirlər.
Maraqlar toqquşur. Buna görə də mübahisələr qaçılmazdır. Mübahisələrin münaqişələrə keçməməsi üçün qərarın qəbulu etimad doğuran proses vasitəsilə gerçəkləşməlidir. Nadir istisnaları nəzərə almasaq, alimlərin gəldiyi nəticələri cəmiyyət, bir qayda olaraq, mübahisələndirmir. Çünki elmdə nəticənin əldə olunması ilə elan olunması arasında bəzən çox uzun sınaq müddəti keçir. Elmi çevrələrdə tədqiqat prosesi çoxdan razılaşdırılıb. Heç kəs təkbaşına, birdən-birə hansısa ehtimalı və ya nəticəni elmi nailiyyət kimi başqalarına təlqin edə bilməz. Siyasətdə isə maraqların toqquşması siyasi prosesin mahiyyətini təşkil etdiyindən, mübahisələr sadəcə mövzular barəsində deyil, mövqelər uğrunda aparılır. Tərəflər tutduqları mövqeləri möhkəmləndirməklə məşğuldurlar. Bunun uğrunda aralarında ittifaqlar bağlayır, rəqiblərini sıradan çıxarmağa çalışırlar.
Hamının hamıyla yaxşı münasibətdə olması mümkün olmadığı kimi, hamının hamıyla pis münasibətdə olması da mümkün deyil. Odur ki, qruplaşmalar, düşərgələşmələr qaçılmazdır. Açıq cəmiyyətlərdə bu halın müsbət enerjisi yaradıcı fürsətlər sisteminin formalaşmasına gətirib çıxarır. Qapalı cəmiyyətlərdə isə qruplaşma və düşərgələşmə mənfi enerjili olur, dağıdıcı fürsətlərin yaranmasını şərtləndirir. Bunun fəsadları sadəcə qrupdankənar deyil, həm də qrupdaxili olur. Özündən kənarda rəqabəti sıxışdırmağa çalışan, rəqiblərinə hörmət etməyən qrupun içində də dağıdıcı proseslərin getməsi labüddür. Çevrəsini açıq saxlayan, rəqabətə əsaslanan, rəqiblərinə hörmət edən qrupun içində isə, təbii ki, sağlam mühitin formalaşması asanlaşır.
Qrupların möhkəmliyi, nə qədər təəccüblü görünə bilsə də, tutduqları mövqelərdən az asılıdır. Mövqe, ümumiyyətlə, çox şərti şeydir. İnadkarlar, məsələn, mövqelərini dəyişmədikləri üçün uğur qazana bilmirlər. Qazansalar da, belə uğur davamlı olası deyil. Digər tərəfdən, əqidəsizlər, ümumiyyətlə, uğurun nə olduğunu bilmirlər. Onları ancaq mövcudluq qayğılandırır. İnadkarlar da, əqidəsizlər də ifrat anlamına gəlirlər. Normal halda insanların əksəriyyəti mövqelərini dəyişə bilməklə, bəzi təməl prinsipləri vacib hesab etdiklərindən, özlərinə yaraşdırmadıqları əməllərdən çəkinməyə çalışırlar. Amma bu da cəmiyyətdəki siyasi sistemin çərçivələrindən və ondan doğan fürsətlərdən asılıdır.
İnsanlar fürsətcildir. Etimad doğuran prosesləri və onların nəticələrini təşkil edən siyasi sistemdə hər kəsin fürsətcilliyi hamının xeyrinə olur. Hətta ayrı-ayrı məsələlərdə narazı qalanlar da, proseslərə bütövlükdə güvənirlərsə, başqalarının fürsətcilliyindən yararlana bilərlər. Fürsət – mənəvi anlayış deyil. Fürsətləri törədən siyasi sistem isə mənəvi dəyərləndirmə ünvanı ola bilir. Fürsət varsa, ondan yararlanan adamlar da mütləq olasıdır. Qapalı siyasi sistemlərdə fürsətlər inhisarlaşdırılır, rəqiblər sıxışdırılır (bəzən hətta məhv edilir). Bu halda fürsətlərdən yararlananlara çox pis baxılır. "Varlılar", "savadlılar", "vəzifəlilər" və digər “bəxtəvərlər” inhisarlaşdırlmış üstünlüklərinə görə məhrum çoxluq tərəfindən haqlı olaraq qınanılır. İctimai qınaq çox vacibdir, amma özü-özlüyündə sistemi dəyişdirəsi və başqalarını qınanılan fürsətlərdən istifadə etməkdən çəkindirəsi deyil.
Problem də elə bundadır. İnhisarlaşdırılmış fürsətlər sistemi uzun müddət davam edərsə, oturuşmuş hala gələcək və qınanılan artıq adamlar deyil, fürsətlərin özü olacaq. Yəni, məsələn, rüşvətlə varlanmış vəzifəli şəxslər yox, ümumiyyətlə varlı olmaq, vəzifə tutmaq pislənməyə başlanacaq. Və ya başqa örnək - plagiat, rüşvət, siyasi himayədarlıq hesabına alim dərəcələrinə və unversitet kafedralarına yiyələnmiş adamları qınamaqdan yorulmuş cəmiyyətin bütövlükdə elmə və təhsilə həvəsi öləcək. İstisnalar, əlbəttə, mümkündür, amma həlledici deyil.
Belə şəraitdə paxıllıq, etimadsızlıq, giley-güzar, deyingənlik, şərləmə və bir çox başqa bu qəbildən olan münasibətlər üstünlük təşkil etməyə başlayırlar. Belə halda, bunlar, yanlış olaraq, insanların keyfiyyətləri kimi hesab olunacaqlar. “Adamlar korlanıb” tipli təsəvvürlər çoxlarını inkişaf uğrunda çalışmaq həvəsindən salacaq. Pozğun zəmanədə “yaxşı adamlar” mövzusu həmişə dəbdə olur. “Yaxşı adamlar” - qınanılan fürsətlərdən özünü çəkindirə bilən adamlara deyilməyə başlanılır. Nəticədə “yaxşı adamların” axtarış dairəsi də marjinallaşır. Varlılar, savadlılar, vəzifəlilər və digər “bəxtəvərlər” arasından “yaxşı adamların” çıxma ehtimalının, demək olar ki, olmadığı hesab edilir. Bu yanaşma doğru olmasa da, anlaşılandır. Çünki qapalı siyasi sistemlərdə varlanma, savadlanma, vəzifə tutma və başqa uğur qazandıran fürsətlər inhisarlaşdırılır.
Qapalı siyasi sistemlər uğura qarşı ikrah hissini oyadırlar. Belə sistemlərdə uğur mənəviyyatsız bir şeyə çevrilir. Uğur qazanmış bir kəs özünə bəraət qazandırmağa təhrik edilir. “Siz kimsiniz ki, məndən şübhələnirsiniz?” “Əlinizdən bir iş gəlmir, başqalarında nöqsan axtarırsınız!” Bu və başqa gileylər qapalı siyasi sistemlərin təşviq etdiyi cavablardır, tənqidə dözümsüzlükdən doğur. Sistemi kökündən dəyişmədən insanların davranışlarını müsbətə dəyişmək alınmayacaq. İstisnalar mümkündür, amma həlledici deyil.
Odur ki, qapalı siyasi sistemdə “yaxşı adam” məsələsi, vaxtilə elmi çevrələrdə istifadə olunmuş, sonradan isə ayıb sayılmış “prekambrian dovşanı” söhbətinə çox bənzəyir. Bəzi şeyləri tapmaq yox, yapmaq lazım gəlir. Yaxşı adamları axtarmaq əvəzinə, yaxşı siyasi sistem qurmaq gərəkdir.
--------------------------
(ardı olacaq)
Tuesday, June 8, 2010
Seçim sistemi haqqında bəzi qeydlər...
Araşdırmaçılar səbəbin seçim sistemində olduğu qənaətinə gəldilər. Məlum oldu ki, Kanadada hokey məktəblərində azyaşlı uşaqlar arasında böyüklər qrupuna seçim hər il yanvarın 1-də bitir. Yəni, seçim sistemi yanvarın 1-dək doğulanlar üçün daha əlverişli şərait yaradır. Başqa sözlə, uşağın 9 yaşı yanvarın 1-dək tamam olursa, həmin uşaq 9-yaşlılar qrupuna götürülə bilər. Kanadada peşəkar liqalar üçün hokeyçiləri məhz 9 yaşından hazırlamağa başlayırlar. Uşağın 9 yaşı yanvarın 2-də tamam olursa, onda həmin uşaq bir il gözləməklə yanaşı, həm də özündən bir yaş kiçiklərlə məşq etməli olacaq. Bu yaşda oğlanlar üçün özlərindən hətta bir yaş kiçik olanlarla bir qrupda çalışmaq psixoloji baxımdan çox çətindir, çünki onlar kiçiklər tərəfindən lağa qoyulurlar. Ona görə istedadlı olmalarına baxmayaraq, çoxları belə gərginliyə dözməyərək məşqləri atır və hokeydən uzaqlaşır. “Əlverişsiz” vaxtda doğulanların yalnız ən inadkarları məşqlərə davam edir və böyüyəndə peşəkar hokeyçi ola bilir. Beləliklə, bu seçim sisteminin şərtləri altında iyundan sonra doğulmuşların şansları iyundan öncə doğulmuşlardan daha azdır. Şəxsi bacarıq və keyfiyyətlərin əhəmiyyəti xeyli azalmış olur.
Sonra araşdırmaçılar Kanada hokeyində alınmış bu maraqlı nəticələri başqa ölkələrdə və idman növlərində yoxlamaq istədilər. Məlum oldu ki, ABŞ-da uşaqların hokey, futbol və basketbol qruplarına yazılmasında son müddət olmadığına görə oyunçuların doğum tarixi onların sonrakı idman uğurlarına heç bir təsir göstərmir. Beysbolda isə məşq qruplarına son yazılma müddəti 31 iyul olduğuna görə peşəkar liqalarda oynayan oyunçuların 505 nəfərinin avqust ayında doğulduğu müəyyən edildi. Eyni nəticələr Avropa futbolunda da alınmışdır. İngiltərədə məşq qruplarına son yazılma müddəti 1 sentyabr olduğuna görə Premyer-Liqanın 288 futbolçusunun doğum tarixi sentyabr-noyabr aylarına düşür.
Beləliklə, seçim sisteminin yaratdığı fürsətlər düzəni insanların fərasətlərinə də həlledici şəkildə təsir göstərmiş olur.
Siyasətdə, iqtisadiyyatda, elmdə, təhsildə, məişətdə, həyatın bütün sahələrində, idmanda olduğu kimi, fərasətlərin inkişafı fürsətlər sistemindən asılıdır. Adamları qınamaqla, onları dəyişmək olmur. İstisnalar mümkündür, amma həlledici deyil.
Açıq sistemlər əsasən səmimiyyəti, sevgini, dostluğu, öyrənməyi, tənqidi düşüncəni, dözümlü münasibəti, çoxçeşidliyi, rəqabəti təşviq edir. Qapalı sistemlərin əsasən təşviq etdiyi keyfiyyət və münasibətlər isə bunlardır: paxıllıq, etimadsızlıq, dözümsüzlük, giley, deyingənlik, qisasçılıq, eynilik və s. Təkrar edirəm, istisnalar mümkündür, amma həlledici deyil.
İdmanda olduğu kimi, siyasətdə də seçim sistemləri özünəməxsus davranış modellərini və qüsurları şərtləndirir. Məsələn, majoritar seçki sistemi tədricən ölkədə hakimiyyətə gələ biləcək iki böyük partiyanın yaranmasına gətirib çıxarır. Başqa partiyalar da ola bilər, amma onlar təklikdə iqtidara gələ bilmirlər. Onların rolu hökümət formalaşdırılması zamanı iki böyük partiyadan hansının tərəfində olacağı ilə məhdudlaşır. Bu sistemin üstünlüyü ondadır ki, seçicilər kimə səs verdiyini hər zaman dəqiq bilirlər, çünki hər dairədə konkret namizədlərə səs verirlər. Problem ondadır ki, bu sistemin çox vacib riyazi qüsurları var.
Bir tərəfdən, uduzmuş namizədlərə verilmiş səslərin hamısı batır və belə namizədlərə səs vermiş seçicilər parlamentdə təmsil olunmurlar. Digər tərəfdən, daha böyük problem ondadır ki, majoritar sistemdə ölkə miqyasında səslərin əksəriyyətini qazanmış partiya, nəticədə, parlamentdə azlıqda qala bilər. Necə? Gəlin, baxaq. Saymaq rahat olsun deyə, bütün rəqəmləri yuvarlaq götürək. Hesab edək ki, hər dairədə 40 000 seçici var, hamısı səsvermədə iştirak edir və bütün bülletenlər etibarlıdır.
Birinci dairədə “A” partiyasının namizədi 25 000 səs alır, “B” partiyasının namizədi isə - 15 000. Bu dairədən “A” partiyasının namizədi parlamentə keçir. “B” partiyasının namizədinə verilmiş səslər isə batır və onları vermiş seçiciləri parlamentdə heç kim təmsil etmir.
İkinci dairədə də “A” partiyasının namizədi 21 000 səs alır, “B” partiyasının namizədi isə - 19 000. Bu dairədən də “A” partiyasının namizədi parlamentə keçir, “B” partiyasının namizədinə verilmiş səslər isə batır.
Üçüncü dairədə vəziyyət başqadır. Burada “A” partiyasının namizədi 10 000 səs alır, “B” partiyasının namizədi isə - 30 000. Bu dairədən parlamentə keçən “B” partiyasının namizədi olur, “A” partiyasının namizədinə verilmiş səslər isə batır.
İndi gəlin, bu üç dairədə alınmış toplam səslərə baxaq. “A” partiyasının toplam səsi 56 000, “B” partiyasının toplam səsi isə - 64 000. Bu üç dairədən toplam 56 000 səs almış “A” partiyasının parlamentdə 2 deputatı olacaq, 64 000 səs almış “B” partiyasının isə 1 deputatı olacaq. İndi bu üç dairənin nəticələrini bütün ölkə miqyasında təsəvvür etmək çətin deyil. Majoritar seçki sistemində toplam səslərin çoxluğuna baxmayaraq, nəticədə parlamentdə azlıqda qalmaq olur. Saxtakarlıqsız, filansız. Bu, sistemin mayasında olan riyazi qüsurdur. Sistemin içindən onu düzəltmək mümkün deyil. Ona görə də bu sistemin qüsurunu başqa sistemlə tarazlaşdırmaq lazımdır.
Proporsional seçki sistemində bütün partiyaların iqtidar olmağa ciddi iddia etməyə şansları olur. Belə sistemdə seçicilər ayrı-ayrl namizədlərə deyil, partiya siyahısına səs verirlər, heç bir səs də batmır. Partiyaların parlamentdə tutduğu yerlərin sayı seçkidə aldığı səslərin sayına mütənasibdir. Belə seçim riyazi baxımdan daha ədalətli görünür. Problem ondadır ki, parlamentə seçiləcək adamların kimliyini seçicilər deyil, partiyalar müəyyən edir (siyahıdakı sıralamaya uyğun). Demokratik ölkələrin əksəriyyətində parlament seçkiləri hər iki sistemin qarışığından istifadə olunur. Parlamentin yarısı majoritar, yarısı isə proporsional sistemlə seçilir.
Bunu göstərməklə, hər bir sistemin qüsurlu olduğunu və həmin qüsurun sistemin içindən düzəldilməsinin mümkünsüzlüyünü vurğulamaq istədim. Demokratik cəmiyyətlərdə sistemlərin qüsurlarını tarazlaşdırmaq olur. Qeyri-demokratik ölkələrdə isə sistemlər islaholunmaz hala gəlir, onları ancaq kökündən dəyişdirmək lazım gəlir. Əks təqdirdə onlar özləri çökürlər, bunun isə çox ağır nəticələri ola bilir.
Seçki sistemi sadəcə bir örnək kimi verilib burada. Yuxarıdakı qeydim cəmiyyətdə olan bütün başqa sistemlərə da aiddir.
Bizim cəmiyyətdə siyasi sistem kökündən dəyişdirilməlidir. Onu bu vəziyyətdə saxlayıb, “yaxşı adamlar” axtarmağın nə faydası var, nə də anlamı. Siyasi sistem köklü şəkildə dəyişməsə, başqa sahələrdə davamlı inkişaf olası deyil.
P.S. “Yaxşı adamlar” məsələsi haqqında da ayrıca yazaram.
Tuesday, June 1, 2010
"Mavi Marmara"...
BMT-nin Təhlükəsizlik Şurasının və Baş Məclisinin çoxsaylı sərt qətnamələrinə, dövlət və hökümət rəhbərlərinin saysız-hesabsız kəskin bəyanatlarına, beynəlxalq müqavilə və adət hüququna zidd olaraq hələ də işğal etdiyi ərazilərdən çəkilmir.
Beynəlxalq Ədalət Məhkəməsinin məşvərət rəyinə əsasən işğal edilmiş ərazilərdə ayırıcı divarın tikilməsi beynəlxalq hüququn kobud pozulmasıdır. Buna baxmayaraq, İsrail həmin divari tikdi və sökmək niyyəti də yoxdur.
Dəfələrlə keçirdiyi hərbi əməliyyatlarda Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı zorakılıq, kütləvi öldürmə, işgəncə və s. kimi əməllər törədib İsrail.
İndi də "Mavi Marmara" adlı mülki gəmiyə beynəlxalq sularda hərbi hücum edilib.
Bunların başqa adı yoxdur! Beynəlxalq hüququn kobud pozulmasıdır bunların hamısı!
Belə şeylər mütləq qınanılmalıdır!
Problem ondadır ki, hazırda mövcud olan beynəlxalq təşkilatlar vaxtilə sabitlik üçün düşünülmüşlər.
İndiki dünyada isə yeni mövqelər uğrunda kəskin mübarizə gedir.
Bu şəraitdə beynəlxalq təşkilatlarda siyasi iradə böhranı da kəskinləşir.
Siyasi iradəsiz isə hüququn dürüst tətbiqi mümkün deyil.
Dövlətdaxili hüququn üstünlüyü ondadır ki, burada siyasi iradə mərkəzləşdirilib, gücün tətbiqi isə inhisarlaşdırılıb.
Siyasi iradənin və gücün həddini aşmaması üçün demokratik prosedurlar işləyir (seçkilər, ifadə, toplaşmaq, birləşmək və s. azadlıqlar).
Bunların heç birisi beynəlxalq hüququn təminatlarında yoxdur.
Dünya höküməti, qanunverici və məhkəmə hakimiyyəti olmadığından beynəlxalq hüququn tətbiqi pərakəndələşməyə məhkumdur.
Feodal dövründə olduğu kimi.
Ortaq dəyərləri paylaşan və/və ya ortaq mənafeləri olan (və ya bir-birindən başqa formada asılı olan) dövlətlər müəyyən dərəcədə anlaşa bilirlər, zaman-zaman.
Başqalarını inandırmaq və ya məcbur etmək lazım gəlir.
İnandırmaq - ortaq dəyərlər məsələsidir.
Dəyərləri isə razılaşdırmaq çox çətindir, xüsusən də indiki dünyada.
Məcbur etmək isə ya icazəli deyil, ya da faktiki imkan yoxdur.
Bəzən, bundan əlavə istək də olmur.
Bir sözlə, siyasi iradə böhranının ilk qurbanı hüquq olur.
Örnəklər xeyli qədərdir.
Beynəlxalq hüququn indiki durumunda siyasi seçimlər özəlliklə əhəmiyyətləşir.
Beynəlxalq müqavilələrə və adətlərə hörmət edilmədiyi bir şəraitdə kiminlə, necə və nə barədə anlaşacaqsınız?
Azərbaycanın kiminlə ortaq dəyərləri və/və ya mənafeləri var?
Dostumuz kim, düşmənimiz kim?
Dostumuzun düşməni mütləq düşmənimizdirmi?
Düşmənimizin düşməni mütləq dostumuzdurmu?
Dəyərlərimiz və mənafelərimiz nədir?
Onları necə müəyyən edirik?
Dini duyğulara siyasətimizə, xüsusilə də xarici siyasətimizə təsir etməsinə imkan verməliyikmi?
Dünyavi görüşlərimizin hüdudları haradadır?
Boş-bekar suallar deyil bunlar.
Bunların cavabını beynəlxalq hüquqda tapmaq olmur.
Aydın seçimlər zəmanəsinə giririk.
Bu sualların cavabları, xarici siyasətə aid olsalar da, xeyli dərəcədə daxili vəziyyətimizdən qaynaqlanasıdır.
P.S. tezliklə cavablarımı yazmağa çalışaram.
FACE
FACE - Forum of Azerbaijani Citizens/Compatriots in Europe.
Forum Avropa Şurası Parlament Assambleysının binasında keçirilirdi.
Çox maraqlı keçdi, məncə.
Təşkilati problemlərə baxmayaraq, uğurla keçdiyini söyləmək olar.
Gənclər öz hesablarına gəlmişdirlər (yol və qalmaq pullarını özləri ödəmişlər).
FASE-nin faktiki olaraq dağılmasından sonra ilk birləşmə təşəbbüsüdür.
Açıq söhbətlər oldu, hətta o dərəcədə açıq ki, tənqidlərdən çaşan Avropa Şurası rəsmisi nahar fasiləsindən sonra bildirməli oldu ki, növbəti gün forumun keçirilməsi üçün öncədən danışılmış iclas zalını verə bilməyəcəklər.
Əslində, orada fövqaladə bir şey söylənilmirdi.
Sadəcə, görünür hər şeydən sığortalanmağa çalışan Avropa məmurları Azərbaycan höküməti ilə problem yaranmamasını üstün tutdu. Nə problem, amma?!
Avropa Şurasının Gənclər və İdman Departamentində sektor müdiri, Guy-Michel Brandnter, uşaqlara dedi ki, Azərbaycan höküməti ilə əlaqə saxlayıb, FACE barədə soruşub, ona deyiblər ki, belə təşkilat tanımırlar, və bunun əsasında da növbəti gün iclas zalını verməkdən imtina edib.
Təbii ki, bəhanədir. Bəlkə, heç hökümətlə əladə də saxlamayıb. Amma aydın olan o idi ki, sərbəst düşüncəli gənclərin səmimi və tənqidi müzakirələrdən çəkindi həmin məmur.
Tənqid olunan həm də Avropa Şurasının özü idi.
Çox ehtiyatlı və çəkingən bir münasibət var Avropa Şurasının məmurları arasında.
Hamısı çəkinərək danışırdılar.
Biz hökümətlə işləyirik, onunla hesablaşmalıyıq, deyə, bəhanələr gətirirdilər.
Prinsipcə, burası aydındır. Kimsə onlara heç demir ki, hökümətlə işləməyin.
Ona qalırsa, biz özümüz burada hökümətlə həm işləməli, həm də hesablaşmalı oluruq.
Amma bu bizi höküməti tənqid etməkdən çəkindirmir, axı.
Nə isə, çox primitiv bəhanələr gətirdi həmin o Guy-Michel Brandnter.
Pensiya yaşında bir adam idi, görünürdü ki, gənclərlə işə barmaqarası baxır.
Bəhanələrdən birisi də o idi ki, guya FACE-in qeydiyyatı olmadığına görə, onunla işləmək mümkün olmayacaq.
Bəs, onda birinci gün nəyə icazə verirdilər AŞPA-nın binasında iclas keçirməyi?
Aydındır ki, bəhanədən başqa bir şey deyildi o qeydiyyat məsələsi.
Qeydiyyat heç problem də deyil, axı.
FACE-i işlətmək üçün xeyli variantlar var, qeydiyyat onların arasında heç də önəmlisi deyil.
Forumdan sonra nizamnamə layihəsi hazırlanacaq (iş artıq başlanılıb, müzakirələr gedir).
İdeoloji prinsiplər və üzvlük siyasəti çox aydln işlənməlidir.
Təşşəbbüs çox yaxşıdır. Foruma gələn gənclər və oradakı müzakirələr xoşuma gəldi.
Müzakirələr bəzən öncədən düşünülmüş məcrada getməsə də yaxşı keçdi, məncə.
Vacib olan odur ki, hər kəs fikirlərini açıq ifadə edə bilirdi və qarşılıqlı hörməti saxlayırdı.
Müxtəlif ideoloji prioritetləri olan gənclər gəlmişdi Strasburqa, amma hamı maraqla iştirak edirdi.
FASE-nin faktiki dağılmasından, Emin Millinin və Adnan Hacızadənin həbsindən sonra bəzi gənclərdə şübhələr var idi.
FACE-in ilk forumu, məncə, onları aradan qaldıra bildi.
Saf gənclər var, xeyli qədər.
İşləyəcəyik!
P.S. İndiki mərhələdə format o qədər də önəmli deyil. Ünsiyyət daha vacibdir.
Friday, March 19, 2010
Heykəl hekayəni əvəz edə bilməz.
Hər bir hakimiyyətin, təsisatın, qrupun əsas məsələsi qrupdaxili sədaqətdir. Əsl sədaqət müəyyən bir hekayənin üzərində qurula bilir ancaq. Sözün kökündə “səda” kəlməsi söylənilən hekayənin inandırıcılıq dərəcəsindən asılı olan cavab yanaşmasına işarə edir.
Hekayənin olmaması sistemin daxilində etimadlı münasibətlərin formalaşmasını əngəlləyir. Etimad tabeçiliyin gücləndirilməsi ilə düzələn məsələ deyil. Əksinə, nəzarətin artırılması etimadın azalmasından xəbər verir. Müxtəlif məcburedici vasitələr ünsiyyətin üfüqi sıxlığına mane olur. İnsanlar iş birliyi, əməkdaşlıq əvəzinə şaquli göstərişlərə baxmağa meyl edirlər.
Etimadın formalaşması üçün nizamlayıcı ideallar lazımdır. Həmin idealların dürüst nəql olunması vacibdir. Nəql edilmiş ideallar nağıl anlamına gəlir. Siyasi ideologiyaların hamısı nağıl şəklindədir. Nağılların üçtəyyinatlı təsiri olur: keçmişin izahı, bugünün izharı, gələcəyin intizarı. Bunun üçün nəql edilən idealların zamana, məkana və şəxslərə bağlılığı olmamalıdır. İndiki iqtidarın belə idealları olmadığı üçün hekayəsini qura bilmir.
Siyasi hekayə hakimiyyətlə cəmiyyət arasında, eləcə də hakimiyyət daxilində etimadlı ünsiyyətin təşkili üçün çox vacibdir. İqtidarın özü də bunu yaxşı anlayır, amma idealları olmadığına görə hekayəsini təbliğat şəklinə salmalı olur. Heykəllər, şüarlar, "analoqu olmayan inkişaf" haqqında nitqlər - hekayənin olmamasını tarazlışdırmaq üçün sistemin istifadə etməyə çalışdığı təbliğat vasitələridir.
Təbliğat mütləq birtərəfli məlumatlardan ibarət olduğuna görə ünsiyyət qurmağa qadir deyil. Təbliğatın birtərəfliyinə həmçinin fərqli məlumatların boğulması ilə nail olunur. Hər bir nağıl müəyyən dərəcədə yalandır. Yalan, ibrətamizdirsə, yaxşı şeyləri öyrədə, yaxşı şeylərə vadar edə bilər. Amma təbliğat sadəcə yalan deyil, aldatmaq cəhdi anlamına gəlir. Ona görə də heç nəyə vadar edə bilmir, ancaq çəkindirir, həvəsdən salır, ikrah hissi doğurur.
Ünsiyyətin mümkünsüzlüyü təbliğatın məzmununu xeyli dərəcədə kasıblaşdırır. Buna görə də təbliğat eyni şeylərin dəfələrlə təkrarlanması üzərində qurulmalı olur. Dəfələrlə təkrarlanan şeylər ancaq hakimiyyət sisteminin içindəkilərinə ünvanlana bilir, çünki təbliğatın sistemdənkənar təsiri olmur. Bunu yaxşı anlayan sistem daim genişlənməyə doğru inkişaf etməyə məhkumdur. Nəticədə totalitar meyllər güclənir, sistemin çalışması üçün lazım olmayan çevrələr də əhatəyə alınır, nəzarət iddiaları ilə təsir imkanları tərs mütənasiblik halına gəlir. Səmərəsizlik sistemin mövcudluğuna təhlükə törədə biləcək dərəcədə artmağa başlayır.
Totalitar meyllərin güclənməsi nəticəsində açıq ideoloji rəqabətə yer qalmır. İdeoloji çəkişmələrin aparıla biləcək yerlər qapadılır və ya qapanmağa sövq edilir (məsələn, küçələr, meydanlar, siyasi partiyalar, kütləvi məlumat vasitələri, akademik və incəsənət çevrələri, peşə və maraq birlikləri, və s.). İdeologiyalar utopiya halını alır (“utopia” yunan dilindən “yersiz” kimi tərcümə olunur). Bunun nəticəsi isə insanların maddi faktlarla ideal məqsədlər arasında bağlantı qura bilməmələrində təzahür edir. Heç bir təbliğat belə mühitdə təsirli olası deyil. Deməli, təbliğat idealların nəql olunması üçün yaramır.
İdeologiyaların yersiz (utopiya) halına salınması nəticəsində “dünən – bugün – sabah” zaman üçlüyü anlamsız olur. “Bugün” haqqında yeganə doğru təsvirin mümkünlüyünü təlqin edənlər “dünən” haqqında müxtəlif təfsirləri qəbul edə bilməzlər. Keçmişdə baş verənlərin bəzilərinə bügünə ayaq açmağa qoymuyasıdırlar. Unutdura bilmədiklərini əhəmiyyətsizləşdirməyə çalışasıdırlar. Bunun nəticəsində paralellər kimi kəsişməyən zaman müstəviləri, uzlaşmayan zaman duyumları formalaşır.
Mövqeyini təbliğat vasitəsilə sadəlövhcəsinə bərkitməyə çalışan iqtidar cəmiyyətin iki ritorik düşərgəyə bölünməsini şərtləndirir: tərifləyənlər və tənqid edənlər. Bu düşərgələr arasında ünsiyyətin mümkünsüzlüyü ucbatından onların içində ifrata varan çevrələr də inkişaf edə bilir: müvafiq olaraq – yaltaqlananlar və söyənlər. Qarşılıqlı tanımamazlıq ideoloji töhvə vermək bacarığının yaranmasına imkan vermir. Bunun acısını isə bütün cəmiyyət çəkməli olur. Qısadüşüncəlik, gerizəkalılıq və zehni qısırlıq genişmiqyaslı hal alır.
Alman fiziki Werner Heisenberg’in kəşf etdiyi qeyri-müəyyənlik prinsipinə görə mövqenin və zamanın bilinməsi arasında tərs mütənasiblik əlaqəsi var. Yəni, onları eyni dərəcədə bilmək, eyni dəqiqliklə ölçmək olmur. Başqa sözlə, mövqe müəyyənləşdikcə zaman qaçırılır. Göründüyü qədərilə, bu prinsipin keçərliyi yalnız kvant fizikası ilə məhdudlaşmır.
Cəmiyyətdəki düşərgələrin mövqelərini müəyyənləşdirməyə başı qarışdığı halda çoxlu zaman fürsətlərinin qaçırıldığı bir yana, hansı zəmanədə yaşadığımız da tam aydınlaşmayıb, deyəsən. Məsələn, götürək elə iqtidar təbliğatının Heydər Əliyevi “ümumilli lider”, “xalqın xilaskarı” kimi təlqin etmək cəhdlərini. Nə problem görmək olur burada? Bir tərəfdən belə təbliğat yalnız keçmişəyönəlik olmağa məhkumdur, digər tərəfdən isə onun təsviri hissəsi təfsiri hissəsi ilə uzlaşa bilmir.
Keçmişəyönəliyin problemi ondadır ki, indiki zamanla bağlantı qurmaq, gələcəyə ümid oyatmaq alınmır. Belə təbliğat keçmiş zamanı qorxuducu bir mənzərə kimi təsvir etməli olur. Bu əhvalda söylənilənlərin nəticəsində cəmiyyət öz keçmişindən ibrət ala bilmir, yadlaşır və yadırğayır. Təsvirlə təfsirin uzlaşmaması isə inandırıcı hekayə quruculuğunu əngəlləyir. Məsələn, NKVD zabiti, KGB generalı, Politbüro üzvü olmuş Heydər Əliyevin “sovet rejimində dissident olduğu”, “hələ ötən əsrin 70-ci illərində SSRİ-nin çökəcəyini bilib, Azərbaycanın gələcəkdə müstəqil olması uğrunda çalışdığı” söylənilirsə, burada təsvirlə təfsirin kəskin şəkildə uzlaşmadığı aydın görünür.
Uzlaşmanı yarada bilməyən iqtidar təsəllisini mövqeyini mərasimləşdirməkdə tapmağa çalışır. Amma mərasimləri də keçmışəyönəlikdir, bugünü izah edə, gələcəyə yol göstərə bilmir. Heydər Əliyevin NKVD-KGB keçmişi və Sov.İKP fəallığı üzərində müstəqil Azərbaycanın öndərlik rəmzini təsvir etmək alınmır. Buna görə də Azərbaycanın həm 1918-ci ildə Rusiya İmperiyasından, həm də 1991-ci ildə SSRİ-dən müstəqillik qazanması əhəmiyyətsizləşdirilməyə çalışılır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları anılmır, onların gələcəyə yönəlik baxışları tanıdılmır. 1991-ci ildə isə müstəqillik qazanmağımızda Azərbaycan Xalq Cəbhəsinin rolu aşağılanır.
Hər il yanvarın 20-də Milli Hüzn Günü qeyd olunur. Söz yox, böyül faciə idi. Amma onun anlamı nə? Anlamı isə 18 oktyabrda! 18 Oktyabrsız 20 Yanvarın heç bir ibrəti yoxdur. 18 oktyabr isə artıq neçənci ildir ki, dövlət səviyyəsində ona layiq şəkildə anılmır. SSRİ-dən qurtulduğumuz gün unutdurulur, əvəzində “15 iyun qurtuluşu” təlqin olunur. 15 iyuna gedən yol isə 14 iyuldan keçdiyi üçün, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldiyi günü də mərasimləşdirmək lazım olur. 14 iyuldan öncə isə 10 may var.
Beləliklə, indiki iqtidar cəmiyyətimizin siyasi təqvimini ibrətamiz hekayədən məhrum etməli olur. Çünki iqtidarın belə bir hekayəsi yoxdur. Heykəl isə hekayəni əvəz edəsi deyil.
Wednesday, March 17, 2010
İbrahim'sizlik
İbrahim Bayandurlu!
İlk dəfə 1987-ci ildə tanış olmuşduq.
23 illik bir dostluğun təqvimi bitdi dünən.
İbrahim Bayandurlu vəfat etdi.
Dünən dəfn etdik İbrahimi.
İbrahim Bayandurlu çox ziddiyyətli adam idi.
Həyatı ölümlə zarafat edəcək dərəcədə sevirdi.
Həyatı sevərək Türkiyədəki təhsili buraxdı Qarabağ savaşına getdi.
Həyatı sevərək Şuşa uğrunda döyüşlərin birində (1992-ci ilin aprelin 29-da) baş nahiyəsindən ağır yaralandı.
Rəhmətlik Prezident Əbülfəz Elçibəyin sərəncamı ilə dövlət hesabına Almaniyada əməliyyat olundu.
İbrahimin alt çənəsi tamamən dağıdılmışdı.
7.62 çaplı bir güllənin çənəyə dəyməsini təsəvvür edin!
Ayağından sümük götürülərək yamaq bir alt çənə qoydular İbrahimə.
Çənəsi ömrünün sonuna qədər əziyyət verdi ona.
Tələffüz problemi bir yana, kəskin beyin ağrıları və yüksək təzyiqlə yaşamalı oldu İbrahim.
İbrahim həyatı və ünsiyyəti çox sevirdi!
Həyatı sevdiyinə görə ölkəmizin azad və demokratik ola bilməsi üçün bacardığını edirdi.
Həqiqətə iddia etmədən haqlı olmağa çalışırdı.
İnsanlarla ünsiyyəti həm sevir, həm də bacarırdı.
Nöqsanlı hesab oluna biləcək heç bir keyfiyyətini gizlətmədən açılırdı adamın üzünə.
Səmimi idi çünki.
Özünü-ifşadan və özünü-kəşfdən qorxamayan birisi idi İbrahim.
Jurnalist və siyasi şərhçi olmağına baxmayaraq, obyektivizm və metodolgiya pərdəsi arxasında gizlənmirdi.
Zəmanə açıqlığı tələb edir!
İbrahim də əqidəsini, mövqeyini və niyyətini açıq ifadə etməyi bacaran idi.
Hər il mayın 8-də Şəhidlər Xiyabanında uyuyan batalyon komandiri, Milli Qəhrəman, Ramiz Qəmbərovun qəbrini ziyarət edirdik.
İbrahim Ramiz Qəmbərovun batalyonunda vuruşub.
Bir dəfə qışda getdik Ramizin qəbri üstə.
Çox soyuq idi, güclü qar yağırdı.
Doğrusu, həmin gün qəbrin ziyarətinə getməyi heç münasib saymırdım, amma İbrahim təkid etdi və biz getdik.
Qəbrin üstünü qar örtmüşdü.
Qəbir daşını qardan təmizləməyə yenicə başlamışdıq ki, İbrahim ağlamağa başladı.
İlk dəfə idi onu ağlayan gördüm. Hönkür-hönkür ağlayırdı.
Nə onda, nə də sonra bu ağlamağı müzakirə etmədik.
Nə deyəsən axı, sözsüz də hər şey aydın idi.
İbrahim vəfat etmiş batalyon komandirinin məzarı üstə ağlayacaq qədər bağlı idi Vətəninə.
Demokratik dəyərlərə də eyni güclə bağlı idi.
Ailəlikcə belə idilər onlar.
Keçən il İbrahimin anası vəfat etmişdi.
İbrahim hələ anasının ili heç çixmadan dünyasını dəyişdi.
Anasının vəfatı tükətdi onu.
Anası kimi həyatsevər İbrahim anasının vəfatından sonra həyatdan küsmüşdü sanki.
Ответственность не возлагают, а берут.
Я щупаю полнеющий живот,
Десятый класс, и птичья суета.
Monday, March 15, 2010
Bir ümidin ibrəti...
Paşa dayının 75 yaşı var.
Böyrəkləri qanı təmizləyə bilməyəcək dərəcədə zəifləyiblər.
Paşa dayının qanı zəhərlənməməsi üçün hemodializə ehtiyacı var.
"Hemodializ" qanın böyrəkdənkənar təmizlənməsi əməliyyatına deyilir.
Bu əməliyyat zamanı qan süni yolla bədəndən çıxarılır, süni süzgəcdən (süni böyrəkdən) keçərilərək təmizlənir və yenidən bədənə qaytarılır.
Əməliyyat 4-5 saat davam edir.
Paşa dayı həftədə 3 dəfə hemodializ olunur.
Bu, hər həftə toplam 12-15 saat əməliyyat altında olmaq deməkdir.
Elə günlər olurdu ki, Paşa dayı bu cür ağır əməliyyatdan sonra evdə yatmaq əvəzinə oğlu Eminin məhkəməsinə gəlirdi.
Süni böyrəyin təmizlədiyi qanı saxta məhkəmə yenidən zəhərləyirdi.
Saxta məhkəmənin zəhərlədiyi qanı isə tibbi yolla təmizləmək mümkün deyil.
Paşa dayı qoca, xəstə, amma çox güclü adamdır.
Hər dəfə əməliyyata gedəndə Eminin şərəflə azadlığa çıxacağı haqqında düşünür və bu ümidlə özünü yaşadır.
Tibb və məhkəmə sistemlərinin verə bilməyəcəkləri ümidi Paşa dayı oğlu Eminin ona söylədiyi sözlərdə tapır.
Eminin söylədiklərini bu gün də boş-boş şeylər olduğunu hesab edənlərə 75 yaşlı, böyrəkləri çalışmayan bir kişinin ümidlənməsini görmələri tövsiyyə olunur.
Bu, bir atanın oğluna bəslədiyi ümid deyil.
Bu, ağır xəstə olan yaşlı bir adamın savadlı və sağlam gənclərin nahaq həbsinə etirazdan doğan həyat mübarizəsidir.
Eminin və Adnanın həbsdə olduqları 8 ay ərzində Paşa dayının bir dəfə də olsun gileyləndiyini görmədim.
Adam ölümlə mübarizə edir, böyrək sistemi hər an iflic ola bilər.
Buna baxmayaraq, çoxlarımız üçün iflic olması şübhə doğurmayan məhkəmə sistemindən ümidlərini kəsmir.
Sağlam məntiqlə qavranılması mümkün olmayan bir ümid!
Amma ağır xəstəni yaşadan bir ümid!
Görünür, sağlam adamın bunu anlaması mümkün deyil.
Körpə balalarını hemodializə gətirən gənc valideynlərin ümid dolu gözlərini gördüm, Paşa dayının növbəti əməliyyatdan çıxmasını gözləyərkən.
Hələ valideyn olmaq səadətinə qovuşmayan, amma artıq hemodializsiz yaşaya bilməyən gənc qız və oğlanların nə zamansa valideyn ola biləcəklərinə ümid etdiklərini duydum, Paşa dayının çıxmasını gözləyərkən.
Həkimlərin və hakimlərin verə bilməyəcəkləri ümidin qaynağı nə ola bilər axı?
Bu suala cavabın mümkünlüyünü təsəvvür etmək belə çox yorucudur, adam boşalırmış kimi hiss edir özünü.
Həftədə 3 dəfə toplam 12-15 saat ərzində Paşa dayının bədəni qandan boşaldılır və yenidən qanla doldurulur.
Çox ağır təcrübədir, adamı tükədir.
Paşa dayı isə tükənmir, onun ürəyi vurduğu hər an oğlu Eminin həbsdə olduğu anları azaldır.
Artıq 8 ay həbsdə olan Eminin daha 22 ay həbsdə olacağı nəzərdə tutulur.
22 ay 88 həftə deməkdir.
Paşa dayı üçün 88 həftə 264 hemodializ əməliyyatı deməkdir, yəni toplam 1056 saatdan - 1320 saatadək qantəmizləmə əməliyyatı!